• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezident İlham Əliyev Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib

May 27, 2023

Loading

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub.

“Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı.

Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.Foto

Prezident İlham Əliyev Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib
Prezident İlham Əliyev Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib
Prezident İlham Əliyev Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib
Prezident İlham Əliyev Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »