• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun ərazi bölgüsünə dair təklif edilən dəyişikliyin səbəbi açıqlanıb

Noy 27, 2023

Loading

Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə təklif edilən dəyişikliklərin səbəbi açıqlanıb.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib ki, hazırda azad edilmiş ərazilərin Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün aparılan irimiqyaslı quruculuq işləri həmin rayonlarda ərazilərin planlaşdırılması və istifadəsi, bu ərazilərdə yaşayan və məskunlaşacaq əhalinin dövlət idarəçiliyinə əlçatanlığının təşkilini şərtləndirir.

Komitə sədri bildirib ki, həmin rayonların inzibati ərazi quruluşunda bəzi kənd ərazi vahidlərinin inzibati tabeliyi dəyişdirilərək onların faktiki yerləşdiyi rayonların inzibati ərazi bölgüsünə daxil edilməsindən, sərhədlərinin dəyişdirilməsindən və ya ləğv edilməsindən ibarət dəyişikliklərin edilməsi zərurəti yaranır.

Qeyd edək ki, layihəyə əsasən,

– Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi:

– Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə verilməsi;

– Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin 139 ha ərazinin Xocavənd rayonunun inzibati ərazisinə verilməsi;

– Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsinin Ağdam rayonunun inzibati ərazisinə verilməsi;

– Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 ha torpaq sahəsinin Qubadlı rayonunun inzibati ərazisinə verilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »