• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Rüşvətxorluq, Korrupsuya, Vicdansızlıq” sosial, realist və fəlsəfi anlamda…

Yan 20, 2024

Loading

ÖN SÖZ

Müstəqil AzərbaycanRespublikasının demokratik və hüquqi dövlət quruculuğu yoluna qədəm qoyduğu ilk günlərdən başlayaraq dövlətin qarşısında duran əsas məsələlərdən biri də ölkənin qanunvericilik bazasının yaradılması, inkişaf etdirilməsi, təkmilləşdirilməsi və bu qanunlardan cinayətkarlıqla mübarizədə səmərəli istifadə edilməsidirAzərbaycan Respublikasında əsaslı şəkildə aparılan islahatlar ölkəhəyatının bütün sahələrini əhatə edir. Bu islahatlar dövlətin hüquq siyasətindən də yan keçməmişdir. Ölkənin hüquq sisteminin təkmilləşdirilməsi ümumdövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Qanunçuluğun və hüquq qaydasının təmin edilməsi dövlət tərəfindən həyata keçirilən tədbirlərin qeniş dairəsini əhatə edir. Bu növ tədbirlərdən biri cinayətkarlıqla uğurlu mübarizə aparmaq istiqamətindəqanunçuluğun möhkəmləndirilməsi və qanunların gücündən səmərəli istifadə etməkdir. Bu mənada Azərbaycan Respublikasında və İran İslam Respublikasında aparılan hüquq islahatları nəticəsində, müvafiq olaraq, 30 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının yeni qəbul edilmiş Cinayət Məcəlləsinin və 1990-cı illərin əvvəllərində cinayət hüququnda aparılan islahatlar nəticəsində vahid məcəllələşdirilmiş akt kimi İran İslam Respublikasının İslam Cinayət Cəzaları Qanununun qəbulunun mühum rolu vardır. Korrupsiya cinayətləri dedikdə, dövlət hakimiyyətinin və dövlət qulluğunun nüfuzuna və digər qanuni maraqlarına bilavasitə qəsd edən, dövlət və yerli özünüidarə orqanları qulluqçuları və ya həmin orqanlarda digər vəzifə tutan şəxslər, yaxud kommersiya və ya qeyri-kommersiya təşkilatlarının qulluqçuları tərəfindən hər hansı rifahların hüquqazidd alınmasında və ya həmin rifahların hüquqazidd verilməsində ifadə olunan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan ictimai təhlükəli əməllər başa düşülür. Qeyd edək ki, rüşvətxorluqla bağlı problem yeni deyildir və onun yaxın gələcəkdə tamamilə həll edilməsi də mümkünsüz görünür. Buna görərüşvətxorluqla bağlı problemin tədqiqi həmişə aktual olmuşdur və aktual olaraq qalmaqdadır. Bundan əlavə, Azərbaycan Respublikası və İran İslam Respublikasının cinayət qanunvericiliyinin rüşvətxorluğa görə məsuliyyət müəyyən edən normalarının mükəmməl olmaması onların praktikada tətbiqi işinə mənfi təsir göstərilməsini labüd edir. Bu növ əməllərin tövsifi ilə bağlı praktikada səhvlərə yol verilməsinə də rast gəlinir. Belə vəziyyətin aradan qaldırılması müfəssəl və geniş tədqiqat işləri əsasında cinayət qanunvericiliyinin mövcud qüsurlarının aradan qaldırılaraq onun təkmilləşdirilməsi üzrə təkliflərin işlənib-hazırlanması və onların qanunvericilik qaydasında nəzərə alınması yolu ilə mümkündür…!

ƏSAS HİSSƏ

Korrupsiya hərfi mənada götürsək— dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir.Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları heçə sayıb bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmen rüşvət cinayətinə aiddir. Başqa sözlə Korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirirlər.Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası həyata keçirir.Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər(edirlərmi?);

mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

vergitutma obyekti olan əmlakı barədə;

kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;

şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

Demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlət və cəmiyyətin qarşıya qoyduğu əsas məqsədlərdən biri də korrupsiyaya qarşı effektiv mübarizə aparmaqdır. Bu mübarizə təkcə korrupsiyanın geniş yayılmasına şərait yaradan halların aşkar edilməsi və qarşısının alınması üsulları ilə məhdudlaşmır, eyni zamanda özündə etik olmayan və qəbuledilməz davranışların aradan qaldırılması metodlarını da ehtiva edir.Korrupsiyaya qarşı mübarizənin vəziyyətinin və müvafiq proqramların məqsəd və  vəzifələrinin müəyyən edilməsində,  eləcə də bu istiqamətlərdə fəaliyyətin nəticələrinin formalaşmasında korrupsiya risklərinin idarə edilməsinin böyük əhəmiyyəti vardır.Korrupsiya anlayışı təcrübədə daha çox “vəzifədən şəxsi mənfəət üçün suiistifadə”, “vəzifəli şəxslərin (təyin edilmiş və ya seçilən) özəl maliyyə və ya digər qazanc əldə etmək səlahiyyətlərindən aktiv və ya passiv sui-istifadə” kimi mənalarda qəbul edildiyinə görə dövlət orqanlarında korrupsiya risklərinin qiymətləndirilməsi təcrübəsi geniş yayılmışdır. “Korrupsiya” və “korrupsiya riski” anlayışları bir-birindən

fərqləndirilməlidir. Belə ki, “korrupsiya” artıq baş vermiş hüquq pozuntusunu nəzərdə tutsa da, “korrupsiya riski” korrupsiya cinayətinin baş vermə potensialıdır.  Qanunvericiliyin formal şəkildə tətbiqi korrupsiyaya qarşı mübarizədə yetərli vasitə olmadığı üçün bu sahədə metodologiyanın qəbul edilməsi dövlət və özəl qurumlarda daha effektiv idarəetmənin və funksiyaların yerinə yetirilməsinə kömək edir. Bu isə mürəkkəb prosedurları sadələşdirmək, əməkdaşların məsuliyyətliyini və hesabatlılığını artırmaq, əməliyyatların şəffaflığını yüksəltmək, əməkdaşların xidməti bacarıqlarını və etik davranış qaydalarına riayət etməsini gücləndirmək, standartlar yaratmaq, təhsil, effektiv daxili nəzarət təşkil etmək, diskresion səlahiyyətləri azaltmaq, effektiv olmayan qayda və praktikaları ləğv etmək və s. üsullarla mümkündür.  Risklərin müəyyən edilməsi – mövcud risklərin siyahısının tərtib edilməsi və  qeydə alınması prosesidir. Bu mərhələnin məqsədi – risklərin əhatəli siyahısının tərtib edilməsidir. Odur ki, risklərin tam siyahısının müəyyən edilməsi və məlumat toplanılması prosesi son dərəcə vacibdir.  Təcrübədə həm beynəlxalq təşkilatlar, həm də dövlətlər tərəfindən korrupsiya risklərinin və risk amillərinin ilkin siyahısının tərtib edilmə metodları müxtəlifdir. Bu metodlara birbaşa müşahidələr (direct observation), əməkdaşlar və ya vətəndaşlar arasında sorğular (surveys, questionnaries), müsahibələr (interviews), keçmişdə olmuş hadisələrin və ya halların statistik təhlili (case studies and analysis), dövlət qurumları və ya araşdırma institutları tərəfindən müəyyən edilən məlumatların analizi (indicator analysis), ekspertlər arasında kollektiv müzakirə (brainstorming), əməkdaş qrupları tərəfindən əldə edilmiş məlumatların analizi, dövlət qurumlarının öz riskləri barədəqiymətləndirilməsi ilə bağlı gəldiyi nəticələrin qiymətləndirilməsi yolu və s. aiddir. Metodların seçimi ilə bağlı ölkələr və beynəlxalq qurumlar arasında fərqli yanaşmalar ola bilər. Beynəlxalq qurumlardan, məsələn Avropa Birliyi məmurların fəaliyyətində “korrupsiya yaradan” amilləri müəyyənləşdirmək üçün ölkələri aşağıdakı ümumi mexanizmlərdən istifadə etməyə dəvət edir: fəaliyyətlərin birbaşa müşahidə metodları, səlahiyyətlərin təhlili, sorğu və müsahibələr.  Ümumiyyətlə, bu metodologiya hər-hansı bir qurumun yetərincə müvafiq texniki bacarıqlara malik olan əməkdaşlarının olmaması və ya digər hər hansı əsaslı səbəbdən özünün risk qiymətləndirməsini apara bilməyəcəyi qərarını anlayışla qarşılamaqdadır. Odur ki, institusional qiymətləndirmə çərçivəsində təklif olunan metodlar həm ölkə daxilindəki dövlət qurumları tərəfindən özünü qiymətləndirmə yolu ilə, həm də yerli və ya beynəlxalq təşkilatlar tərəfindən xarici qiymətləndirmə zamanı həyata keçirilə bilər. Başqa sözlə, korrupsiya risk qiymətləndirmələri zəruri təcrübəyə malik olan hər hansı bir idarədən kənar müəssisə tərəfindən də aparıla bilər. Bundan əlavə, korrupsiya risklərinin qiymətləndirilməsi prosesi hər-hansı qurumda aparılan araşdırma (təhqiqat) ilə səhv salınmamalıdır. Əks halda, prosesdə iştirak edəcək əməkdaşlarda bu çəkindiriciliyə səbəb olmaqla, “qeyri-səmimi”liyə gətirib çıxaracaqdır. Bu cür vəziyyətdə ən yaxşı üsul əməkdaşlara risk qiymətləndirməsinin məqsədi və gözlənilən nəticələri barədə qabaqcadan aydın və ətraflı məlumat verməkdir.  Bəşəriyyət yaranandan və inkişaf etdiyi dövrdən etibarən sosial və mənəvi problemlərin xaraktersitikası aparıldı. İnsanlıq qədim neandertallardan Homo-Sapiens dövrünə və ondan sonrakı post texnologiya çağına daxil olduqda inkişaf həm də reqressiya ilə müşahidə edildi. Samuel Hantinqton hesab edirdi ki, təkamül eyni zamanda geri dönüşdür. Harda inkişaf varsa orda həm də mənəvi problemlər var. Harda irəliyə doğru irəlilələmək mövcuddursa sistemin elementləri xaotiklik də yaradır. Yuval Noah Harari hesab edirdi ki, inkişaf bir növ həm də problemlərin qaynağıdır. Məsələn, elmi-texniki inqilab insan təfəkkürünün sərhədlərini sıxışdırdı. İnsanlar üçün daha ali prinsiplər müəyyənləşdirilsə də silahlar daha çox istehsal edildi, nəticədə dünyaya insan hüquqlarından moizə oxuyanlar başqa coğrafiyaları qarışdırıraraq oralarda görünən və görünməyən bir çox silahları tətbiq etdilər.  Bəs gəlin görək sadalanan hallara riayət olunurmu və yaxud hesabat tələb edən, eyni zamanda hesabat verən varmı?! İstənilən vəzifəni yerinə yetirmək üçün dövlət tərəfindən müəyyən edilmiş konkret əmək haqqı təyin edilir və bu inflyasiyanın artımına görə tənzimlənir. Ancaq vəzifəli şəxsin sahib olduğu əmlak və mülklər onun illik gəlirinin yüz misli qədərindən çoxdur. Bu hesabatı aparmaq üçün konkret olaraq bir mexanizm varmı, ya da varsa bu həyata keçirilirmi?! Əksər hallarda korrupsiya edənlə onu yoxlamalı olan qurumlar əlbir olduğu üçün mövcud problemin həlli mümkün olmur.  İstənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanın əksər ölkələrini narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Lakin təyin edilmiş kadrlar bu işin öhdəsindən gələ bilmir, ya da gəlmək istəmir. Korrupsiya sanki virusdur ki, onu yoxlamağa gələnidə öz çirkabına bulandırır. Hesab edirəm ki, bu məsələnin şüurlu şəkildə həll edilməsi lazımdır ki, bu da psixoloji-fəlsəfi-ideoloji-mənəvi sosial nəzəriyyələrin beyinlərə həkk edilməsini gərəkdirir. Vəzifəli şəxsin öncəliklə vicdanlı yetişməsini, əxlaqın, ləyaqətin, hümanistliyin, mənəvi saflığın hər şeydən uca olduğunu istər şüurlu, istər təhtəlşüur olaraq dərk edərək yetişməsinin laboratoriyası hazırlanmalıdır. Çünki müasir cəmiyyətimizdə artıq xroniki xəstəliyə çevrilmiş bu halın ortadan qaldırılması olduqca çətindir,lakin mümkünsüz deyildir.Yaxın qohumların birgə işləməsinə yol verilməməsi Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.Tələbləri pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həminpozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Bu məsələ zamana və məkana görə dəyişdiyi üçün, nisbilik kimidə xarakterizə oluna bilər. İnsanların yaşadıqları inzibati vahidlərin miqyasına görə bu məsələ dəyişə bilər. Ümumiyyətlə bu məsələyə birmənalı olaraq yanaşmanı məqbul hesab etmək normal deyildir. Korrupsiya mənəvi deqradasiyanın elementidir. Onun hüquqi problematikası yaxud qanunsuzluq prizmasından şərhi kifayət qədər aydındır. Amma qlobal cinayətkarlıq hələ də korrupsiya ilə zənginləşməyə davam edir. Eyni zamanda problemin mahiyyəti bizdən dəqiq mövqelər tələb edir. Əxlaq, vicdan və digər mənəvi kriteriyalar harda dayanır bu məqamda?

Frensis Bekon- təkcə fəlsəfə tarixinə yeni çalarlar qatan dahi filosof deyildi, o, həm də, böyük mütəfəkkir, güclü fikir adamı və tarixə yön verən elm nəzəriyyəçisi idi. Amma… Onu maraqlı edən həm də orijinal baxışlarının olmağı və özünəməxsus reaksiyaları idi. Yeni Atlantida”, “Biliyin İnkişafı” kimi əsərləri yazan fikir adamı həm də 16-cı əsrin sonlarına doğru siyasi proseslərin də aparıcı qüvvəsi idi. Maraqlı olan odur ki, beyin gücü və intellektin “həcmi” ndən asılı olmayaraq sarayda müxtəlif vəzifələrdə çalışan Bekon həm də çoxlu hədiyyələr və rüşvət alırdı. Nəhayət, ona qarşı istintaq başladıldı; O, hakimlərə əfv üçün yalvardı, amma mühakimə olunmaqdan və bütün vəzifələrini itirməkdən qaça bilmədi. Kral onu bağışladı, Bekon öz küncündə təqaüdə çıxdı və pensiyası ilə yaşamağa başladı. Bu andan o, özünü elmi tədqiqatlara həsr etdi.  Bekonun məhkəmənin qərarı ilə bağlı çıxışı məşhurdur. Fəlsəfəsindən başqa bir şey qalmayan Bekon çarəsiz, acı bir özünütənqid yolunu tutaraq əsrlərə sığan bir çıxış edir: “Rüşvətxorluğu müdafiə etməkdənsə, rüşvət verən olmağı üstün tuturam. Əlli ildir ki, mən İngiltərənin ən ədalətli adamı olmuşam. Amma Parlament 200 il ərzində mənimlə bağlı verdiyi qərar qədər düzgün qərar verməyib”. Bekon əslində göstərdi ki, mənəvi problemlər hüquqi sıxıntıların ilk bazisidir. Deməli bir insanın cəmiyyətdə qazandığı bütün müsbət keyfiyyətlərdən və bəşəriyyətə verdiyi töhfələrdən asılı olmayaraq onun korrupsiyaya bulaşma meyarları həmişə aktual və düşündürücü bir əyrilikdir. Bir sıra beynəlxalq hesablamala görə hətta daha əvvəl korrupsiyaya qarşı mübarizədə ciddi uğurlar edən ölkələrdə də ciddi problemlər var. Özəlliklə pandemiya ilə maübarizə sahəsində xərclərin şəffaflığı son illərin yeni rüşvət indekslərini formalaşdırdı. Hətta tarixən yüksək göstəricilərə malik olan ölkələrdə də tənəzzül əlamətləri müşahidə olunur. Hesablamalara görə son 10 il ərzində 150-dən çox ölkədə ciddi geriləmələr müşahidə edilib. Bir neçə ay əvvəl Aİ ölkələrində korrupsiya ilə bağlı ictimai rəy sorğularında ortaya çıxan nəticələr isə uzun müddət aparılan təbliğatları kökündən sarsıtdı.  Aİ-nin korrupsiyaya qarşı effektiv mübarizə apardığı haqqında aparılan təbliğatlar dezinformasiyadan başqa bir şey deyil. Korrupsiya Aİ vətəndaşları üçün ciddi narahatlıq olaraq qalır: 68% korrupsiyanın onların ölkəsində hələ də geniş yayıldığına inanır. Respondentlərin 74%-nin korrupsiyanın geniş yayıldığına getdikcə daha çox inandığı milli dövlət qurumları diqqət mərkəzindədir, siyasi partiyalar (58%) və yerli, regional və milli siyasətçilər (55%). Eyni zamanda avropalılar korrupsiyaya cinayət kimi baxılması üçün milli səviyyədə görülən tədbirlərə pessimist yanaşırlar. Yalnız azlıq hesab edir ki, korrupsiyaya qarşı tədbirlər qərəzsiz və gizli məqsədlər olmadan tətbiq olunur (37%), insanları korrupsiya əməllərindən çəkindirmək üçün kifayət qədər uğurlu təqiblər var (34%), onların milli hökumətinin korrupsiya ilə mübarizə səyləri effektivdir (31%) və ya öz ölkələrində siyasi partiyaların maliyyələşdirilməsinə kifayət qədər şəffaflıq və nəzarətin olması (31%). Sorğu nəticələri göstərir ki, Aİ vətəndaşları təqdim edilən “güllük-gülüstanlıq” haqqında informasiyaları ciddi hesab etmirlər. ABŞ-da isə hər il bu göstəricilər daha da pisləşir.  Beləliklə, təbliğatın necə olmağından asılı olmayaraq dünyada korrupsiyaya qarşı mübarizədə ciddi problemlər qalmağa davam edir. Dövlətlərin korrupsiyay qarşı mübarizəsi çox vaxt kosmetik olur yaxud əhalidə inam yaratmır. Azərbaycan bu günə qədər korrupsiya ilə mübarizə sahəsində ciddi uğurlar əldə edib. Cənab Prezident tərəfindən korrupsiya ilə mübarizəyə dair önəmli mesajlar verilib. “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır”. Ulu Öndər Heydər Əliyev tərəfindən vaxtı ilə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli və “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 2000-ci il 8 iyun tarixli Fərmanlar imzalanmışdır.  Ulu öndər qeyd edirdi ki, rüşvətxorluq cəmiyyəti içindən yeyir, bu hallara qarşı mübarizə hamının işidir. Son illər bu sahələrdə aparılan ardıcıl islahatlar və əldə olunan müsbət nəticələr dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşdırılmasında mühüm mərhələ olmaqla, iqtisadi potensialın artmasında böyük rol oynamış, ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmiş, əhalinin maddi rifahının yaxşılaşması üçün əsaslı zəmin yaratmışdır. Cənab Prezident tərəfindən korrupsiyaya qarşı aparılan mübarizə ictimai rəydə də özünə böyük inam toplayır. Əhalinin mütləq əksəriyyəti korrupsiya və rüşvıətxorluğa qarşı mübarizəni dəstəkləyir. Lakin bu hallar vicdanla bağlı bir hal olduğu üçün hələ çox uzun bir prosesin gedişindən sonra müsbət nəticə verəcəkdir. İcra başçılarından sonra bəzi regional təhsil idarələrinin bəzi rəhbərləri olanlardan ibrət almayacaq qədər kor olmuş və bir yırtıcadan fərqli olmayacaq qədər özlərini ormanın kralı hesab edirlər. Mən bilən, Azərbaycan tarixində vicdan barəsində indiyəcən ciddi bir araşdırma aparılmayıb və sistemli bir yazı da qələmə alınmayıb. “Vicdan(sızlıq)” özü sadə problem olmadığı üçün, mən də təkcə “vicdan(sızlıq)” anlayışına deyil, ona bağlı başqa suallara da aydınlıq vermək istədiyim üçün onu problem yox, problematika adlandırdım. Vicdanla üç yerdə görüşmək olar: Birinci: hərəkətimizdən qabaq – bu, gözətçilik edən vicdandır; ikinci: prosesin içində – bu, bizə yoldaşlıq edən vicdandır; üçüncü: hərəkətimizdən sonra; bu, bizə hakimlik edən vicdandır. Alman dilində (və beləliklə şüurunda) belə bir söz var: “Gewissenbiss”. Hərfi anlamı vicdan ağrısını başladan, qəflətdən qəfil oyadıcı, sürüdən ayırıcı vicdan dişləməsi (vicdan çimdikləməsi, vicdan bizləməsi) deməkdir. Yuxarıdakı bölgüdə bu, yoldaşlıq edən vicdandır. Belədə, sən səni dişləyib ayıltmış vicdanınla qəfil üz-üzə qalırsan. Bu, diksinmədir, vicdani diksinmə. Yol ayrıcına düşürsən və qərar verməlisən. Prezident çox yaxşı bir yol göstərdi: “Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, özü könüllü şəkildə dövlət işindən istefa verməlidir”. Bəli, mümkündür ki, insan özünü tərbiyə edə, xalqa xidmət göstərmək vərdişinə yiyələnə bilməsin. Beyni sağlam çalışmaq siqnallarını qəbul etməsin. Bu zaman heç olmasa onu başa düşməlidir ki, qara maskalı oğlan gəlib onu da aparacaq, üzüsulu vəzifədən getsin və oğurladıqlarını da dövlətə təhvil versin… Prezidentin apardığı islahatların, kadr və struktur dəyişiklərinin məqsədi daha güclü dövlət və vətəndaşların rifahının yüksəldilməsidir. Koronavirus pandemiyası dövründə insanlar bunu daha aydın şəkildə gördülər ki, dövlət rəhbəri əhalinin daha yaxşı yaşaması, iqtisadi-sosial problemlərin həlli üçün gərəkən nə varsa edir. Bu istiqamətdə milyardlar xərclənir və paralel olaraq da bütün sferalarda islahatlar davam edir. Yaşadığımız cəmiyyətdə mənəviyyatını itirmiş məmurlar üçün özlərini düzəlttmələri üçün sadə bir mesaj göndərək… Sizcə, dövlət başçısı min bir əziyyət hesabına, bəzən ciddi xarici təhdidlərə, “beşinci kolon” un təxribatlarına da sinə gərərək, dəf edərək nail olunan bu böyük nəticəyə kölgə salan və salacaq kimisə bağışlayarmı? Əlbəttə bağışlamaz və mümkün də deyil! Məgər asandırmı bu nəticələri əldə etmək? Məmur dövlətin bu psinsip və davranışlarının mahiyyətini dərk etməlidir. Əgər kiminsə başı bunu dərk edəcək gücdə deyildə, beyni yenə də korrupsiya havasındadırsa, təfəkkürünü dəyişə bilmirsə, deməli, həbsdən başqa yol buraxmır özünə… Son aylarda dövlət başçısının bir məsələyə xüsusi diqqət ayırması, bunu ürək yanğısı ilə vurğulaması da nəzərdən qaçmır. Prezidenti daha çox maraqlandıran kasıbların azalması, yoxsulluğun aradan qaldırılması, aztəminatlıların daha yaxşı yaşamasıdır. Odur ki, bu siyasətə əngəl, mane olanlar xainə bərabər tutulurlar və tutulacaqlar… Ancaq onların beyinləri və vicdanları o qədər korlanıb ki, əxlaq, ləyaqət, mənəviyyat, insanlıq, humanistlik kimi keyfiyyətlər artıq onlar üçün öz leksik mənasını dəyişib. Bu məsələ ümumi sosial məsələ olduğu üçün təkcə ölkə rəhbərinin cəza tədbirləri ilə ortadan qaldırmaq mümkün deyildir. Bütün şüurlu şəkildə cəmiyyətin inkişafı prinsiplərinə bələd olan vətəndaşlar, bu istiqamətdə fəal mübarizə yolunu seçməlidirlər. Təsadüf deyil ki, Qərbdə pedaqoqlar və inkişaf psixoloqları təhsil və tərbiyədə uşaq və gənclərdə vicdanın inkişaf etdirilməsindən danışarkən, onlarda patoloji vicdan ağrısı duymaq həssaslığını, vicdan əzabı çəkmək qabiliyyətini, keşişlərə xas günahkarlıq duyğularını yox, süzgəc kimi vicdan alışqanlığını inkişaf etdirməyə çalışırlar. Vicdan– insan ağlının (əxlaqi) pislə (əxlaqi) yaxşı arasında fərq qoyan bacarığıdır. Yəni vicdan insanın verəcəyi, verdiyi və vermiş olduğu qərarı əxlaqi baxımdan yoxlaması və dəyərləndirməsidir. Bunu etmək düzgündürmü? Bunu düzgün edirəmmi? Bunu düzgün etdimmi? Bu kimi “praktiki ağlın“ (İ.Kant) sualları qarşısında “içimizdə“ daşıdığımız fərdi əxlaqımızla qərar verir, seçim edirik, özümüzə dəyər veririk: ya özümüzdən razı, ya da narazı qalırıq. Burada düzgün olub-olmama bağlanmış olduğumuz əxlaq(ımız) baxımından düzgün olub-olmamadır. Nitsşe- tənqid etdiyi hər bir anlayışa, dəyərə olduğu kimi, vicdanı da tənqid edib ona alternativ qoyub. Bu, “İntellektual Vicdan” dır. “İntellektual Vicdan” haqqında “Şən Elm” əsərində qısaca bəhs edib. Əslində Nitsşenin vicdana bu alternativi haqqında çox az adam bilir, əsasən diqqətli oxucular, Nitsşeçilər tərəfindən bilinir və bu haqqda hərənin bir şərhi var, mən də öz fikrimi bildirəcəm. Mənə görə “İntellektual Vicdan”ı adi kütlə insanının vicdanından fərqləndirən əsas cəhət onun mərhəmətdən arınmasıdır. Kütlə insanı üçün prioritet mərhəmət olduğu halda, üstün fərd üçün prioritet ədalətdir və o, mərhəmətin son nəticədə əslində vicdansızlıq, ədalətsizlik olduğunu çox gözəl anlayır. Kütlə insanı vicdanlı olduqda maksimum problemi görüb ona deyinməklə, şikayət etməklə və ya etiraz etməklə kifayətləndiyi halda, intellektual vicdanlı üstün fərd problemi, xəstəliyi görüb onun həll yolunu, sağalma yolunu tapıb fəaliyyətə keçir, bu xəstəlik çürümə yaratdığı təqdirdə üstün fərd amputasiyadan çəkinmir. Təbii ki, bu kütləyə qəddarlıq, mərhəmətsizlik, “günah” kimi görünə bilər və elə görünür də amma məsələyə sağlam düşüncəylə yanaşdıqda əslində ən ədalətli qərarın bu olduğunu görə bilərik. Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.

Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:

Allah taala buyurmuşdur:

«And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır»!

(əş-Şəms surəsi,7-9)

Yuxarıdakı ayədə Allah nəfsin fücurunu (günaha və üsyana girişmək, fasiq olmaq, yalan danışmaq, qiyam, haqdan üz çevirmək, nizam-intizamı pozmaq, əxlaqi çürümüşlük, təqvanın ziddi, terror hadisələri törədərək insanların qətli) və eyni zamanda ondan qorunmağı ilham etdiyini bildirməkdədir. Bax, insanı pis əməllərdən uzaq tutan və doğru olanı bildirən vicdandır. Vicdanın digər bir xüsusiyyəti də insanın bilavasitə doğru olan şeyi tapmasına kömək etməsidir. Başqalarının köməyinə ehtiyac duymadan vicdan insana doğru yolu göstərəcəkdir, mühüm olan insanın vicdanına müraciət etməsi, ona qulaq asması və onun dediklərini etməsidir. Bu səbəblə deyə bilərik ki, vicdan dinin əsas amillərindən biridir. Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, hər bir insan şüur sahibi olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanın dediklərindən məsuliyyət daşıyır. Ətrafda baş verən hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanmış hər bir insan o andan etibarən vicdanının səsinə qulaq verməli, nəfsin istəkləri ilə vicdanın səsini bir-birindən ayıra biləcək bacarığa sahib olmalı və vicdanla hərəkət edəcək iradəyə sahib olmalıdır. Artıq bundan sonra rastlaşdığı hadısə¬lərə münasibətinə görə haqq-hasab günü məsuliyyət daşıyacaqdır. Vicdanının səsinə qulaq verərək hərəkət edibsə Allahın cənnətinə layiq görüləcək, nəfsinin istəklərinə baş əyibsə, “qapıları bağlanmış” sonsuz bir əzab alovu ilə qarşılanacaqdır.

İslam dinində ədalət heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquqlarının bərabər şəkildə qorunmasını, zorakılıqla barışmadan mübarizə aparılmasını və zalımlarla münasibətdə məzlumların müdafiə edilməsini təbliğ edir. İslamda ali ədalət baş verən hadisələrə qərəzsiz, mərhəmətli, tolerant yanaşmanının göstəricisidir. İslam öz doğmalarına və yaxınlarına, hətta özünə qarşı şahidlik etsə belə müsəlmanı ədaləti bərqərar etməyə çağırır: “Ey iman gətirənlər! (şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz kəs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki,) Allah etdiyiniz əməllərdən xəbərdardır!” (Nisa, 135-ci ayə). Təəssüf ki, dövrümüzdə bəzi cəmiyyətlərdə insanlar rəqibləri kimi gördükləri şəxslərlə münasibətdə ədalətsiz davranış nümayiş etdirirlər. Bu isə öz növbəsində, insanların bir-birinə olan inam və etimadının itməsinə gətirib çıxarmaqla yanaşı, Allahın onların qəlbinə əta etdiyi qarşılıqlı kömək etmək, anlaşmaq, mərhəmət kimi yüksək insani keyfiyyətlərin yox olmasına səbəb olmuşdur.

Şübhəsiz ki, əsl müsəlman olan kəsin hər hansı cəmiyyət və şəxsə bəslədiyi hissləri onun qərarlarının qəbulunda heç bir rol oynamır.  İnsan vicdanının səsini eşidəndə onun dini və ictimai həyatında bu öz təcəssümünü göstərir. Bu keyfiyyət Allaha olan sevgini möhkəmləndirməklə yanaşı, ətrafdakı hər şeyə məhəbbətlə yanaşmağı təlqin edir, pis və mənfi vərdişlərdən uzaqlaşdırır. Qarşılaşdığı bütün situasiyalarda qeyd-şərtsiz vicdanının səsini dinləyən şəxs dini düzgün yaşamış olar. Nəfsilə mübarizə apararaq, hər şəraitdə vicdanlı davranması İslam əxlaqının reallığıdır. Məlumdur ki, vicdanlı birinin ətrafında vicdanlı kəslər olduğu kimi, vicdanına uymayan insanlar da özləri kimilərlə birlikdə olmaya məhkumdurlar. Vicdanın deyil, şəxsi maraq və mənafelərin əsas götürüldüyü çevrə isə son dərəcə etibarsızdır. Bu şəraitdə, belə cəmiyyətin üzvləri böyük maddi-mənəvi sıxıntılar və ümidsizlik yaşayırlar. Bəzən bunun səbəbini heç özləri də bilmirlər. Əlbəttə, bu onların yalnız indiki dünyada yaşadıqları əzab-əziyyətlərdir. Vicdanının əleyhinə gedənlərin axirətdə görəcəkləri isə Quranda belə göstərilir: “O gün Onun edəcəyi əzabı heç kəs edə bilməz! (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!” (Fəcr, 25-26-cı ayələr).

Sonda qeyd edək ki, bütün müsbət keyfiyyətlər kimi vicdan və ədaləti də qırılmaz bağ birləşdirir. Belə ki, vicdanlı insan hər zaman haqqın və ədalətin yanında olacaqdır, ədalətli şəxs də vicdanın hökmüylə hərəkət edəcəkdir. Və eləcə də bunun tam tərsini edəcəkdir əks qütbdə olanlar. Lakin heç kim unutmasın ki, xalqın, dövlətin malını oğurlamaqla öz vicdanlarını, ləyaqətlırini unudur və gələcəklərini və əbədi həyatlatını itirirlər. Yaşadığımız cəmiyyətdə də İlahi Ədalətdən öncə dövlətin qanunları onların boğazlarından yapışaraq “əbədi vicdanın ədalətli hökmü ” ilə çox dar bir məkanda öz vicdansız vicdanları ilə baş başa buraxılacaqlar. Azərbaycan Respublikasının Prezidentinin: Mən hər bir vətəndaşın prezidenti və xalqımın xıdmətçisiyəm şüarı ilə elan etdiyi siyasi iradəsi və qayəsi bunu deməyə, buna inanmağa əsas verir!

NƏTİCƏ

Nəzərə almaq lazımdır ki, rüşvətxorluq nizam-intizamı, qanunulik əxlaqını ciddi şəkildə pozur, dövlət və dövlıtçilik kimi nüqəddəs anlayışlar haqqında mənfi sosial təsəvvür formalaşdırır…

Zaman keçdikcə ölkəni zavala və əxlaqsızlığa doğru aparır. Ümumiyyətlə, rüşvət cəmiyyətin əxlaqı əsaslarını sarsıdır. Rüşvətxorluq və rüşvətin digər əsasları bundan ibarətdir ki, kapital sahibləri öz kapitallarını və sərvətini ölkədən çıxarmağa can atır. Çünki, korrupsiya geniş parametrlər əldə etdikdə daha çox adamlara rüşvət verilir ki, öz işlərini qanuni şəklə, nizamasalsınlar. Bu korrupsiya daha yüksək səviyyəyə çatdıqda isə belə bir atmosferdə xüsusi sektorun fəaliyyəti çətinləşir və ya qeyri-mümkün olur. Ölkənin idarə və inzibati sistemində pozğunluq. Rüşvətxorluğun və rüşvətin başqa fəsadlarından biri budur ki, ölkənin idarəçilik sistemini zəiflədir. İran kimi bir ölkənin idarəçilik sistemi köhnə metodlara malik olduğundan hakim-ağa münasibətləri hökmranlıq edir və ona nəzarət etmək çətin olur. İndi bu sistemə başqa zəif cəhətləri və amilləri də nəzərə alsaq və rüşvəti də ona əlavə etsək ölkənin idarəçilik sistemində nə kimi pozğunluq və problemlər yaradacağı məlum olacaqdır. Əlaqələr qaydaqanunların yerini tutacaq işçilər, məmurlar arasında etimadsızlıq hissiyaranacaq, yuxarıda qeyd olunan amillər əsasən yüksək rütbəli personellə aşağı rütbəli personel arasında, ümumiyyətlə bütün cəmiyyətdə idarəçilik sisteminə etimadsızlıq hissi rüşvət əsasında formalaşacaqdırRüşvət idarəçilik sisteminin inkişafını pozur və dövlət idarəçiliyi üzrə qərar qəbul edilən ibarəçilik mərkəzlərində səriştəsiz, işə yaramayan adamlar arasında bəzən toqquşmalara səbəb olacaq, həmçinin, bacarıqlı, qanuna riayət edən adamların işdən kənarlaşdırılmasına səbəb olacaqdır.Rüşvətxorluq cinayətlərinin qarşısı alınması və mübarizə yolları hal-hazırda yalnız rüşvət, məhkəməyə və ya dövlət məmuruna pul şəklində rüşvət verilməsi əsaslı problem deyildir. Əksinə bu bəlanın parametrləri daha genişdir. Rüşvət cinayəti çox dolaşıq yollarla və geniş parametrlərlə həyata keçirilir, çox şaxəlidir. Hətta beynəlxalq səviyyədə həyata keçirilir. Buna görə də bu fenomenlə mübarizə apararkən yalnız iqtisadi, maliyyə cinayətlərinə hüquqi və fiqhi (şəriət-islam hüquqşünaslığı) nəzərdən baxmaq lazım deyil. Yalnız aşağı, orta səviyyəli dövlət məmurlarının ağır cəzalarla cəzalandırılması ilə onunla mübarizə etmək bir fayda əldə olunmaz, ölkəyə o qədər də fayda verməz. Əksinə belə olduqda rüşvətxorluq şəbəkəsi daha mürəkkəbləşəcək və mafiya şəkli alacaqdır.

ƏDƏBİYYAT SİYAHISI;

 Əlirza Şahmarı “Rüşvətxorluq cinayətləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” Bakı-2015

 A. Əsədov “İngilis fəlsəfəsinin dolğunluğuna dair” Bakı-2008

Məqsəd Səttarov “İnsan və Cəmiyyət haqqında düşümcələr” Bakı-2003

Sakit Hüseynov “Heyder Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsidə rolu” Bakı-2023 Z.Məmmədov “Azərbaycanda Xl-Xll əsrlərdə fəlsəfi fikir” Bakı-1978

 Z.Məmmədov “Seçilmiş əsərləri” Bakı-2015

 Zümrüd Quluzadə “Fəlsəfə tarixi tədqiqat məsələləri” Bakı-1987

 Z.Quluzadə “Antoqonist cəmiyyətdə üst qurumun rolu” Bakı-1970

A.Əsədov “Müsəlman düşüncə tərzi” Bakı-1996

A.Əsədov “Ləyaqət aristokratizimin başlıca əxlaqi sərvəti kimi”Bakı-1996

A.Əsədov “Anqlo-Amerikan fəlsəfəsindən etüdlər,idealın və reallığın münasibətlərinə dair”Bakı-2008

 A.Əsədov “Hakimiyyət və Elm” Bakı-2009

A.Əsədov “Alman fəlsəfəsinin tarixi təkamülü”Bakı-2011

Ə.S.Bayramov, Ə.Ə.Əlizadə”Sosial Psixologiya ” Bakı-2003

Ə.Ə.Əlizadə, Ə.S.Bayramov Psixologiya ” Bakı-2009

B.Mətləb”İslam fəlsəfəsi ilə tanışlıq” Bakı-2005 ƏBİYYAT SİYAHISI;

Kərim Novruzov

Ağdam rayon 95 nömrəli tam orta məktəbin direktoru

20.12.2023

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »