4 mart şəhid Polkovnik leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun dünyaya gəldiyi gündür. Yaşasaydı bu gün 43 yaşını qeyd edəcəkdi. Zaur Cəfərovun mövludu günü münasibətlə ailə üzvləri, qohumları, keçmiş hərbçi yoldaşları, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri, Kəlbəcər Rayon İcra hakimiyyətinin nümayəndələri, Zaur Cəfərovun qızı Zəhranın təhsil aldığı 4 saylı Xankəndi orta məktəbinin 2 b sinfinin şagirdləri, müəllimləri və qohumlarının iştirakı ilə Fəxri Xiyabanda Zaur Cəfərovun məzarı qarşısında tədbir keçirilib.
Zaur Cəfərovun qızı Zəhranın sinif yoldaşları-2 b sinfinin şagirdləri şəhidlər, vətən haqqında maraqlı şeirlər səsləndiriblər. Sinif rəhbəri, birinci Qarabağ müharibəsinin şəhid komandiri, milli qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova çıxış edib. O bildirib ki, Zaur Cəfərov kimi qəhrəmanlarımız torpaqlarımızı azad etməklə xalqın əyilmiş qəddin düzəldiblər və birinci Qarabağ savaşında şəhidlərinin qisasını alıblar. Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəcməddin müəllim isə Zaur Cəfərovun qəhrəmanlıq nümunəsi olduğunu bildirib. Yeni nəslin yetişməsində bu cür qəhrəmanların nümunə olduğundan, dövlətin şəhid ailələrinə diqqətindən söz açıb. Başlıbelin İnkişafına Dəstək Birliyinin sədri Vüqar Həşimov Zaur Cəfərovun başlıbellilərin fəxri və and yeri olduğunu qeyd edib. Sədr müavini Nurəddin Həşimov isə ikinci sinif şagirdlərinin çıxışlarının təsirli və qürurverici olduğunu bildirib. Gənc nəsli Zaur Cəfərov kimi qəhrəmanları unutmamağa çağırıb. Sədr müavini Etibar Ağayev Zaur Cəfərovun ömrünü Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etməyə həsr etdiyindən danışıb. Şəhid polkovnik-leytenantın və bütün şəhidlərimizin ruhuna dualar oxunub. Zaur Cəfərovun Vətənin müdafiəsi, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən, nümayiş etdirdiyi qəhrəmanlıqlardan söz açılıb.
Cəfərov Zaur Hüseyn oğlu 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya gəlib. İbtidai təhsilinə 1986-ci il şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlayıb. 1993-cü il aprel ayının əvvəlləri erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçüb. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurub. Hələ 13 yaşındaykən Ata yurdu, Ana Vətəni Kəlbəcərin işğal olunması, köçkünlük həyatının çətinlikləri, 9 qohumunun Birinci Qarabağ müharibəsində şəhid olması, 49 qohumuna ermənilər tərəfindən mühasirəyə alınaraq 113 gün boyu ağır günlər yaşadılması, onlardan 18-nin ermənilərə dirəniş göstərərkən qətlə yetirilməsi, digər 9 nəfərinin qarlı yollarda şəhid olması, 19 nəfərin isə girov götürülməsi elə uşaq vaxtlarından Zaurda düşmənə nifrəti və hərbiyə marağı artırmışdı. Təəccüblü deyil ki, orta təhsilini uğurla başa vuran Zaur Ali Hərbi Məktəbə daxil olub. Hərbi təhsilini 2001-ci ildə leytenant rütbəsi ilə bitirib.11-22 sentyabr 2000-ci ildə Rumıniya və Türkiyəyə kurs və təlimlərə göndərilib. Azərbaycan Ali Hərbi Məktəbini bitirərək Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə “Raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 01.10.2001-ci il tarixindən 28.07.2002-ci il tarixinə kimi fəaliyyət göstərən zabit ixtisas kursunu müvəffəqiyyətlə bitirib. Xidmətinin böyük bir hissəsi Naxçıvan dağlarında – Əlahiddə Ümumqoşun Ordu Korpusunda keçmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi – divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirib. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0109t №-li 26 iyun 2008-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, 0135t №-li 19 iyul 2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, 26 iyun 2014-cü il tarixli 0199t №-li əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, 0204t №-li əmri ilə isə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunub.
Vətəninin darda olduğunu dərindən dərk edən və işğal altında olan torpaqları azad etmək fikrini ehtiyata buraxılmaqdan üstün tutan Zaur hərbi xidmətini davam etdirmək üçün 2014-cü ilin sentyabr ayında imtahan verərək magistratura səviyyəsi üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 087t №-li 12 may 2016-cı il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış elmi şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə “Hərbi və dövlət müdafiəsini idarəetmə” ixtisasının “Hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilib. Təhsilini bitirdikdən sonra polkovnik-leytenant rütbəsinə yüksəlib və xidmətini Birinci Ordu Korpusunda davam etdirib. Nümunəvi xidmətinə görə qısa bir müddət ərzində diviziya komandiri vəzifəsindən hərbi hissənin qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Komandir yoldaşları onu “Ağır artilleriyanın atası” adlandırırdı. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli 0212t №-li əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, 0164t №-li əmri ilə isə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.
Polkovnik-leytenant Cəfərov 2016-ci il Aprel döyüşləri və 2020-ci il iyul Tovuz döyüşlərində öz əsgərləri ilə birgə səngərdə düşmən həmlələrinə qarşı döyüşüb. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə 2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin 2127 №-li sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib
Zaur Cəfərov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində öz briqadası ilə düşmənə qarşı vuruşub. Çünki 28 ildir gözlədiyi zaman yetişmişdi. Daim irəli can atırdı. Yerə-göyə sığmırdı. Düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı özü idarə edərək qənimət gətirirdi. Dostları Polad Həşimov və İlqar Mirzəyevin, bibisi oğlu şəhid tankçı Yalçın Mustafayevin qisasını almaq üçün bütün hərbi biliyini, bütün imkanlarını, hərbi təcrübəsini səfərbər etmişdi. Bir gün döyüşlərin şiddətli vaxtında xəbər alır ki, qardaşının tələbəsi Ələkbər Ələsgərov şəhid olub. Polkovnik-leytenantımız 22 yaşlı şəhid Ələkbər Ələsgərovun xatirəsini əbədiləşdirmək üçün ağır döyüşlərin getdiyi bir vaxtda düşmən tankını hərbi qənimət kimi ələ keçirib tankın üzərinə şəhidin adını həkk elətdirib və təsəlli üçün şəklini çəkib şəhidin ailəsinə göndərib və Ələkbərin qanının yerdə qalmadığını bildirib. Madagiz-Ağdərə istiqamətində Zaur Cəfərovun rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Həmçinin Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin və Murov dağ silsiləsinin işğalçılardan azad olunmasında müstəsna əmək sərf edib. Şəhadətindən 4 gün öncə oğlu və kiçik qardaşı ilə görüşən şəhidimiz ona dostlarının və bibisi oğlunun qisasını aldığını və tezliklə onları Kəlbəcərin Başlıbel kəndinə, öz dədə-baba yurduna aparacağını bildirib və dəfələrlə inanılmaz vəziyyətlərdən sağ çıxdığı üçün qurban kəsmələrini bildirib. Polkovnik-leytenant Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək qəhrəmancasına şəhid olub.
Oktyabrın 19-da polkovnik-leytenant Zaur Cəfərovun nəşi əvvəlcə valideynlərinin yaşadığı Bakı şəhəri Yeni Ramana qəsəbəsinə gətirilib. Şəhidin cənazəsi Yeni Ramana qəsəbəsində izdihamla qarşılanmış, böyükdən-kiçiyə, demək olar ki, hər kəs onun valideynlərinin yaşadığı əraziyə toplaşmışdır. Oradan avtomobil karvanı ilə II Fəxri Xiyabana yürüş olub.
Zaur Cəfərov Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15.12.2020-ci il tarixində “Vətən uğrunda” medalı, 29.12.2020-ci il tarixində “Suqovuşanın azad olunmasına görə” medalı ilə, 30.12.2020-ci il tarixində “Hərbi xidmətlərə görə” medalı, 2021-ci noyabrında “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Ailəli idi. 2 qız, bir oğul övladı əmanətdir.
Bashlibel.az