Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur.
Nazir dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillərdən danışarkən bunları sadalayıb:
“Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
Bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər, dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması”.
Samir Şərifov qeyd edib ki, əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır:
“Belə ki, cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin sonlarında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3,0 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını və bölünməsini gündəmə gətirir”.
Nazir bildirib ki, 2024-cü ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft/qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunub:
“Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb. Cari ildə inflyasiya tempi azalmaqda davam edib, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 9,9 milyard ABŞ dolları təşkil edib ki, bunun da 6,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 3,7 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşüb. Nəticədə xarici ticarət hesabında 2,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bununla yanaşı, 2024-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olub ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur”.
Samir Şərifov qeyd edib ki, 2024-cü ilin yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib:
“Belə ki, 2024-cü ilin ilk 4 ayında dövlət büdcəsinin gəlirləri 12144,3 milyon manat proqnoza qarşı 13259,4 milyon manat və ya 109,2 faiz təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1094,4 milyon manat və ya 9,0 faiz çoxdur. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib”.
Bashlibel.az