Canlarını Qarabağ və ərazi bütövlüyümüz uğrunda qurban vermiş şəhidlərimizin, eləcə də 2-ci Qarabağ müharibəsində düşmən bombardmanları nəticəsində həlak olmuş günahsız insanlarımızın anım günüdür. Tək təsəllimiz odur ki, onların da, şəhidlərimizin də qanı yerdə qalmadı. Düşmən artıqlaması ilə cavabını aldı. Sentyabrın 27-dən başlayan və Böyük Zəfərə aparan, həqiqi mənada bölgənin taleyini dəyişən möhtəşəm 44 gün tarixə “qızıl hərflər”lə yazıldı. Yenə məhz şəhidlərimiz, qazilərimiz, veteranlarımız hesabına və təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ermənilərin mifik “məğlubedilməz ordusu” qısa zamanda darmadağın edildi, cəmi ay yarım ərzində düşmən kapitulyasiya sənədini imzalamalı oldu.
27 sentyabr Anım Günündə saat 12:00-da ölkə ərazisində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılacaq. Şəhidlərimizin məzarları ziyarət olunacaq.
Ağlasığmaz dərəcədə qısa bir müddətdə əldə edilən bu tarixi qələbə ilk növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun şücaəti ilə qazanıldı. Bu qələbə həm də Azərbaycan xalqının 30 il əvvəl əzilmiş qürurunu, əzmini geri qaytarmış oldu.
Vətən müharibəsinin 2-ci il dönümündə-1 il öncə hər kəs bu sualı verirdi-3-cü ildönümünədək bayrağımızı separatçı ermənilərin qaldığı Xankəndiyə, Ağdərəyə, Xocavəndə, Xocalıya, Əsgərana sanca biləcəyikmi? Həmin torpaqlarımızda yerləşmiş 10 min nəfərlik Ermənistan silahlı birləşmələrinin qalıqlarını, erməni terror qruplarını ərazimizdən çıxara biləcəyikmi?
Bu suallara məhz son bir həftədə Azərbaycan ordusu aydınlıq gətirdi. Bir il öncə xəyal etdiklərimizi ordumuz həyata keçirdi-Ermənistan silahlı birləşmələrinin qalıqları, erməni terror qrupları 19 sentyabrda 24 saatlıq lokal anti-terror tədbiri ilə diz çökdü, təslim oldu. Artıq bir neçə gündür onların tərksilah edilməsi və Azərbaycan ərazisindən çıxarılması prosesi gedir. 2020-ci ilin 27 sentyabrından başlanan proses üçüncü ilində bütün ərazilərimizdə suverenliyimizin bərpası ilə yekunlaşmaqdadır.
Hərbi eskalasiya 2020-ci ilin iyulunda Tovuza Ermənistanın hərbi hücumu ilə başlamışdı. Həmin döyüşlər nəticəsində Azərbaycan ordusunun generalı və bir qrup yüksək rütbəli zabitlərimiz şəhid oldu. Bu hadisə 30 ilə yaxın idi dolmaqda olan bardağın daşması üçün son damlalar rolunu oynadı-Azərbaycan xalqı küçələrə, meydanalara axışaraq “yetər artıq, Ermənistanı birdəfəlik yerində oturtmalıyıq!”şüarını bütün dünyaya hayqırdı. Artıq o zaman göründü ki, Azərbaycan xalqı Vətən uğrunda savaşa tam hazırdır. Eləcə də dövlətimizin, Ordumuzun hazır olduğu bəlli idi. Ermənistanın təxribatları davam edirdi. 27 sentyabrda isə Ermənistan işğal olunmuş ərazilərimiz istiqamətindən geniş miqyaslı təxribatlara başladı: “Azərbaycan dövləti, Ali Baş Komandan ordumuza döyüş əmri verdi. 30 ilə yaxın gözlədiyimiz Vətən savaşı başladı. Azərbaycan ordusu, dövləti, xalqı, Ali Baş Komandanının tarix yazdığı günlər strat götürdü. Bu tandem elə bir nəhəng tarix yazdı ki, dünya heyrətə gəlmişdi. Azərbaycan Ordusu 21-ci əsrin ən müasir müharibəsini icra etdi. Həmin döyüşlər dünya hərb tarixinə qızıl hərflərlə düşdü. Dünya PUA-larla, dronlarla aparılan müasir müharibəyə 44 gün ərzində şahidlik etdi. Bu savaş torpaqlarımızın azad edilməsinə gətirib çıxarmalı idi, elə də oldu. 44 günlük müharibədə Azərbaycan ordusunun dünyanın güclü ordularından biri olduğunu dünya qəbul etdi. O zamandan bəri dünyanın bir çox dövlətlərində hərbi məktəblərdə, təlimlərdə Azərbaycan ordusunun 44 günlük müharibədə nümayiş etdirdiyi taktika nümunə kimi göstərilir, onlardan istifadə edilir. Bu müharibə, bu qələbə Azərbaycan dövlətinin, xalqının dünyadakı yerini önəmli dərəcədə dəyişdi. Həmçinin xalqımızda, ordumuzda özünə inamı daha da artırdı. Müharibənin başlanmasınadn üç il keçir. Bu müddətdə ordumuz daha da güclənib, arsenalında müasir silahların sayı çoxalıb, Xüsusi təyinatlı komanda briqadalarının sıraları genişlənib. Bütün bu amilləri və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli komandan kimi mövqeyini nəzərə aldığımız üçün də əmin idik ki, dövlət bayrağmız bütün ərazilərimizdə ucaldılacaq. Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların 44 gündə Ermənistan ordusuna, dövlətinə vurduğu zərbənin təsirindən Ermənistan bu gün də çıxa bilmir. Qarabağda separatizm çökdürülür. Necə ki, 44 günlük müharibədə inandıq və qalib gəldik, elə də Azərbaycanın üçrəngli bayrağının Xankəndidə, Xocavənddə, Ağdərədə, Xocalıda, Əsgərənada ucaldılacağına da inandıq. İnamımzı Azərbaycan ordusu 24 saatlıq əməliyyatla bir daha doğrultdu. 27 sentyabrdan başlayan Zəfər yolu, hər qarışından, hər anından qürur duyacağımız şərəfli tariximizdir. Milli birliyin, həmrəyliyin zirvədə olduğunu, bir xalq olaraq bütövlüyümüzü, iradəmizi, cəsarətimizi və qürur duyulası müsbət keyfiyyətlərimizi ən incə detallarına kimi ortaya çıxaran bir zaman kəsiyidir. Bu gün Vətənimizin bütövlüyü uğrunda canlarını qurban verən əziz şəhidlərimizin müqəddəs xatirələrini andığımız kimi, onların bizə miras qoyduqları dəyərlərin qorunmasının vavibliyini daha dərindən anlayırıq. 27 sentyabrdan başlayan yol, Ali Baş Komandanın nümayiş etdirdiyi qətiyyət və diplomatik məharət, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ermənilərin və himayəçilərinin uydurduqları mifləri darmadağın etdi. 27 sentybardan başlanan həmin 44 gün təkcə ordumuzun, əsgər və zabitlərimizin şücaəti ilə yadda qalmadı, həm də bizim millətimizin birliyi, kiçikdən tutmuş böyüyə qədər bütün insanların həmrəyli ilə, hər kəsin öz imkanları, bacarığı ilə qələbəyə töhfə verdiyini gördük. Bu, çox qürurverici idi. Yəni həm ordu, həm xalq, həm də ölkə rəhbərliyinin, həmçinin xaricdə olan soydaşlarımızın birliyi zəfərə gətirib çıxardı. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tariximizin ən böyük uğurlarındandır.
Etibar SEYİDAĞA