Bu gün həm deputatları, həm cəmiyyəti narahat edən məsələlərdən biri pensiya yaşıdır.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bir hissə pensiya yaşının aşağı olmasından, bir hissə isə yuxarı olmasından şikayətlənir: “Dövlət büdcəsində çalışanlar pensiya yaşının yuxarı olmasını istəyir. Onlar hesab edir ki, insan bu yaşda daha çox təcrübə qazanır. İkincisi isə pensiya yaşının az olmasını istəyənlərdir. İnsanlar heç bir yerdə işləmir, pensiya yaşının gəlməsini gözləyir. Nazirlik tərəfindən bununla bağlı statistika verilməlidir ki, neçə faiz hansı təbəqəni əhatə edir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-ə qədər sahə var ki, onlar daha az yaşda pensiyaya çıxırlar. Yaş kateqoriyaları bunlara tətbiq edilir. Ona görə də bu məsələ mərhələli şəkildə həllini tapmalıdır”.
Deputat uşaqlarla bağlı təminatlara da münasibət bildirib:
“Ailəyə 5 uşaqdan sonra müəyyən güzəştlərin verilməsi yaxşı deyil. 2 uşaqdan sonra təminat nəzərdə tutulsa, daha yaxşı olar. Üçüncü məsələ bizdə 10 uşaq olana qəhrəman ana statusu verilirdi. Hesab edirəm artıq 7-8 uşağı olana qəhrəman ana statusu verilsə yaxşı olar. Digər məsələ sosial müavinətlərin verilməsi ilə bağlıdır. Millət vəkillərinə onların rayonlarından kimə sosial müavinət verilir, onun siyahısı verilsə, daha yaxşı olar. Çünki bizə kifayət qədər müraciətlər olur. Bu siyahı heç olmasa rayon üzrə verilsə, bu məsələlərin daha şəffaf olmasına şərait yaradar”.