Qondarma “Artsax” Respublikasının “prezidenti” Samvel Şahramanyan yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında fərman imzalayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı erməni teleqram kanalları yayıb.
Bildirilir ki, Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejim mövcudluğunu dayandırmaq qərarına gəlib.
Məlumatda qeyd olunub ki, Fərmana əsasən, mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, “Artsax” xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq, Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, “Dağlıq Qarabağ” sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir.
“Dağlıq Qarabağ”ın konstitusiyasına əsasən qərara alınır:
1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Dağlıq Qarabağ” (“Artsax”) Respublikası öz fəaliyyətini dayandırsın.
2. “Dağlıq Qarabağ”ın əhalisi, o cümlədən “respublika”dan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Bu Fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir.