Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmaması ilə bağlıdır. Yəni əgər ailə 2023-cü ildən başlayaraq ünvanlı sosial yardım alırsa, onun yardım məbləği də artırılacaqmı?
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərir:
“Yəni ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər.
Bununla yanaşı, ehtiyac meyarı artırılmamışdan əvvəl sosial yardım almağa başlayan ailə yardım məbləğini necə artıra bilər? Qaydalara əsasən, ailənin gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə, o halda həmin ailə yardımı dayandırıb yenidən müraciət edə bilər. Yəni ehtiyac meyarı 246 manat olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə, o halda yenidən müraciət hüququna malikdir. Bununla həmin ailə daha çox məbləğdə yardıma müraciət edə bilər. Həmin ailə elektron kabinet üzərindən yardımın dayandırılması və yenidən müraciəti həyata keçirməlidir.
Bütövlükdə ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, hazırda proqramdan faydalanalar üçün də imkanlar yaradır”.