![]()
“Süni intellekt yaxın illərdə insan müdaxiləsi olmadan özünü təkmilləşdirmək qabiliyyəti əldə edə bilər…”
Süni intellekt sahəsinin aparıcı şirkətlərindən biri olan “Anthropic” texnologiyanın inkişaf tempinin ləngidilməsinə çağırıb.
Bashlibel.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə “gordonua.com” nəşri yazıb.
İnsan nəzarətindən kənar inkişaf təhlükəsi
Şirkətin həmtəsisçisi Cek Klark və tədqiqat rəhbəri Marina Favaro hesab edirlər ki, süni intellekt insan nəzarətindən kənarda özünü təkmilləşdirə biləcək mərhələyə yaxınlaşır. Bu isə gələcəkdə insan əməyinin rolunu və iqtisadiyyatın fəaliyyət prinsiplərini kökündən dəyişə bilər.
Onların fikrincə, beynəlxalq nəzarət mexanizmləri yaradılmalıdır. Lakin müəlliflər etiraf edirlər ki, şirkətlərin könüllü şəkildə inkişaf yarışını dayandıracağına ümid azdır. Çünki hər kəs rəqiblərini qabaqlamağa çalışır. Onların sözləri ilə desək, bu sahədə “qaz pedalı var, amma əyləc pedalı yoxdur”.
Xəbərdarlıq, yoxsa taktiki gediş?
Tənqidçilər isə “Anthropic”in çağırışına ehtiyatla yanaşırlar. Şirkət süni intellekt bazarının liderlərindən biridir və yaxın gələcəkdə birja yerləşdirməsinə hazırlaşır. Buna görə bəzi ekspertlər hesab edirlər ki, inkişafın ləngidilməsi barədə çağırış rəqiblərin sürətini azaltmağa hesablanıb.
Bununla belə, şirkət özünün ən güclü modellərindən biri olan “Mythos”-un açıq istifadəyə verilməsini təhlükəsizlik səbəbindən təxirə salıb. Bu mövzu yeni deyil. Hələ 2023-cü ildə İlon Mask, Stiv Voznyak və Yuval Noy Harari də daxil olmaqla bir qrup tanınmış şəxs süni intellekt araşdırmalarının müvəqqəti dayandırılmasını tələb edib.
Ən böyük təhlükə yenə də insandır
“Anthropic”in fikrincə, yaxın gələcəkdə süni intellekt tədqiqat və inkişaf prosesinin böyük hissəsini avtomatlaşdıra bilər. Lakin əsas təhlükə texnologiyanın özü deyil, onun necə istifadə olunmasıdır.
Şirkət xəbərdarlıq edir ki, bu imkanlardan kütləvi izləmə, avtoritar nəzarət və genişmiqyaslı manipulyasiya üçün istifadə edilə bilər. Məhz buna görə ekspertlərin bir hissəsi hesab edir ki, yaxın illərdə əsas risk maşınların üsyanı deyil, süni intellektin insanların əlində təhlükəli alətə çevrilməsidir.
Bashlibel.az