![]()
Əvvəl Zəhərləyirik, Sonra Nəfəs Axtarırıq…
İnsan hər zaman təbiətdən alıb, ona çox nadir hallarda bir şey qaytarıb. Halbuki həyatımızın hər anı onunla sıx bağlıdır – nəfəs aldığımız hava, içdiyimiz su, yediyimiz məhsullar hamısı təbiətin bizə verdiyi bəxşişlərdir. Amma bu nemətlərin qədrini bilirikmi?
Bugünkü reallıq acı və utancvericidir. Təbiətə nə ediriksə, qarşılığını daha sərt şəkildə alırıq. Meşələri kəsirik, sonra sellərdən və torpaq sürüşmələrindən şikayət edirik. Çayları və dənizləri zibilləyirik, sonra içməli suyun keyfiyyətindən gileylənirik. Havaya tüstü buraxırıq, amma astma xəstələrinin çoxalmasından narahat oluruq. Guya bilmədən etdiklərimiz, əslində vicdanla görmədiklərimizdir.
Ən acınacaqlısı isə odur ki, istirahətə getdiyimiz yerlərdə – meşədə, dağda, çimərlikdə – arxamızca yalnız ayaq izlərimiz yox, zibil yığınlarımız qalır. “Zibil atmaq olmaz” lövhələri isə sadəcə dekorativ bir lövhəyə çevrilib. Qəzetlər, plastik butulkalar, çipsi qabları – bunlar artıq təbiətin yeni “bəzəyi” olub.
Halbuki təbiət sadəcə gözəllik deyil – o həm də həyat mənbəyidir. Ona həyat vermək – ağac əkmək, suyu təmiz saxlamaq, torpağı zəhərləməmək – bu bizim borcumuzdur. Əgər təbiətə sağlamlıq bəxş etmək istəmiriksə, ondan sağlamlıq gözləməyə də haqqımız yoxdur.
İnsan unudur ki, təbiət ədalətlidir – onu nə qədər zədələsək, o da bir o qədər bizə cavab verir. Bəzən tufanla, bəzən quraqlıqla, bəzən də səssizcə…
Artıq vaxtdır ki, məsuliyyət hissini oyadaq. Təbiəti qorumaq təkcə ekologiya dərsində öyrədilən nəzəri bir mövzu deyil – bu, hər birimizin gündəlik həyatında rəhbər tutmalı olduğu prinsipdir. Əgər sabahkı nəsillərin yaşıl bir dünya ilə tanış olmasını istəyiriksə, bu gün atdığımız hər zibilə, kəsdiyimiz hər ağaca, israf etdiyimiz hər qram suya görə düşünməliyik.
Yalçın Ağayev
Bashlibel.az
Bashlibel.az