Əziz Başlıbel sakinləri !
Mərkəzi Seçki Komissiyasının məlumatına görə Kəlbəcər rayon 123 saylı seçki dairəsindən 8465 səs toplamaqla dairə seçicilərinin 53.6 faiz səsini toplayan həmkəndlimiz Qasımlı Mircəlil Xəqani oğlu sentyabrın 1-də keçirilən parlament seçkilərində inamlı qələbə əldə etmişdir. Bu şanlı qələbə münasibəti ilə bütün seçicilər adından, eləcə də “Başlıbelin İnkişafına Dəstək “ İctimai Birliyi və bütün həmkəndlilərimiz adından gənc Millət Vəkilni təbrik edirik. Ona fəaliyyətində uğurlar və can sağlığı arzulayırıq.
Mircəlil Xəqani oğlu Qasımlı 19 mart 1992 –ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. 2009-cu ildə Bakı şəhəri Xətai rayonundakı 249 nömrəli məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olub və 2013-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 2014-2016-cı illərdə Slovakiya Respublikasının Danubius Universitetinin Dövlət Siyasəti və Dövlət İdarəetməsi fakültəsində magisr təhsili alıb. Əmək fəaliyyətinə 2010-cu ildə Magistral Avtomobil Yollarının ”İntellektual İdarəetmə Sistemi”ndə kommersiya direktoru kimi başlamış, 2013-cü ilədək bu vəzifədə çalışmışdır. 2017-2018-ci illərdə Türkiyədə “Pluss Garden 2 “ şirkətində direktor, 2018-2021-ci illərdə “Türkiyə Orqanize Sanaye Bölgesi” istehsal müəssisəsində direktor, 2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Yeni BEMZ”ASC-də sədrin birinci müavini, 2021-2022-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Azərborukəmər Tikinti” MMC-də direktor kimi fəaliyyət göstərmiş və 2022-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “ Bakı Məişət Maşınları “ASC-də sədr vəzifəsində çalışır. Ailəlidir. Bir övladı var.
Mircəlil Qasımlı böyük bir nəslin davamçısıdır. Onun babası Qasımov Cəlil Balakişi oğlu və babasının böyük qardaşı Qasımov Cavad Balakişi oğlu müxtəlif vaxtlatda Başlıbel kəndindəki Xanlar adına kolxoza rəhbərlik etmiş və kənd camaatının böyük hüsn-rəğbətini qazanmışlar. Bütün kənd camaatı onların haqqında ehtiramla danışar, hər iki qardaşın əsl el adamı olmasını deyərdilər. Biz belə bir nəslin nümayəndəsi olan və bu gün Millət Vəkili seçilən Mircəlil Qasımlını “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi və bütün həmkəndlilərimiz adından təbrik edirik. Ona siyasi karyerasında və həyatında uğurlar arzulayırıq .
Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi