Köhnə “VAZ-2107″si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirliyə bu dəfə ev söz verilib.
Musavat.com bildirir ki, Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edən türkiyəli iş adamı Sebahettin Civelek Bakıya gələrək onun ailəsi ilə görüşüb.
İş adamı qeyd edib ki, onun təşəbbüsü ilə Sərvər Bəşirlinin yaşadığı həyətdə ikimərtəbəli ev tikiləcək:
“Sərvər Bəşirlinin icazəsi ilə ona yaxın günlərdə ev tikəcəyik. Artıq evin əsası qoyulub. İnşallah, tezliklə tikiləcək yeni evdə Sərvər Bəşirli ilə çay içəcəyik. Bu cür qardaşı olan millətin kürəyi heç vaxt yerə gəlməz. Azərbaycan və Türkiyə hər zaman – acı gündə də, sevincli gündə də bir-birinin yanında olub. Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan dərhal öz qardaşının yanına qaçdı, o cümlədən Sərvər Bəşirli… Buna görə də ona dəstək olmağı özümə bir qardaş borcu bildim.
Allah bir daha Türkiyəyə acı yaşatmasın”.
Sərvər Bəşirli, atası və babası, digər ailə üzvləri bu dəstəyə görə Sebahettin Civeleyə öz təşəkkürünü bildirib.
Xatırladaq ki, Sərvər Bəşirlinin köhnə avtomobili ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. O, həmçinin yaxın qohumları ilə birlikdə Azərbaycandan Türkiyəyə yardıma gedən könüllülərdən ibarət qrupla Adıyamanda çalışmışdı.
Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com
Bashlibel.az