![]()
Türkiyə İsraillə müharibə apararsa, NATO Türkiyəni tək qoyacaq. Bashlibel.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri “TRT World” telekanalına müsahibəsində ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter bildirib.

Onun sözlərinə görə Avropa Türkiyəni rədd etdi. NATO isə ondan yalnız öz maraqları naminə istifadə etdi. Türkiyənin gələcəyi Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi təşkilatlardadır: “NATO-nun uzun müddət mövcudluğunu qoruyub saxlaya biləcəyini düşünmürəm. Ukraynadakı münaqişə hazırda NATO-nu daxildən parçalayır. Avropada İsraillə Türkiyə arasında mümkün qarşıdurmadan asılı olmayaraq, NATO-dan ayrılmağı müzakirə edən siyasi hərəkatlar da var”.
Ümumiyyətlə, ekspertlərin fikrincə, Türkiyə ilə İsrail arasında hərbi münaqişə baş verərsə, ABŞ və NATO belə bir vəziyyətin qarşısını almağa çalışacaq, NATO-nun Türkiyəni dəstəkləyib-dəstəkləməyəcəyi və ya 5-ci maddənin tətbiq olunub-olunmayacağı müzakirə mövzusudur.
Azərbaycanlı ekspertlər nə düşünür, Türkiyə-İsrail toqquşması olarsa, alyans həqiqətənmi öz üzvünü tək buraxacaq?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a bildirib ki, NATO-nun avtomatik olaraq Türkiyənin tərəfində hərbi əməliyyatlara qoşulacağına zəmanət yoxdur. Onun sözlərinə görə, həlledici məsələ müharibəni kimin başlatması, Türkiyə ərazisinin hücuma məruz qalıb-qalmaması və hadisənin NATO müqaviləsi baxımından necə qiymətləndirilməsidir.
Ramil Məmmədli qeyd edib ki, NATO Türkiyəni kollektiv müdafiə mexanizmi ilə qorumaq öhdəliyi daşıya bilər, lakin bu, Türkiyənin başladığı hər bir müharibədə ona dəstək vermək demək deyil. “NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsinə əsasən, bir üzvə silahlı hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir. Lakin hər bir üzv belə hücuma qarşı zəruri hesab etdiyi tədbirləri görür. Yəni bu, mütləq müharibəyə qoşulmaq və ya İsrailə hərbi zərbə endirmək demək deyil. Türkiyə təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, NATO daxilində təcili məsləhətləşmələr tələb edə bilər. Bu, siyasi və hərbi koordinasiya üçün imkan yaradır, amma öz-özlüyündə hərbi müdafiə öhdəliyi yaratmır. NATO müttəfiqləri Türkiyəyə kəşfiyyat, hava hücumundan müdafiə, logistika və digər dəstək verə bilər. Bəzi ölkələr daha geniş hərbi iştiraka da gedə bilər. Ancaq bütün üzvlərin İsraillə döyüşəcəyinə təminat yoxdur”, – deyə hərbi şərhçi təhlil edib.

Onun fikrincə, əgər Ankara İsrailə qarşı müharibəyə özü başlayarsa, 5-ci maddəni Türkiyənin müdafiəsi üçün tətbiq etmək xeyli çətinləşər: “NATO müqaviləsi üzvlərə istədikləri müharibədə avtomatik müttəfiq dəstəyi almaq hüququ vermir. Məsələn, türk əsgərlərinin Suriya ərazisində hücuma məruz qalması Türkiyə ərazisinə hücumla eyni deyil. NATO müqaviləsinin 6-cı maddəsi 5-ci maddənin coğrafi tətbiq dairəsini müəyyən edir. Aralıq dənizindəki hadisələr isə ayrıca qiymətləndirilməlidir: müqavilə orada müəyyən üzv qüvvələrinə, gəmilərinə və təyyarələrinə qarşı hücumları əhatə edə bilər.
Burada digər ən vacib məqam odur ki, ABŞ NATO-nun ən mühüm hərbi iştirakçılarından biridir və İsraillə də sıx təhlükəsizlik əlaqələrinə malikdir. Vaşinqton həm Türkiyənin təhlükəsizliyini qorumağa, həm də İsraillə birbaşa müharibənin qarşısını almağa çalışa bilər.
Bu mənada, müttəfiqlərin Türkiyəyə dəstəyinin səviyyəsi müharibənin səbəblərindən, beynəlxalq hüquqi qiymətləndirmədən və öz milli maraqlarından asılı ola bilər. Alyansın kollektiv qərarları konsensus əsasında qəbul edilir. Lakin 5-ci maddənin tətbiqindən sonra hər bir üzvün fərdi yardım öhdəliyi var; bu yardımın forması eyni olmaq məcburiyyətində deyil. Yəni NATO daxilində Türkiyəyə siyasi dəstək verən dövlətlər olsa belə, onların hamısının İsrailə qarşı hərbi əməliyyata qoşulması ayrı məsələdir. Eyni zamanda, ABŞ-ın İsraillə münasibətləri də Türkiyəyə qarşı hücuma mütləq göz yumacağı mənasına gəlmir”.
Emil Salamoğlu
Bashlibel.az