Əli BAŞLIBELLİ (Mirzəyev),
filologiya elmləri doktoru professor, Gəncə Dövlət Pedaqoji Universitetinin sabiq kafedra müdiri
Hörmətli Məhəmməd müəllim!
Sənə və kollektivinizə səmimi salamlar göndərirəm. Elə əvvəldən deyim ki, mən xətrini istədiyim yoldaşlara «siz» deyə müraciət etməkdən xoşum gəlmir. Bu «siz» müraciəti, mənim nəzərimdə, səmimiyyəti azaldır. Ona görə elə sənə də «sən»-deyə müraciət edirəm. Zənnimcə, bundan inciməzsən.
Kəlbəcər qaçqın-köçkün salınandan bəri sənin o mövzularda yazdığın kitablarını oxuyandan qiymətli kitabların haqqında təşəkkürlərimi bildirmək istəmişəm. Səni axtarmışam. Səni tanıyan neçə adamdan xahiş etmişəm ki, sən Gəncəyə gələndə mənə xəbər versinlər, mən səni tapım, səninlə görüşüm. Təəssüf ki, hələlik, səninlə görüşə bilməmişəm.
Sənin Kəlbəcərin faciələri haqqında yazdığın kitablar canlı, doğru-dürüst, bəziləri də şəxsən özünün iştirakın ilə baş verən tarixi faktlardır. Heç bir tarixçi həmin hadisələri sənin kimi yerli-yataqlı, konkret tarixi faktlar və şəxslər əsasında, elə böyük vətənpərvərliklə, elə ürəkdən gələn və elə həyəcanla yaza bilməz. Bilirəm və oxuyanda hiss edirəm, öz təcrübəmə əsasən də deyirəm ki, sən o kitabları ürəyinin qanı və gözlərinin yaşı ilə yazmısan. Necə ki, mən «Səkkiz şəhid körpə nağılı»nı yazanda hər iki gözümdən yaş əvəzinə iki damcı qan düşdü.Elə bilirəm ki, heç kəs həmin dövrü, həmin hadisələri sənin kimi ürəkdən duya və elə ona görə də sənin kimi yaza bilməzdi. Sən tarixi faciələrimizi tarixə həkk eləmisən. Özü də şahidliklə, ona görə də inandırıcılıqla, ürək ağrısı ilə ifadə etmisən.
Müharibələr, faciələr tarixə çevrilib uzaqlaşdıqca onların ibrət dərsləri daha yaxşı duyulur. Bu mənada sənin kitabların müasir və gələcək nəsillər üçün böyük tərbiyəvi əhəmiyyətə malik olacaqdır. Həm də xalqımızın tarixi faciələrini və vətənpərvərlik qeyrətini gələcək nəsillərə çatdıracaqdır. Tarixin bu ibrət dərsləri onlar üçün gələcəyin yol göstəricisi olacaqdır.
Məhəmməd müəllim, məni tanıyanlar bilirlər ki, mənim təriflərlə, yalançı pafoslarla aram yoxdur. Əksinə, mən tənqidçiyəm. Sənin kitabların haqqında dediklərim yalan tərif deyil, onların əhəmiyyətinin heç yüzdə biri də deyil. Mən sənin oxuduğum üç kitabının («Dağların sinə dağı», «Yurd göynərtisi», «Ümid işığı») kitablarının hər birisini bir neçə dissertasiyanın mövzusu hesab edirəm.
Sənin bu kitablarına görə, sənə Milli Qəhrəmanlıq düşür. Vallah, düşür.
Mən öz şeir kitablarımda sənin kitablarından çox istifadə etmişəm. Bunları da öz kitablarımda göstərmişəm.
Kəlbəcər faciələri mövzusunda mən 7 kitab çap etdirmişəm. Onların faktlarında sənin kitablarından istifadə eləmişəm. Yeri gəldikcə bunları qeyd etmişəm. Mən bunlara görə sənə çox-çox təşəkkürlər eləyirəm.
Amma mən həm də çox təəssüf edirəm ki, həmin kitabların heç birisi kəlbəcərlilərə çatmayıbdır. Çünki maddi imkanım az olduğu üçün həmin kitabların hər birisini yüzcə nüsxə ilə buraxdırmışam. Kəlbəcər qərargahında icra hakimiyyəti aparatının işçilərindən xahiş elədim ki, həmin kitabları öz imkanlı işçilərinə versinlər, mətbəənin haqqı çıxsın. Heç kəs yaxın durmadı.
Mənə çox ağır gələn o oldu ki, icra hakimiyyəti başçısının birinə müraciət etdim ki, kitabımın çapına kömək eləsin. Sonra kitabları satıb, onun borcunu verim. Həmin kitabda onun öz adamı haqqında da bir poema var idi. O, mənə dedi ki, mən qaçqın adamam, pulum nə gəzir? Sən professorun pulu olmayanda, məndə haradan olsun?! Hansı ki, həmin adam Kəlbəcərdə mənə deyirdi ki, mənim sən ağırlığında qızılım var (Mən Kəlbəcərdə «Yenilik» qəzetinin redaktoru işləyəndə raykomun bürosunda onunla hərbənbir «söhbətlərim» olurdu). Şübhəsiz ki, mən ona deməli olduğum sözləri dedim. Amma, nə olsun ki, kömək eləmədi.
Çox sağ olsun Ulduz Məcidqızını. Mənim ilk kitabımı o çap etdirdi. Sonra pulunu da almadı, o biri kitablarımı da çap etdirə bildim. Beləliklə, mən kitablarımın çap xərci üçün Ulduz Məcidqızına, faktları cəhətdən də sənə minnətdaram. Sonra mən «Qanlı yanvardan əsən küləklər» kitabımda Ulduz xanım haqqında «Ulduz» adlı bir poema da çap etdirdim. Orada Ulduz xanımı
«Bizim Kəlbəcərin qeyrət qalası,
Bizim bu ellərin «ellər anası»,-
kimi qiymətləndirdim. Elə bilirəm ki, mən Ulduz xanıma əbədi bir heykəl qoymuşam (lovğalıq olmasın, ha).
Mən sənin yerini, ünvanını bu gün (30.10.2006) təsadüfən Kəlbəcər qəzetinin («Kəlbəcər harayı» – M.N.) redaksiyasında öyrəndim. O qəzet mənim «Səkkiz şəhid körpə nağılı» poemamı dərc eləmək üçün istəmişdi (çox xahiş-minnətdən sonra), amma dörd aydan çoxdur ki, hələ qurtarmayıbdır. Təsadüfən orada bir qəzetə rast gəldim. Uşaqlar oxuyub təhlil edirdilər. Birdən Köçəri dedi ki, Əli müəllim, bu qəzet Məhəmməd Nərimanoğlunun qəzetidir. Elə bil ki, üstümə gün doğdu: düşündüm ki, demək, Məhəmməd qağamın yerini biləcəyəm.
Həmin qəzet sənin «Yenilik press» qəzetin idi. Ünvanını götürüb, indi bu məktubu sənə yazıram.
Heç bir tərifə-zada ehtiyac olmadan bildirirəm ki, Kəlbəcərin bu məlum faciəsinin faktik tarixini sən, bədii təsvirini isə (lovğalıq olmasın) mən yazmışam. Təəssüf ki, mən hər yerdə gizlətmişəm.
Bir vaxt «Proqnoz» qəzetində Süleyman müəllim Başlıbel faciələri haqqında silsilə yazılar dərc edirdi. Mən də buna ümid olub, «Ələsgər» poemamı ona göndərdim. Ələsgər adlı yaşlı bir başlıbelli Dəlidağın kahalarında qalıb, qaçmaq istəməmişdi. Mən onu yazmışdım. Təəssüf ki, ondan xəbər çıxmadı.
«Kəlbəcər harayı» qəzetinin redaksiyasında Köçəri mənə dedi ki, Məhəmməd müəllim sənin bu poemanla maraqlanıbdır. Dedim ki, deyərdiniz, surətini ona göndərərdim. Bu həmin poemadır ki, onu kitabdan oxuyan bizim universitetin müəlliməsinin ürəyi getmiş və bir neçə gün həkim nəzarətində olmuşdu.
Uzunçuluq eləmişkən, bir ibrətamiz şeyi də deyim. Xahiş edirəm ki, bunu özünütərif kimi hesab eləmə. Bunu bir fakt kimi deyirəm. Mənim bu kitablarımı oxuyan tələbələr deyirdilər ki, institutu qurtaran kimi çağırış kağızını gözləmədən əsgərliyə gedəcəyik. Onlar deyirdilər ki, sənin bu kitabını oxuyan adam evində yata bilməz.
Təəssüf ki, mənim öz yerlilərimin bu kitablardan xəbəri yoxdur.
Məhəmməd müəllim, bu məktub elə bir məqalə oldu:
«Məhəmməd müəllimə açıq məktub» sərlövhəli.
Mən ünvanımı və telefon nömrəmi sənə yazıram, əlaqə saxlamğı çox arzu edirəm.
Heyf: professor Əli Başlıbelli də dünyasını dəyişdiyindən kitabın nəşrini görmədi, Allah rəhmət eləsin!
Məhəmməd Nərimanoğlu
Bashlibel.az