![]()
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində səmərəli fəaliyyət göstərən müəllimlərdən bir qrupuna fəxri adlar və döş nişanları təqdim olunub. Təltif olunanlar sırasında Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin direktoru Vəsilə Cəfərova da var. O, pedaqoji sahədəki uzunmüddətli və fədakar xidmətlərinə görə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan ilk sakinlər sırasında Kəlbəcər məktəbləri də fəaliyyətə başlayıb. Bu prosesdə Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin kollektivi və direktoru Vəsilə Cəfərovanın da iştirakı xüsusi əhəmiyyət daşıyır. Təltif onun həm şəxsi fəaliyyətinə, həm də rəhbərlik etdiyi kollektivin əməyinə verilən yüksək qiymətin göstəricisidir.
Vəsilə Cəfərovanın bu mükafata layiq görülməsi Kəlbəcərin təhsil ictimaiyyəti üçün qürurverici hadisədir. Onun rəhbərlik etdiyi məktəb doğma yurduna qayıdan şagirdlərin gələcəkdə bilikli, vətənpərvər və cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasında mühüm rol oynayacaqdır.
Bashlibel.az kollektivi olaraq Vəsilə Cəfərovanı bu təltif münasibətilə təbrik edir, ona pedaqoji fəaliyyətində uğurlar, doğma Kəlbəcərimizin təhsil həyatına yeni töhfələr verməsini arzulayırıq.






Bashlibel.az
Bashlibel.az