![]()
“Azərbaycan Respublikası Konstitusiyana əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”.

Bashlibel.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.
Hüquqşünasın sözlərinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər:
“Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vətəndaşlar mülkiyyət hüquqları pozulduğu halalarda məhkəməyə müraciət etmək hüququna malikdirlər”.
Hətta özbaşına tikintiləri olarsa belə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4 maddaəsində deyilir ki, “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.”
Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra icra vərəqəsi qarşı tərəfə təqdim olunmalıdır.
Həmin qərardan sonra söküntü işləri birbaşa məhkəmə icraçıları ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin rəhbərliyi altında həyata keçirməlidir”.
Mehin Mehmanqızı
Bashlibel.az