![]()
Şairin yeni kitabı oxucularla görüşə və ədəbi ictimaiyyətin diqqətinə təqdim olunub
25 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində kəlbəcərli şair Həjar Şamiloğlunun “Heç bilmədik, necə sevdik sevəndə…” adlı yeni şeirlər kitabının imza günü təşkil olunub.
Sərgi ziyarətçilərinin marağına səbəb olan görüşdə şair öz yeni kitabını oxucularına müəllif imzası ilə təqdim edib. Poeziyasevərlərlə şair arasında səmimi ünsiyyətin yarandığı görüş ədəbiyyata, sözə və kitaba olan sevginin təzahürü kimi yadda qalıb. Oxucuların müəlliflə görüşmək, onun yaradıcılığı ilə daha yaxından tanış olmaq və yeni nəşri imzalı şəkildə əldə etmək imkanı qazanması tədbirə xüsusi ovqat qatıb.
Həjar Şamiloğlunun yeni kitabının işıq üzü görməsi onun yaradıcılıq yolunda əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycan poeziyasının təbliği və oxucularla müəlliflər arasında ədəbi əlaqələrin möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır. XII Bakı Beynəlxalq Kitab Sərgisi kimi genişmiqyaslı mədəni platformada kəlbəcərli şairin oxucularla görüşü doğma yurddan uzaqda yaşanan illərə, mənəvi bağlılığa və ədəbi irsin yaşadılmasına dair düşüncələri də yada salır.
Bashlibel.az adından Həjar Şamiloğlunu yeni kitabının nəşri və uğurla keçirilən imza günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və yeni ədəbi nailiyyətlər arzulayırıq.
Ən böyük arzularımızdan biri budur ki, şair bundan sonra qələmə alacağı şeirlərini doğma Kəlbəcərin qoynunda, işğaldan azad edilmiş ata-baba yurdumuzda yazıb-yaratsın. Kəlbəcərin bənzərsiz təbiəti, dağları, bulaqları, doğma yurdun havası və ruhu onun yeni əsərlərinə ilham versin, həmin torpaqda ərsəyə gələn şeirlər yeni kitabların səhifələrində öz əksini tapsın.
Arzu edirik ki, Uca Yaradan Həjar Şamiloğluna doğma Kəlbəcərdə yaşamaq, yaratmaq, qələmə aldığı misralarla yurdumuzun gözəlliklərini və insanlarımızın duyğularını gələcək nəsillərə çatdırmaq səadətini nəsib etsin.
Bir daha təbrik edir, şairə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
















Bashlibel.az