Xankəndi-Laçın yolunda Azərbaycanlı ekofəalların 27 gündür davam edən aksiyası Qarabağdakı erməni “liderlər”lə Ermənistan rəhbərliyi arasında uçurumu daha da dərinləşdirib. Bu, xüsusilə İrəvandan sülhməramlıların ünvanına kəskin ittihamlar fonunda daha çox nəzərə çarpır. Paşinyan hökumətinin son iclasında Ermənistanla yeganə quru əlaqəsinin guya bağlı qalmasına görə sülhməramlıları ittiham etdikdən sonra Xankəndi “hakimiyyəti” əksinə, onları müdafiə etməyə davam edib. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa daha böyük və çoxmillətli sülhməramlı missiya göndərməyə çağırış edib. Rusiya rəsmiləri kimi Qarabağdakı qondarma rejimin rəhbərliyi də bu təklifi birmənalı rədd ediblər. “XİN başçısı səlahiyyətlərini icra edən” David Babayan sülhməramlıların dekabrın 12-dən başlayan aksiyasını zorla dağıtmaq çağırışılarını pisləyib, deyib ki, sülhməramlıların belə bir beynəlxalq mandatları yoxdur. “Problem ruslarda deyil”, – Babayan Azadlıq Radiosunun İrəvandakı erməni xidmətinə deyib: “Biz bunu dərk etməliyik. İndiki məqamda Rusiya sülhməramlılarına qarşı çıxmaq Artsaxı boğmaq deməkdir. Bütün bunların günahkarı kimdir? Ruslar?” O, Ermənistandan səslənən bu tipli bəyanatları anlamadıqlarını deyib və onlara sual da edib: “Niyə axı sülhməramlılara qarşı bu yanlış xətti davam etdirirsiz?”
Qondarma “dqr parlamenti”ndəki partiyalar da Paşinyan və onun hakimiyyətinin mövqeyini daha sərt tənqid ediblər. “Erməni İnqilabi Federasiyası”nın yerli şöbəsinin rəhbəri Artur Mosyan, Paşinyanı ittiham edərək “O, öz məsuliyyətini nə sülhməramlıların, nə də bir başqalarının üzərinə atmasın” deyib. “Bunların hamısında ilk növbədə o, günahkardır. Sadəcə olaraq, Paşinyan bunun Qarabağ üçün yaxşı və ya pis olduğunu düşünmədən anti-Rusiya bəyanatı vermək fürsətini əldən vermir”.
“Ədalət partiyası”ndan David Qalstyan deyib ki, Paşinyan hökuməti boş-boş danışmaq əvəzinə Qarabağ ermənilərinə daha çox kömək etməlidir. O, Qarabağdakı separatçı rejimi Ermənistan hökumətinin Qarabağa 4 milyard dram (10 milyon dollar) yardımından imtina etməyə çağırıb. Yada salaq ki, bundan bir neçə gün əvvəl separatçı rejimin rəhbəri Araik Arutyunyan da İrəvandan sülhməramlıların ünvanına səslənən ittihamları rədd edib, onları müdafiə edərək, onların fəaliyyətini yüksək qiymətləndirib.
Beləliklə, Aksiyanın önəmli nəticələrindən birinin ermənilər arasında gərginlik, uçurum yaratdığını əminliklə söyləyə bilərik. Aksiyaların təşkili, davam etdirilməsi çox uğurlu addım oldu. Ermənilər 2020-ci ildə təxribatlar törətdilər, cavabında ağır zərbə aldılar, peşmançılıqları da heç bir fayda vermədi. Getdikcə İrəvan və Xankəndi separatçıları arasında ixtilaflar daha da dərinləşəcək, üstəlik, onların Rusiya ilə münasibətləri də gərginləşəcək.
Etibar Ağayev