• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Xankəndidə evlərin qapısı bu səbəbdən bağlı saxlanır

Yan 17, 2024

Loading

Akif Nağı: “Ermənilərin könüllü tərk etdikləri evlərin əşyalarının qorunması lazımdır, amma…”

Xankəndinin separatçı ermənilərdən azad edilməsinin 4-cü ayı tamam olmaq üzrədir. Bu şəhərə gedib-gələn şəxslərin söylədiklərindən belə məlum olur ki, şəhərdə binalara, evlərə giriş qadağandır, ermənilərin evlərinin qapısı bağlı saxlanır və əşyalarına toxunulmur. 

Bu nədən xəbər verir? Ermənilərin geri qayıdışı ehtimalının yüksək olması, yoxsa beynəlxalq məhkəmələrə ediləcək iddialarının neytrallaşdırılması üçündür? Bəzi dövlətlərin erməniləri geri qaytarmaq istədiyi barədə xəbərlər də yayılır. O da bildirilir ki, erməni əhali özü qayıtmaq istəmir. 

Bəs ermənilərin Xankəndinə azərbaycanlı əhalidən tez qaytarılması mümkünmü?  Bakı bu məsələdə nələr etməlidir?

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bu məsələ çox ciddi diqqət tələb edir: “Çalışmalıyıq ki, ermənilər və onların arxasında dayanan qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası üçün əsaslar əldə edə bilməsinlər. Azərbaycan indiyə qədər buna nail olmağı bacarıb. Azərbaycana qarşı məhkəmə iddialarının heç bir əsas yoxdur. Əsas olmayan iddiaların isə perspektivi ola bilməz. Amma ermənilərin və havadarlarının beynəlxalq səviyyədə “azərbaycanlılar Xankəndidə ermənilərin evlərini taladı” kimi vay-şivən, antitəbliğat kampaniyası başlaması istisna edilmir. Eləcə də məhkəməyə müraciətlər edəndə absurd məsələləri iddialarına yazarlar, məsələn yaza bilərlər ki, filan erməninin evində 100 kilo qızıl var idi. Ermənilərin böhtançı xislətinə bələd olduğumuzdan özümüzü bunlardan qorumalıyıq. Ona görə də hələlik Xankəndidə ermənilərin könüllü tərk etdikləri evlərin əşyalarının qorunması, olduğu kimi saxlanıılması hazırda məqsədəuyğundur. Onsuz da o evlərin, binaların hamısı Azərbaycanın mülkiyyətidir. Onların əksər hissəsini vaxtilə Azərbaycan dövləti öz büdcəsi hesabına tikib ermənilərə yaşamaq üçün verib. Separatçıların və Ermənistanın Qarabağı işğal etdiyi dövrlərdə tikilən evlər isə Azərbaycan ərazisində qanunsuz, icazəsiz tikilən evlərdir. O evlərin bir çoxunu Ermənistan vətəndaşları qanunsuz tikiblər və onların mülkiyyəti sayıla bilməz. Həmin evlərə və torpağa görə 30 il ərzində Azərbaycanın dövlət büdcəsinə vergi də ödənməyib. O evlər və onların yerləşdiyi torpaq tam şəkildə Azərbaycan dövlətinin ixtiyarında, yuridiksiyasındadır. Ona görə Azərbaycan dövləti həmin evlərdən istədiyi şəkildə istifadə edə bilər”.

A.Nağının sözlərinə görə, məsələnin daha bir tərəfi isə odur ki, Xankəndidəki evlərin bir hissəsi oradan zorla qovulmuş azərbaycanlılara məxsus evlərdir. İşğalçı ermənilər azərbaycanlıları oradan qovub onların evlərinə, mülklərinə qanunsuz sahiblənmişdilər. İndi həmin evlərin öz həqiqi sahiblərinə qaytarılmasının zamanı çatıb: “Oradan çıxarılanda azərbaycanlıların sayı 10 min nəfər idi. 35 ilə yaxın müddətdə həmin əhalinin sayı artıb. Azərbaycanlıların hamısı öz evlərinə qayıtmalıdır və Prezident İlham Əliyevin bu yaxınlarda verdiyi müsahibədə deyildi ki, 2024-cü ildə Xankəndi şəhərinə azərbaycanlı əhali köçürüləcək. İnsanlarımız öz doğma tarixi yurdlarına geri dönəcəklər”. 

Akif Nağı: “İki iqtisadi zonanın mərkəzində Ağdam dayanacaq”

Akif Nağı

Akif Nağı hesab edir ki, ermənilər əgər Qarabağa qayıtmaq istəmirləsə, düzgün edirlər. Onlar hansısa xarici güclərin və daxildəki revanşistlərin istəkləri ilə hərəkət etməməli, boş vədlərə inanmamalıdırlar: “Ermənilər Qarabağda yaşamaq haqqını itiriblər. Bu gerçəyi  özləri də anlayırlar. Yəqin ona görə də geri qayıtmaq istəmirlər. Qarabağda Azərbaycana qarşı cinayətlərdə iştirak etməyən erməni yoxdur. Hamısı kollektiv şəkildə Azərbaycana qarşı cinayətlərdə iştirak ediblər. Bir nəfər də olsun erməni orada azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərə etiraz etməyib. Ona görə də orada yaşamış ermənilərin hər biri Azərbaycan xalqına qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıyır. İndi beynəlxalq təşkilatların qarşısında müəyyən öhdəliklər var ki, Azərbaycan onları yerinə yetirir, amma hesab edirəm ki, Azərbaycan öz maraqlarına uyğun hərəkət etməlidir. Beynəlxalq təşkilatlar öz öhdəliklərini 30 il ərzində yerinə yetirmədilər və nəticədə fəlakətlərlə üz-üzə qaldıq. İndi Azərbaycan onların hansısa qaydalarına filana həddindən artıq da əməl etməyə borclu deyil. Elə bir ciddi ehtiyac yoxdur ki, beynəlxalq təşkilatların fikirlərini tam nəzərə alaq. Onların mövqeyini nəzərə almamalıyıq. Onlardan olsa erməniləri Qarabağa qaytarmalı və başımıza gələcəkdə yeni bəlaların gətirilməsinin təməlini qoymalıyıq. Ona görə də bu mümkün deyil”. 

Partiya sədrinin fikrincə, müəyyən beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə Xankəndidəki evlərin qapıları açıla, əşyaları siyahıya alına və bir yerə yığıla bilər. Bununla da dünya da görsün ki, ermənilərin qoyub getdikləri əşyaları mənimsəməmişik. Yəni bu məsələ yaxın zamanlardan etibarən həllini tapmalıdır. Çox uzanmamalıdır ki, azərbaycanlıların öz evlərinə köçürülməsi də reallaşdırılsın”. 

Etibar SEYİDAĞA,
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »