• Be. Apr 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” filmi təqdim olundu FOTO

Fev 24, 2024

Loading

Nizami Kino Mərkəzində Xocalı itkinləri mövzusunda çəkilən “13” adlı bədii-sənədli filmin premyerası keçirilib.

Bashlibel.az xəbər verir ki, filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur. Çəkilişlərdə müxtəlif səhnələri canlandırmaq üçün onlarla aktyor iştirak edib.

Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrdən bəhs edir.

Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.

Filmdə həmin şəxslərin ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatları açıqlayır.

AYGUN SON.jpeg (26 KB)

Tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Aygün Əliyeva qeyd edib:

“Xocalı soyqırımına siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlər bu faciənin dünyaya çatdırılmasında, Azərbaycan həqiqətlərinin tanıdılmasında mühüm rol oynayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyi əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsinə xüsusi diqqət ayırır”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov isə çıxışında bildirib:

“Bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb. Azərbaycan torpaqları erməni işğalından azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq.

İtkin düşənlərin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə yaxın günlərdə yenidən məlumat veriləcək”.

MUBARİZ.jpeg (312 KB)

Filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Mübariz Əsgərov qeyd edib ki, 6 aya ərsəyə gələn filmin büdcəsi 60 min manat təşkil edib.

Qeyd edək ki, filmin bir sıra xarici ölkələrdə ingilis dilində nümayişi nəzərdə tutulur.

 

Bashlibel.az
Translate »