![]()
Bu gün iyunun 25-dir, ata… Sənin bu dünyadakı son nəfəsini bədəninə sığışdıra bilməyib göylərə ucaldığın, bizim isə bir daha heç vaxt tam isinə bilməyəcəyimiz o günün ildönümüdür. Düz altı ildir ki, təqvimdəki bu tarix ürəyimə bir möhür kimi vurulub. Altı ildir ki, mən hər iyun ayında yayın istisində deyil, sənsizliyin o buz kimi soyuğunda üşüyürəm.
Həyat davam edir, deyirlər, ata. İnsanlar gülür, işə tələsir, günlər bir-birini əvəz edir. Amma heç kim bilmir ki, mənim içimdə bir yer var — orada zaman hələ də 2020-ci ilin həmin o ağrılı iyun günündə dayanıb. O insult xəbərini aldığım, lakin heç bir kömək edə bilmədiyim, o amansız sükutun hər tərəfi bürüdüyü andaca donub qalmışam. Sən getdin və mən o gündən bəri ömrümün ən böyük dayaq nöqtəsini itirdim.
Sən sadəcə mənim atam deyildin, sən mənim həyatı dərk etdiyim ilk dərslik idin. Ağsaçlı, müdrik, gözlərində həm bir müəllim ciddiyyəti, həm də bir atanın sonsuz şəfqəti olan insan… Kəlbəcərdən, canından çox sevdiyin Başlıbeldən didərgin düşəndə o dağların dumanı sənin gözlərinə köçmüşdü, ata. Salyanın, Bərdənin məktəb otaqlarında şagirdlərə dərs keçəndə, lövhəyə hər təbaşir toxunduranda əslində ürəyindəki o yurd nisgilini ovutmağa çalışırdın, mən bunu bilirdim. Bizi heç vaxt darda qoymadın, köçkünlüyün o ən amansız illərində belə bizə dürüstlüyü, işimizə qarşı elə bir məsuliyyəti aşılamağı bacardın ki, bu gün atdığımız hər addımda sənin o nəsihətlərinin izi var.
Amma bircə arzu var idi ki, o sənin içində bir yara kimi qaldı… O ev… Hər daşını min bir əziyyətlə, əllərinin qabarı ilə qurduğun, hər küncündə xatirələrinin gizləndiyi Başlıbeldəki o ocağın. Sən o evin qapısını yenidən açmaq üçün yaşadın, ata. Ömrünü o torpağa qovuşmaq ümidinə kökləmişdin. Nə biləydik ki, amansız əcəl sənə cəmi bir neçə ay da olsa dözmək imkanı verməyəcək? Sən o yolların açıldığını görmədən, qəfil bir fırtına kimi gələn xəstəliklə Bərdənin Türkmən kəndində bir məzar daşına çevrildin. O gün səninlə bərabər mənim də bir parçam torpağın altına girdi.
İndi hər şey var, ata… Şuşa da, Kəlbəcər də, sənin o doğma Başlıbelin də azaddır. Amma sən yoxsan… İndi o torpaqlara baxanda mən sənin o intizarla baxan gözlərini görürəm. O kəndin hər daşında, hər cığırında sənin yarımçıq qalmış arzularının pıçıltısı var. Bilirəm, sən cismən o torpaqlara qədəm qoya bilmədən köçdün bu dünyadan, amma ruhun çoxdan azaddır, çoxdan o doğma evimizin həyətindədir.
Bağışla məni, ata… Hələ də sənsizliyə alışa bilmədiyim üçün, hər 25 iyun gələndə səsini eşitmək üçün uşaq kimi sızıldadığım üçün bağışla. Sən bizə güclü olmağı öyrətmişdin, amma sənsiz necə güclü olacağımızı deməmişdin.
Yuxuların şirin, məkanın cənnət olsun, mənim şərəfli, mənim fədakar atam. Sən getdin, amma bu dünyada buraxdığın təmiz adın və bizə bəxş etdiyin o böyük insanlıq dərsi hər zaman yolumuzu işıqlandıracaq. Nur içində yat ATA, ruhun hər zaman bizimlədir…
Ömür Yarpaqlarından Xatırlatma:
Məmmədov Sabir Ağa oğlu 14 fevral 1943-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. O, ömrünün 43 ilini (1968–2011) gənc nəslin təlim-tərbiyəsinə və müqəddəs müəllimlik peşəsinə həsr etmişdir. 25 iyun 2020-ci il tarixində Bərdə rayonunda əbədiyyətə qovuşmuşdur. Allah rəhmət eləsin.
Yalçın Ağayev
Bashlibel.az