![]()
Bu günlərdə Kəlbəcər rayonunun Başlıbel kəndindən Qaraçanlı kəndinə gedən yolda yenidənqurma işlərinə start verilmişdir. Həmin yol işğaldan əvvəl Başlıbel kəndindən Kəlbəcər şəhərinə gedən ən qısa yol hesab olunurdu. Yolun o zamankı uzunluğu 25 kilometr idi. Yol ancaq yazpayız mövsünündə işlək vəziyyətdə olurdu.
Qış dövründə isə həmin yollar buzla və qarla örtülü olduğundan maşınlar orada hərəkət edə bilmirdilər. İşğaldan ötən 33 ildə həmin yollar işlək olmadığından tamamilə dağılmış, yoldan heç bir iz qalmamışdır. Bu illər ərzində yağan yağışlar və qar sularının yaratdığı sellər nəticəsində ərazidən keçən yollardan əsər-əlamət qalmamışdır. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə bu yay mövsümündə Kəlbəcərlə Başlıbeli birləşdirən ən qısa yolun çəkilişi bu günlərdə həyata keçirilib.
Yolun çəkilişində ağır texnikadan istifadə olunub. İcarəyə götürülmüş bıçaqlı traktor Başlıbeldən Baş Qaraçanlı kəndinə qədər olan 13 kilometr yolu beş gün müddətində açaraq Başlıbel -Kəlbəcər yolunun istifadəyə verilməsinə nail olub.
Bu ağır işin görülməsi üçün “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi İdarə Heyətinin sədri Vüqar Həşimov, İdarə Heyətinin üzvlərindən Rövşən Həşimov, Natiq Salahov, Dağlar Həsənov və Yusif Salahov özləri öndə gedərək kənddə olan fermer təsərrüfatında çalışan həmkəndliləri də səfərbər etməklə qarşıda qoyulan məqsədə nail olublar. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi İdarə Heyətinin üzvü Dağlar Həsənov traktorun kənddə işlədiyi səkkiz gün ərzində hər gün özünün şəxsi minik maşınında Başlıbeldən Tunelədək olan 37 kilometr yolu qət edərək Tunel ərazisindəki yanacaqdoldurma məntəqəsindən yanacaq götürərək Başlıbel kəndinə çatdırır və traktoru vaxtlı-vaxtında yanacaqla təmin edirdi.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi İdarə Heyətinin sədri Vüqar Həşimov Kəlbəcərdən yeni çəkilən yolla gələn ilk sürücü oldu. Onun verdiyi məlumata görə Kəlbəcərdən Başlıbelə gələn bu yolun uzunluğu 30 kilometrdir. Halbuki, Başlıbel-Zülfüqarlı-Tunel-Kəlbəcər yolunun uzunluğu 62 kilometrdir. Bu rəqəmləri müqayisə edəndə Başlıbel-Qaraçanlı-Kəlbəcər yolunun nə qədər səmərəli olduğu açıq-aşkar görünür.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Başlıbeldə gördüyü işlər təkcə bununla məhdudlaşmayıb. Belə ki, bugünlərdə həmin traktorla Başlıbel Şəhidləri Körpüsünə qədər yeni yol çəkilib. Bu yol vasitəsi ilə şəhidlərin məzarlarını ziyarət etmək istəyənlər maşınla bu yaxınlarda istifadəyə verilmiş Başlıbel Şəhidləri Körpüsünə qədər sərbəst şəkildə gedə biləcəklər. Daha sonra Başlıbeldən Barıtlı kahaları istiqamətində gedən maşın yolunun çaydan kənarlaşdırılması işi həyata keçirilib.
Başlıbel camaatının müqəddəs məkanlarından olan Güney Qəbiristanlığına gedən yolun yenidən çəkilməsini də bugünlərdə “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi reallaşdırıb. Bu yol uzun illər baxımsız qaldığından tamamilə dağılmışdı. Ötən il İctimai Birliyin vəsaiti hesabına yolun bir hissəsi təmir olunmuş, lakin tam başa çatdırılmamışdır. Görülən işlərin yekunu olaraq Güney Qəbiristanlığına qədər olan yol yenidən açılaraq tamamilə başa çatdırıldı.
Yolun açılmasından sonra bütün bu işləri həyata keçirən traktorçu Asif Dadaşovla söhbət etdik. Əslən Goranboy rayonundan olan Asif Dadaşov bildirdi ki, artıq səkkiz gündür ki, Başlıbel kəndi ərazisində müxtəlif istiqamətlərdə yol çəkilişi işi ilə məşğuldur: “Kənddə olan sakinlərin və “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi üzvlərinin əlbir olaraq bu yolların çəkilişində fəal iştirak etməsi məni ən çox heyrətləndirən məsələdir. Bu camaatın əlbir olması onu göstərir ki, siz qarşınızda duran bütün məqsədlərə çatacaqsınız. Bu birliyi həmişə qoruyub saxlayın. İş prosesində traktora lazım olan bütün yanacaq -sürtkü yağları və ehtiyat hissələri vaxtlı-vaxtında və operativ olaraq çatdırıldı. Xüsusilə, Seyid Natiqin, Rövşənin, Vüqar müəllimin və Dağların dəstəyini hər dəqiqə hiss etmişəm. Kənddən nə qədər uzaqda işləsəm də yemək və çay vaxtlı-vaxtında təmin olunurdu. Burada işlədiyim müddətdə kəndinizin sakinlərinin çox qonaqpərvər, mehriban və savadlı olmasının şahidi oldum.
Bizim üçün yemək və çay hazırlanmasında zəhmət çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm. Burada ilk işim Şəhidlər qəbiristanlığına yol açmaq oldu. Əlimdən gələni etdim ki, şəhidlərin adına layiq bir yol olsun. Halal-halal xoşları olsun. Sonra Ağcaqız yolunu açaraq Qaraxançallı kəndinin yolu ilə birləşdirdim. Daha sonra məcrasından çıxan çayı yeni məcraya salaraq güneydən yol açdım. Doğrudur, yolun qayalıqdan keçməsi traktoru çətinə salırdı. Lakin bunun da öhdəsindən gəldim. Daha sonra kəndin Güney Qəbiristanlığına yol çəkdim. Çəkdiyimiz bütün əziyyətlər halal xoşları olsun”.
Oqtay SALAHLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bashlibel.az