![]()
Bəzən dağlar yalnız dumanı, uca zirvələri ilə deyil, köksündə daşıdığı ağır xatirələrlə də ucalır. Kəlbəcərin vüqarlı qucağında, Başlıbelin sıldırım qayalıqlarına sığınmış bu müqəddəs guşədə — Başlıbel Şəhid Məzarlığında dayanarkən insan addım-addım həm böyük bir kədərin, həm də sonsuz bir qürurun içinə gömülür.
Sərt dağ relyefində, mürəkkəb təbiət şəraitində belə bir işin ərsəyə gəlməsi həqiqətən də böyük fədakarlıq, zəhmət və el birliyinin təzahürüdür. Şəhidlərimizin məzarlarının yenidən qurulması, eləcə də buranı ziyarət edənlərin rahat və təhlükəsiz keçidini təmin etmək üçün inşa olunan asma körpü doğma kəndimizin sakinləri Arif Süleymanov və Qalib Əbdüləliyevin maddi dəstəyi və təşkilatçılığı ilə reallaşıb. Bu böyük təşəbbüslə yanaşı, kəndimizdə olan digər sakinlərimiz də fiziki olaraq, öz alın tərini tökərək bu ağır işdə çiyin-çiyinə çalışıblar. El birliyi ilə araya ərsəyə gələn bu müqəddəs ocağın bərpasında və xatirəsinin yaşadılmasında zərrə qədər də olsa əməyi, zəhməti, köməyi olan hər bir kənd sakinimizə Bashlibel.az saytı adından dərin minnətdarlığımızı bildiririk.
İllərlə həsrətini çəkdiyimiz bu torpaqlarda indi üçrəngli bayrağımız dalğalanır. O bayraq ki, zamanında fədakarlıqla, canı və qanı bahasına bu dağları tərk etməyən, faciəvi günlərin canlı şahidləri və qurbanları olan Başlıbel mülki şəhidlərinin, igid vuruşanlarının ruhu üzərində kölgə salır.
Məzarlığın pilləkənləri ilə yuxarı qalxdıqca, hər pillədə bir ailənin, bir kəndin, bir elin tarixinə toxunursan. Məzar daşların üzərinə yazılmış adlar, tər qərənfillərin al-qırmızı rəngi ilə birləşib səssiz bir dastan pıçıldayır. İllər sonra doğma kəndinə, ata-baba ocağına qayıdıb bu abidə kompleksi önündə ehtiramla baş əymək, ailəlikcə o müqəddəs ruhlara dua etmək hər bir başlıbelli üçün həm ağır bir nisgil, həm də təsəlli dolu bir borcdur.
Bura sadəcə bir məzarlıq deyil; bura tariximizin, dözümümüzün, unudulmayan acılarımızın və əbədi qayıdışımızın daşlaşmış yaddaşıdır. Mərmər lövhələrdən bizə baxan o adlar Başlıbelin qayasında, daşında ömürlük həkk olunub.
Ruhunuz şad olsun, Başlıbel şəhidləri! Bu torpaq artıq azaddır və sizin müqəddəs xatirəniz hər zaman bu dağların başı üzərində ucalacaq.




Yalçın Ağayev
Bashlibel.az