Bu gün Xocalı soyqırımından 31 il keçir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.
31 ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. 31 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.
Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar.
1990-cı illərin əvvəllərində Xocalıya qədər ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. Hələ faciədən dörd ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər faktiki olaraq mühasirəyə alınmışdı. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi və bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən atılan raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və azərbaycanlılar yaşayan digər strateji əhəmiyyətə malik kəndlər ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb. Bundan başqa ermənilər 24 mart 24 mart 1990-cı ildə Bağanis Ayrım kəndində, 1991-ci ildə Kərkicahanda, 22 dekabr 1991-ci ildə Meşəli kəndində, 1991-ci il ilin iyunu və 1992-ci iin martında Başgüneytəpə kəndində, 1992-ci ili aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində, 1992-ci il avqustun 28-də Ballıqayada, 1993-cü il aprelin 18-də Kəlbəcərin Başlıbel kəndində dinc azərbaycanlılara qarşı dəhşətli qətliamlar, kütləvi qırğlnlar həyata keçiriblər.
1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı motoatıcı alay Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə, Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə ikinci Xocalı da deyirlər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi. Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
Azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.
Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.
Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Xocalının qisası isə Xocalını azad edib üçrəngli bayrağımızı orada ucaldanda alınmış olacaq.
Etibar Ağayev
Bashlibel.az