• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Xocalı soyqırımının 32-ci ili

Fev 26, 2024

Loading

Bu gün Xocalı soyqrımından 32 il keçir. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni erməni vandallarının və 366-cı rus alayanın törətdiyi Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günədək naməlumdur. Şəhər yerlə-yeksan olunub.
Faciəvi gecə zamanı 487 Xocalı sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Öldürülən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla məhv edilib.
Bu soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.
Sözsüz ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost yəhudi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Qeyd edək ki, mərhum prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.
Siyahıda adı olan ilk Xocalı canilərindən biri Xankəndindəki 366-cı alaya rəhbərlik edən polkovnik Zaviqarov Yuri Yureviçdir. 1992-ci ilin 24 fevralında Xankəndidə əsgərləri qarşısında çıxış edən polkovnik fevralın 25-i gecəyə planlaşdırılan hücumdan öncə deyib: “Sabahkı davamız dini savaşdır. Biz xristianları islamdan xilas etməliyik, ona görə bacardıqca daha çox türk-müsəlman öldürün”.
23-cü diviziyanın komandiri general-mayor Boris Budeykin isə polkovnik Zaviqarova nağd 36 min dolları məhz həmin gecədə törətdikləri vəhşilik aktlarına görə təqdim etdiyini təsdiq edib.
31 ildən artıq erməni işğalında qalan Xocalı bu gün azaddır. Azərbaycan ordusunun 2023-cü ilin sentyabrında 1 günlük anti-terror tədbirləri nəticəsində Xocalı azad edildi. Artıq Xocalıda quculuq işləri həyata keçirilir və bu il sakinlər öz evlərinə köçürüləcəklər.

Etibar Seyidağa,
Bashlibel.az

Translate »