Başlıbelli ziyalı, əməkdar müəllim Hüseyn Şahbəndəyev “Yasəmən ətri” kitabının ön sözünə yazdığı yazını Bashlibel.az saytına təqdim edib.
Orta məktəbdə oxuduğum illərdə “İti gözlər” adlı sinif divar qəzetimiz vardı. İlk aylarda qəzetin tərtibatına sinif rəhbərimiz mərhum Məhiyəddin Əsədov yaxından kömək edirdi. Hər dəfə də tapşırırdı ki, yazdığınız məqalələrdə obrazlı ifadələr, “şırıqqalı sözlər” tapıb işlədin. Hələ yeri gədikcə Azərbaycan dili və ədəbiyyat müəllimimizə – Əhəd Məmmədova da bizim yazılarımızın dadlı-duzlu olmasına fikir verməyi xatırladırdı…
Divar qəzetinə məni redaktor təyin etmişdilər. 7-ci sinifdə oxuyanda “Bizim sinfin qızları” adlı bir “şeir”imi xeyli təriflədilər, mən də həvəslənib rayon qəzetinə öz şeirlərimi göndərdim… Yəni belə demək olarsa, şeirlə düşünməyə elə o vaxtdan başlamışam…
Kənddəki dostlarla – Elman Səlimovla, Ələkbər Bikəslə, Vəli Süleymanovla poeziya barədə müzakirə və mübahisələr edərdik, hərdən şeirlərimi onlara söylər, fikirlərini öyrənərdim, bəyənilən və tənqidi qeydlərini eşidərdim. Ancaq Kəlbəcərdə o zaman Dədə Şəmşir, Bəhmən, Sücaət, Əli Qurbanov, Əli Başlıbelli, Şamil Əsgərov, Qəmkeş Allahverdi, Sönməz Ələkbər… kimi sevilən şairləri gördükdən sonra yazdıqlarımı üzə çıxartmırdım…
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil aldığım illərdə poetik istedadı ilə fərqlənən tələbə yoldaşlarıma – Mehman Qaraxanoğluna, Avdı Qoşqra baxıb səsimi çıxarmadım…
1993-cü ilin aprelində Kəlbəcəri ermənilər işğal edəndə evimdən bir çöp də götürmədim, hətta qalın bir kitab kimi tərtib etdiyim şeirlər toplusunu da götürə bilmədim… Ancaq işğaldan sonra səsimi içimdə boğa bilmədim. Daha çox yurd yanğımı, göynərtilərimi ifadə edən şeirlərimi məktəb tədbirlərində, dost-tanış yığıncaqlarında, məclislərdə söylədim, “Facebook”da paylaşdım, internetdə yayımladım. Çoxlu müsbət fikirlər də, bəzi tənqidi qeydlər də eşitdim…
2015-ci ildə Azərbaycan Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün bədii əsər müsabiqəsi” yarışmasına qatıldım, 20 şeirdən ibarət bir buklet təqdim etdim. Məktəblərdən yığılmış analitik rəylərdən sonra 3-cü mükafata layiq görüldüm… Qərara aldım ki, bunlardan bir qismini yığıb çapa verim. Həm də emosional yanaşmanın yerini idraki təhlilə verdiyi son dövrə aid yazıları bu kitabda yerləşdirmək qərarına gəldim. Buraya daha çox ata-baba yurdlarına olan həsrətimi, qayıdışa olan inamı əks etdirən şeirləri, həyat, təbiət və cəmiyyətlə bağlı düşüncələri, eləcə də məktəblilər üçün yazdığım şeirləri və mənzum hekayələri daxil etdim. «Yasəmən ətri» kitabı belə yarandı…
Əsas işim müəllimlikdir. Çoxlarının reklam etdiyi repetitorluq edə-edə ömrün müdrik yaşına çatmışam. Bir vaxtlar dərsliklərdən birinin cildinə yazdığım bənd burada yerinə düşür:
Zamanın köhləni çapar dördnala,
Başımın üstündən ötüşər illər,
Dönəndə bu ömür bir gün nağıla,
Məndən nə söyləyər, danışar dillər?!
Bu qədər. Qalanı qalır oxucu rəyinə… Yazılarımı oxumağa vaxt ayırdığınız üçün hamınız çox dəyərlisiniz, əziz oxucularım!
Bu məktubumla paralel bir şeirimi Sizə göndərirəm:
Fərqlilik
(Dostum Elman Səlimovun xatirəsinə)
Lap əvvəldən fərqli idi:
Yerişi də, duruşu da,
Fikirləri, düşüncəsi,
İnsanlara baxışı da.
O hamıdan fərqli idi,
Kimə gəldi dost demədi.
Mən biləni bircə yol da
Xalaxətrin tost demədi.
Hamımızdan seçilirdi
Hafizəsi, istedadı.
Kitabları lap birinci
Elman tapıb oxuyardı.
Yanaşması fərqli idi,
Sözün altını görürdü,
Düşündüyü fikirləri
Dərhal bizimlə bölürdü.
Onun üçün ya düz vardı,
Ya tam əyri,
Əyrilərlə savaşardı,
Əyriliklər onu əydi…
Yox, yanıldım, o, döyüşdü
Axıradək, əyilmədi.
Ona görə öləndə də
O, hamı kimi ölmədi…
Hörmətlə,
Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim
Çox böyük məmnuniyyətlə oxudum. Hörmətli Hüseyn müəllimə can sağlığı və yaradıcılıq uğurları arzu edirəm.