“08 dekabr 2022-ci il tarixinədək Fondun hesabına 75 846 318.85 vəsait mədaxil olub”. Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı illik hesabat konfransında deyib. O, qeyd edib ki, ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 230 yaralı olmaqla ümumilikdə 17 670 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 744 şəxsin 35 175 müraciəti icra üçün öhdəliyə götürülüb: “Fondun fəaliyyət istiqamətləri üzrə 71 612 351.53 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 4 233 967.32 AZN təşkil edir.
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 41 042 300.00 AZN,
təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 1 347 611.19 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 6 772 442.30 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 22 449 998.04 AZN xərclənib”.
E.Hüseynov həmçinin, qeyd edib ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 41 042 300.00 AZN təşkil edir:
:Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 448, itkin ailə üzvlərinin 7 və yaralıların 6 798 müraciəti olmaqla ümumilikdə 12 253 müraciət təmin edilib”.
Elvin Hüseynov deyib ki, 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 104 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.
Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.
Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 1 347 611.19 AZN təşkil edir. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 339 və yaralıların 93 müraciəti olmaqla ümumilikdə 432 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 581.99 AZN vəsait qarşılanıb. Təhsil haqqının qarşılanması üzrə 242 müraciət Fond tərəfindən, 114 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri).
E. Hüseynov qeyd edib ki, 7 dekabr 2022-ci il tarixinədək “YAŞAT” Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb: “Bununla yanaşı “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group” və “Data Science Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub. Rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2000 AZN təsis edilərək, ümumilikdə 72 şəxsin (43 şəhid ailə üzvü və 29 yaralı) hesabına vəsait köçürülüb. 2021-2022-ci tədris ili üzrə 49 şəxsə (31 şəhid ailə üzvü və 18 yaralı), 2022-2023-cü il tədris ili üzrə isə 23 şəxsə (12 şəhid ailə üzvü və 11 yaralı) 2000 AZN vəsait köçürülüb.
E.Hüseynov həmçinin deyib ki, “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək üçün 22 milyon xərclənib. O müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 8 870, itkin ailə üzvlərinin 5 və yaralıların 6 819 olmaqla ümumilikdə 15 694 müraciətin təmin edildiyini qeyd etdi: “Ümumilikdə 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir”.
E.Hüseynov eyni zamanda Azərbayaca dəvət olunan həkimlərlə bağlı məlumat verib: ““YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib. 28 fevral – 7 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.
Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 7 yaralının müalicəsində istifadə olunub.
Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.
2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib. 2022-ci ilin avqust ayında yenidən Məsud Aşina və Harvard Tibb Məktəbinin Nevrologiya və anesteziologiya kafedrasnın dosenti, Bostondakı “Beth İsrael Deaconess” Tibb Mərkəzinin Baş ağrısı şöbəsinin rəhbəri Səid Aşina tərəfindən Vətən müharibəsi zamanı başından ağır xəsarətlər alan 14 yaralı Bakı Sağlamlıq Mərkəzində təkrar müayinə prosesinə cəlb edilib və onlara uyğun müalicə təyin olunub.
2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.
Türkiyə Respublikasında (İstanbul, Bursa və İzmit) Fondun dəstəyi ilə müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya (2022-ci il 13 yanvar-16 yanvar) təşkil olunub”.
İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə isə “YAŞAT” Fondu tərəfindən xərclənən vəsait 6 772 442.30 AZN təşkil edir. 2198 müraciət təmin edilib: “İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib.
Bashlibel.az