![]()
Gözəl Gədəbəy rayonundan olan əziz və dəyərli əsgər yoldaşım, köhnə dostum Ceyhun Səfərov Kəlbəcərlə tanış olmaq qərarına gəlmişdi. Mən də bir dost kimi, həm də bir kəlbəcərli olaraq bu qərara çox sevindim. Nəhayət, birlikdə doğma Kəlbəcərimizə səfər edib əksər bölgələrini gəzdik, səyahət etdik, müqəddəs yerlərimizi ziyarət etdik.
Əslində, Səfərov özü də dağlar oğludur. Bakıda yaşasa da, Gədəbəyə olan sevgisi onu tez-tez doğma dağlara aparır. Kəlbəcər səfərimizdən sonra qərara gəldik ki, Gədəbəyi də birlikdə gəzək.
Sözümün canı isə tamam başqa bir məsələdir…
Nəhayət, Gədəbəyə çatdıq və Səfərovun atası Sahib müəllimlə görüşdük. Dağ havası kimi təmiz qəlbli, səmimi və mehriban bir insandır Sahib müəllim.
Gədəbəy Bakıdan xeyli uzaq olduğundan etiraf edim ki, Sahib müəllimlə tez-tez görüşmək imkanımız olmayıb. Əsasən toylarda, o da səs-küyün içində qısa görüşlərimiz olub. Belə məclislərdə insan heç bir kəlmə belə rahat söhbət edə bilmir. Sahib müəllim bizim gəlişimizə çox sevindi. Oturduq, Gədəbəyin təmiz bulaq suyundan dəmlənmiş çayı içə-içə söhbət etməyə başladıq. Mən danışdıqca Sahib müəllim diqqətlə məni dinləyirdi. Birdən mənə baxıb soruşdu:
“Səni mənim ən yaxın dostum və müəllimim olmuş, Kəlbəcərin Başlıbel kəndindən olan Əli Mirzəyevə çox oxşadıram”.
Sonra ayağa qalxıb köhnə albomunu gətirdi və Əli Mirzəyevlə birlikdə 1960-cı illərin sonlarında çəkdirdikləri tarixi bir fotoşəkli mənə göstərdi.
Fotodakı üç nəfərdən biri-ortada dayanan şəxs Əli Mirzəyev idi.
Bu xoş təsadüf məni heyrətləndirdi və Sahib müəllimə dedim:
“Sahib müəllim, Əli Mirzəyev mənim babam olub”.
Bu sözləri eşidəndə Sahib müəllimin gözləri yaşardı. Əli Mirzəyev haqqında elə xoş, elə səmimi sözlər dedi ki, həmin an keçmişin illəri sanki gözümüzün önündən keçdi.
Dedi ki, Əli müəllim tələbəlik illərində ona zarafatla “Kolxoz sədri” deyə müraciət edirmiş. “Bu söz mənə çox xoş gəlirdi”, — deyə xatırladı Sahib müəllim.
Məni ən çox təsirləndirən isə bu oldu: 20 il ərzində biz bu xatirələrdən xəbərsiz olmuşuq.
Sahib müəllim Əli Mirzəyev haqqında danışdıqca bir daha anladım ki, yaxşı insanlar heç vaxt unudulmurlar.
“Əli Mirzəyev heç vaxt tələbədən pul almazdı, institutda oxuyan kasıb-kusub balalarına əl tutardı. Özü də çox sadə, təvazökar insan idi” – dedi Sahib müəllim.
Bu sözlər mənim üçün çox qiymətli idi. Çünki söhbət sadəcə bir müəllimdən getmirdi. Söhbət insanlara yaxşılıq etmiş, özündən sonra gözəl iz qoymuş bir insandan gedirdi. Yarım əsrdən çox vaxt keçib və sən bir müəllim, bir sadə insan kimi undulmamısansa, tələbənin yaddaşında qalmısansa, üz cizgilərin, çöhrən hələ də tələbənin gözlərində iz buraxıb qalırsa deməli boşuna yaşamamısan. Biz hamımız ona “Alı baba” deyirdik.
Bu gün onun haqqında belə xoş sözləri eşitmək, onu illər sonra başqa bir insanın xatirələrində yaşatmaq mənim üçün həm böyük qürur, həm də kövrək bir duyğu oldu.
Allah bütün yaxşı insanlara rəhmət eləsin.
Allah mənim Əli babama da rəhmət eləsin.
Ruhu şad, məkanı cənnət olsun.
Yaxşılar unudulmur. Onlar xatirələrdə, sözlərdə və insanların qəlbində yaşamağa davam edirlər.

Səbuhi Ağa
Bashlibel.az