• C. May 17th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Zəfər günü-Azərbaycan tarixinin qızıl dövrü

Noy 8, 2022

Loading

Bu gün – noyabrın 8-i Azərbaycan qədim Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Belə ki, Vətən müharibəsi zamanı hər gün surətlə irəliləyən, günbəgün torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu oktyabrın ortalarında Hadrut qəsəbəsini düşməndən təmizləyib. Ordumuz daha sonra Xocalı rayonunun Çanaqçı kəndini, ardından isə strateji Şuşa-Laçın yolunun bir hissəsini düşməndən azad edib. Bundan sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) şimala doğru irəliləyərək sıx meşələri və keçilməz yarğanları, çətin dağ keçidlərini aşıb, Şuşaya istiqamət götürüb. Noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olublar. Xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər idi. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.
Şuşa dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşir. Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Şəhər Cənubi Qafqazda yerləşən Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Xankəndi şəhərinə gedən Laçın dəhlizi də buradan keçir.
289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Həmin dövrdə Şuşanın 24 min nəfər əhalisi vardı. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbt olunmuşdu.
Hazırda Şuşanın 34 300 nəfər əhalisi Azərbaycanın 58 rayonunda müvəqqəti məskunlaşıb və onlar doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyirlər. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
Şuşaşnın işğaldan azad olunması Ermənistan ordusunun diz çökməsinə gətirib çıxardı. Şuşaşnın azad edildiyi 8 noyabr Azərbaycanda Zəfər günün kimi dövlət bayramı olaraq qeyd edilir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri məhz 8 noyabrdır.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın iki Il əzrində Şuşaya səfərləri olub. Eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edib. Azərbaycanla Türkiyə arasında Şuşada Şuşa Bəyannaməsi adı verilən müttəfiqlik sazişi imzalanıb.
Hazırda Şuşa şəhərində çox geniş miqyaslı tikinti quruculuq işləri həyata keçirilir. Şuşaya aparan geniş və rahat Zəfər yolu qısa müddətdə inşa edilərək istifadəyə verilib. Artıq Şuşada rəsmi dövlət tədbirləri, ədəbi tədbirlər, mədəniyyət tədbirlərinin keçirilməsi də Şuşaya yeni bir həyat gətirir. Şuşa dirçəlir, Şuşa yenidən qurulur.

Etibar Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »