• Şb. Apr 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Zülmət dünyasının BİÇARƏ nuru

Dek 31, 2022

Loading

Əziz oxucular ! “Başlıbel ziyalıları” rubrikalı məqalənin əks-sədası olaraq Başlıbelin ilk ziyalısı olan Molla Məhəmmədin nəvəsi, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Mirzə 2013-cü ildə babası Molla Məhəmməd haqqında əldə etdiyi məlumatları çap etdirmişdir. Saytımızın 25 dekabr və 28 dekabr tarixli buraxılışlarında Molla Məhəmməd haqqında yazılmış məqaləni oxuduqdan sonra Hüseyn müəllim babası haqqında daha ətraflı məlumatları özündə əks etdirən həmin məqaləni bizə təqdim etmişdir. Məqaləni sizlərə təqdim edirik :

Molla Məhəmməd

(1890 – 1969)

Azərbaycanın cənubi-qərb bölgələrində, Qarabağ mahalında Molla Məhəmməd adı ilə məşhurlaşan, yaşadığı dövrün açıq fikirli ziyalısı, hərtərəfli biliyə, geniş dünyagörüşünə malik alimi, mütəfəkkiri olan və el ağsaqqalı kimi yüksək bir titul qazanmış  Salahov Məhəmməd Mirzə oğlu 1890-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dövlətli bir kişinin ailəsində anadan olmuşdur.

Atası Salahov Mirzə Salah oğlu  el içində sözü eşidilən, əməli sayılan nüfuzlu bir ağsaqqal, anası Nərgiz isə xanım-xatın bir qadın  olmuş, Allah onlara Məhəmməd və Həsən adında iki oğlan və Xanaxanım, Nənəxanım, Nöyrəstə və Göyçək adında dörd qız övladı vermişdir.

Mirzə kişi əkinçilik və maldarlıqla məşğul olmaqla bərabər kənddə mollalıq da etmişdir. O, insanın mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsinə xüsusi fikir vermiş, bunun üçün öncə hər kəsin dini və dünyəvi elmlərə yeyələnməsini, cəmiyyətin və təbiətin qanunauyğunluqlarını öyrənməsini zəruri hesab etmişdir. Həyata bu prizmadan baxışı da ona övladlarının içərisində ağlı, kəmalı ilə seçilən Məhəmmdə dini və dünyəvi təhsil verməyə çalışmasına sövq etmişdir.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın əyalət mərkəzlərində, hətta bəzi iri şəhərlərində belə məktəblərin yetərincə olmaması, ali təhsil ocaqlarının isə, demək olar ki, yoxluğu, oxumaq istəyində olanların qarşısına çox böyük çətinliklər çıxarırdı. O dövrdə dinin çox böyük nüfuz və təsirə malik olduğu, bəzən də, təəssüf ki, xurafat libasına büküldüyü zamanlarda, demək olar ki, bütün bölgələrində məktəblərin əvəzinə, əsasən, mollaxanalar fəaliyyət göstərirdi. Bu mollaxanalar əksərən müstəqil, öz həvəsinə biliklərə yeyələnmiş, «məktəbi, universiteti» bütövlükdə el olan mollalar tərəfindən yaradılırdı. Mirzə kişi də oğluna təhsil vermək üçün ilk öncə balaca Məhəmmədi kənddə bilik və mənsəb sahibi sayılan Seyid Hüseynin mollaxanasına qoydu. O, Molla Məhəmmədin ilk müəllimi oldu, sonralar isə «balaca şagird» həm də Molla Şəhbəndədən, Molla Balakişidən dərs almağa başladı. İbtidai təhsilini başa vurduqdan sora atası molla Məhəmmədi ucqar bir dağ kəndindən təhsilini davam etdirmək üçün öküz karvanı ilə Şuşa qalasına göndərir. Onunla birlikdə və ondan əvvəl də çoxları yüksək təhsil almaq niyyəti ilə Qarabağın mərkəzinə gəlmişdi. Lakin onların çoxu əksərən başı açıq, ayağı yalın 7-10 günlük atla, öküzlə, bəzən isə piyada gedilən, daşlı-kəsəkli yolun, aclığın əziyyətinə davam gətirməmiş, təhsilini başlayar-başlamaz, yarımçıq qoyub öz yurduna qayıtmışdır. Doğma kəndindən, el-obasından ayrı düşən Məhəmməd isə min cür əziyyət və məşəqqətlə, xalqına xidmət etmək, yaşıl rəngli dinin qara rəngli çadrası altında, mövhumat və xurafatın təsiri ilə səfalət günündə günlərini sayan adamların gözünü açmaq üçün düz beş il Şuşa qalasında təhsil aldı, dini və dünyəvi elmlərin əsasına yeyələndi. Sonra isə şərqin ən böyük mədəniyyət və dini mərkəzlərindən biri olan Səmərqənd şəhərində müsabiqədən keçərək ilk diplomunu aldı və təhsilini davam etdirmək üçün Xorasan şəhərinə yüksək ali dini məktəblərdən birinə göndərildi. Bu məktəbi də müvəffəqiyyətlə bitirərək ikinci diplomunu aldı və ona yüksək dini titul olan axund rütbəsi verildi. O zaman Məhəmmədin üzünə çox qapılar açıq idi, Xorasanda, oxuduğu təhsil ocağında qalıb işləyə, Bağdad, Nəcəf, Dəməşq, Qahirə kimi iri şəhərlərdə, dünyanın böyük universitet və ali təhsil ocaqlarında biliklərini zənginləşdirə, Səmərqəndə  və yaxud Şuşa qalasına qayıdaraq təhsil aldığı məktəblərdə sakitcə işləyə, yeni nəslin maarifləndirilməsində iştirak edə bilərdi. Lakin Məhəmməd başqa yol tutdu, daha vacib istiqamət götürdü – öz elinə qayıdıb, ucqar bir dağ kəndində avam camaatın maariflənməsinə, gənc nəslin xurafatdan ayrılaraq dini və dünyəvi elmlər nurunda işıqlanmasına çalışdı.

Ağsaqqalların dediyinə görə Molla Məhəmməd öz həmfikirlərinin köməyi ilə 1913-cü ildə Başlıbel kəndində mədrəsə açır, həmçinin məscid tikirlər. Bu bəlkə də, Kəlbəcər rayonunda açılmış ilk mədrəsə-məktəb olmuşdur.

Təəssüflər olsun ki, o bu cür işıqlı, parlaq arzularını tam həyata keçirə bilmədi. Dini qara rəngdə görən, mövhumat və xurafat çadrasına bürünmüş üzdən iraq mollaların, onların təsiri altında olan avam camaatın müqaviməti bəs deyildi ki, hərtərəfli elmi biliklərə yeyələnmiş, geniş dünya görüşlü, açıq fikirli gənc Məhəmməd də bir tərəfdən də yenicə qurulmaqda olan sovet hökumətinin gözündən yayınmadı. Fəhlələrin çəkicinin zərbəsi, kəndçilərin orağının kəsəri ilə hakimiyyəti ələ keçirmiş, ağlının kəsəri, cəmiyyətin elitası olan ziyalılara zərbə endirməkdən uzağa getməyən bolşeviklər əynindəki cındırından artıq paltarı, beş qoyun, üç keçi, bir inəkdən artıq mal-qarası və bu dünya üçün koma, o dünya üçün məzar yerindən artıq torpağı olanları xüsusi mülkiyyət sahibi, qolçomaq elan edir və özlərinə düşmən bilirdilər. Molla Məhəmmədin nəsli də belə «qolçomaq»lardan idi, özü də təkcə beş-üç dəst paltarı, beş-on baş mal-qarası, koma və məzar yerindən çox torpağı olan yox, əməlli başlı mal-qara, öküz sürüləri, at ilxıları, arı pətəkləri və əkin sahələri olan xüsusi mülk sahibləri idilər. Elə kəndin bir çox sakinləri, qohum-qonşular da bu mülkiyyətə xidmət etmək hesabına gün-güzəran sürürdülər. Bolşeviklər öncə Molla Məhəmməd gilin bütün var dövlətini, ev-məişət əşyalarına qədər müsadirə etdilər. Mal-qara sürüləri tamamilə yağmalandı, inəklərin körpə buzovlarına belə qıymadılar, xurjuna qoyub, öküzlərə yüklədilər, arı pətəklərinin hamısının aparılmasının mümkünsüzlüyünü görüb, arıları çaya axıtdılar, yalnız balını götürdülər, zər-zinət əşyaları, qiymətli pal-paltar, nə varsa, hamısı müsadirə olundu. O qədər də insafsız deyilmişlər, yox, oğul-uşağın, qız-gəlinin əynində olanlara dəymədilər, mal-qaradan da  bir öküz, bir inək, bir də beş baş qoyun saxladılar. Bütün bunlar bolşevik ideyaları ilə heç cür barışmayan, onlardan fərqli olaraq cəmiyyətin inkişafını onun maddi və mənəvi dəyərlərinin tərəqqisində görən Molla Məhəmmədlə sovet hökuməti arasındakı uçurumları daha da dərinləşdirdi. Bolşeviklərin mütərəqqi fikirli ziyalılara qarşı münasibəti əvvəlcə onları fəhlə kəndli hökuməti adlanan mürtəce şura hökumətinə xidmət etməyə məcbur edir, onların mənəvi daha sonra isə fiziki yoxluğuna gətirib çıxarırdı. Molla Məhəmmədlə də belə rəftar edildi, öncə yeddi illik məktəbdə müəllimlik etməyə məcbur etdilər. Lakin sivilizasiyanın gedişindən xəbərdar olan Məhəmməd bolşevik ideyalarını təbliğ edə bilməzdi. Bir il işlədikdən sonra aldığı maaşı rüşvət verərək işdən çıxdı və beləliklə, sovet hökumətinə xidmət etməkdən qəti surətdə imtina etdi. Bundan sonra artıq onun kimi mənəvi yoxluqlarına nail olunmayanlar üçün mürtəce rejim maddi yox etmək planı hazırlamışdı. Bu həbs, sürgün planı idi.

İlk dəfə Molla Məhəmməd dini fəaliyyəti əsas gətirilərək 1936-1937-ci illərdə tutulsa da, xoş bir təsadüf nəticəsində sovet hökumətinin caynağından qurtara bilmişdi. Ancaq 1939-cu ilə qədər, həmin il yenidən tutuldu, Murmansk həbsxanasına göndərildi. Molla Məhəmməd 1920-ci ildə Ağca xanımla ailə həyatı qurmuşu, həbs olunanda yaşları təxminən 2 – 15 arasında beş oğlu və iki qızı vardı, bolşeviklər onların da göz yaşlarına məhəl qoymadı…

1941-ci ildə həbsdən azad olundu, su yolu ilə Həştərxana gəldi. Lakin pulu qurtardığından vətənə doğru səfərini yarımçıq saxlamağa məcbur oldu. Bir ay tarlada kartof qazaraq, yol pulu qazanda və vətənə doğru yola düşdü.

Molla Məhəmməd gəlib ailəsini aclıq və səfalət içərisində görür. Bolşeviklərin səxavət göstərib saxladıqları dövlət çoxalmaq əvəzinə haram dəydiyindən qırılmışdı, cəmi bir inək qalmışdı. Molla Məhəmməd ləngimədən onu götürüb Ağdam bazarına aparır və 35 pud arpaya sataraq, ailəsi üçün bir müddət azuqə toplayır.

Bolşeviklər Molla Məhəmmədə ciddi nəzarət edirdilər. Onun artıq geniş miqyasda maarifçilik planlarının qarşısı alınmışdı. Lakin buna baxmayaraq onun nüfuzu artıq təkcə kənd və rayon miqyasında deyil, eləcə də bütün Qarabağ zonasında, ətraf rayonlarda, Azərbaycanın demək olar ki, bütün ərazisində yayılmışdı. İndi hər gün onun qapısına qonaq atıları bağlanılır, evində çoxlu qonaqlar qalırdı. Gələnlər çox müxtəlif taleli adamlar idi – taleyi üzünə gülməyənlər, ağlını itirənlər, başına hava gələnlər, övlad üzünə həsrət qalanlar və s. Molla Məhəmməd öyrəndiyi dini və dünyəvi biliklərin sayəsində xeyirxah, xoş məqsədli hər bir işdə hamıya təmənnasız xidmət göstərirdi. Fərqi yoxdu nə olsun, əsas şərt o idi ki xoş niyyətlə olsun, o, hər bir allah bəndəsinə kömək edirdi. Dini və dünyəvi  elmlərin mənfi istiqamətdə, bəd niyyətlə də bir çox işlər üçün tətbiq olunduğunu bilsə də, Molla Məhəmməd bir alim kimi bu əməllərin edilməsinə qarşı çıxmış, onun allah və cəmiyyət qarşısında böyük günah olduğunu qeyd etmişdir.

Bolşevik rejimi uzun və məşəqqətli yolla aldığı təhsilin geniş tətbiqinə Molla Məhəmmədə imkan vermirdi. İndi yalnız ondan kömək və şəfa umanlara əl uzada bilərdi, bir də ölü basdırmaq, quran oxumaq kimi sırf ənənəvi mollalıq işləri. Amma təəssüflər olsun ki, heç buna da sərbəst imkan verilmirdi. Sovet rejiminin «qulbeçələri» Molla Məhəmmədin quran oxuyan olduğunu, yaxud evində xalqın balalarına təmənnasız dini təhsil verdiyini biləndə, gedib qamçı «vuranlara» xəbər veridi, bunun ardınca da sovet rejiminin yuxarı təşkilatlarına danoslar göndərilirdi. İş o yerə qalmışdı ki, kənddə kimsə vəfat edəndə, meydi mollasız dəfn edirmişlər. Molla Məhəmməd isə gecə camaat yatdıqdan sonra qəbiristanlığa gedər və rəhmətə gedən üçün quran oxuyar, namaz qılar, mərhumun o dünyasının abad olunmasına çalışarmış. Hətta o evdə qamaz qılan, yaxud quran oxuyan zaman qapını bağlayar, bacanı palanla örtərmiş ki, dinsizlər görməsin. Ancaq bu qədər sıxışdırılmaya, incidilməyə baxmayaraq Molla Məhəmməd heç zaman əqidəsindən dönməmiş, saleh bir alim, sadiq bir allah qulu kimi yaşamışdır. Uzaqgörən alim dinin çox naziləcəyini, amma heç zaman üzülməyəcəyini, rejimin ömrünün uzun olmayacağını təkrar-təkrar söhbətlərində deyirmiş. Bir vaxt oruc tutub, namaz qılanlara lağ və rişxənd eləyənlərin bu gün dinə qayıtdıqlarını və dinin yaşıl rəngindən qara çalarların silindiyini gördükcə böyük alim, mütəfəkkir, fədakar dindar olan Molla Məhəmmədin nə qədər uzaq görən olduğunun fərqinə varmamaq mümkün deyil.

Ağsaqqallar deyirdi ki, Molla Məhəmməd təkcə dini elmləri deyil, həm də dünyəvi elmləri çox yaxşı bilirmiş. Sovet məktəbində müəllimlik etməkdən imtina etsə də, məktəbə, onun şagirdlərinə, müəllimlərinə köməyini heç zaman əsirgəmirmiş, onlara dahim dəyərli məsləhətlər verirmiş. Rəhmətlik Mirzəxan həkim deyirdi ki, Kəlbəcər rayonunda riyaziyyatı ən yaxşı bilən iki nəfərdən biri Molla Məhəmməd idi. Müəllimlərin həll edə bilmədiyi riyazi məsələlərin, xüsusilə o dövrün qapalı konvertlərində mərkəzdən gələn imtahan məsələlərinin düzgün həllini öyrənmək üçün həmişə Molla Məhəmmədə müraciət edirmişlər. Mirzəxan həkim bunun üçün Kəlbəcərdən Başlıbelə at sürüldüyündən danışardı…

Molla Məhəmmədin Başlıbel kəndində açdığı mədrəsə tezliklə bağlanılsa da, onun şagirdləri dini elmləri öyrənməkdən əl çəkməyərək öz evində, onun məclislərində biliklərini zənginləşdirmişlər. Beləliklə, əslində bir Molla Məhəmməd məktəbi formalaşmışdır. Sonralar Başlıbeldə, həmçinin Kəlbəcərin digər kəndlərində, xüsusilə Ağcakənddə, Orucluda, Qaraxançallıda, Şahkərəmdə və s. tanınmış dindarlar, quran oxuyanlar, axund və mollalar əslində Molla Məhəmməd məktəbinin yetirmələri olmuşdur. Öz elinin ağsaqqalı səviyyəsinə yüksələn bu əqidəli insanlar hər bir məclisdə Molla Məhəmməddən söz salmış, onu xoş xatirələrlə yad etmiş və onun məktəbinin yetirmələri olduqlarını fəxrlə bildirmişlər. Hər hansı bir dini məsələ, hədis, quran ayəsinin təsviri və s. barədə mübahisə yarandıqda, indinin özündə də – “bu barədə rəhmətlik Molla Məhəmməd belə deyərdi” – deyə izahat verən ağsaqqalın rəyi sözsüz qəbul olunur və bütün şübhələrə son qoyur.

Ömrünü dini elmlərin öyrənilməsinə və cəmiyyətin tərəqqisi üçün tətbiqinə sərf edən, amma təəssüflər olsun ki, ideyalarını dövrün anormallığı, rejimin allahsızlığı ucbatından gerçəkləşdirə bilməyən, hərtərəfli dünyagörüşünə malik alim, fədakar dindar, yorulmaz mütaliəçi, sadiq allah qulu olan Molla Məhəmməd 1969-cu ilin oktyabr ayının 19-da dünyasını dəyişmişdir. Öz vəsiyyəti ilə ömrü boyu ayrılmadığı kitabxanasının bir sandıq kitabı da Başlıbel kənd qəbristanlığında özü ilə dəfn edilmişdir. Əslində böyük alim bununla bir sandıq müqəddəs kitabın ölümündən 24 il sonra, dünyanın ən dinsiz və ən murdar milləti olan ermənilər tərəfindən haramlanmasının qarşısını almışdır. Qalan bütün kitabxanası, o cümlədən onun şəxsi arxivi, diplomları və bütün digər sənədləri 1993-cü ildə erməni işğalından sonra haramlandı, darmadağın edildi və yandırıldı.

Bu günki dini biliklərimizə söykənərək, ümid edirik ki, bu dünyada çəkdiyi məşəqqətlərin, əziyyətlərin müqabilində əqidəsini, mənliyini qoruya bildiyinin mükafatı olaraq mərhəmətli Allah bu sadiq qulunu özünə layiq axirət dünyası ilə mükafatlandırmışdır. Allah rəhmət eləsin, ay Molla Məhəmməd! Məkanın cənnət olsun!

Qeyd: Məqalə özümün və ailəmin bildiklərindən, atamdan eşitdiklərimdən başqa əmilərimin, xüsusilə Həsən Mirzəyevin, Molla Məhəmmədin nəvəsi Hilal Qədimovun, kənd və rayon ağsaqqallarının söhbətləri əsasında 1999-cu ildə tərtib edilmişdir.

Hüseyn MİRZƏ

Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent

Bakı, 2013

2 thoughts on “Zülmət dünyasının BİÇARƏ nuru”
  1. Allah rəhmət eləsin. Doğrudanda böyük şəxsiyyət olub Molla Məhəmməd. O kisşilərin yolunu layiqincə davam etdirməyi Allah bu günki gənclərdə qismət etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »