![]()
“Vətəndaşların müraciətləri haqqında qanun layihəsinin 3.0.14-cü maddəsində elektron müraciətin izahı qeyd olunub. Yeni təklif olunan dəyişikliklərə əsasən, müraciətlərin elektron hökumət informasiya sistemi vasitəsilə təqdim olunması qanunvericiliyə daxil edilib”.
Bashlibel.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov “Vətəndaşların müraciətləri haqqında” qanununda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirdi.
Deputat təklif etdi ki, bu maddədə daha məqsədəuyğun olar ki, “subyektin və ya onun vəzifəli şəxsin elektron ünvanına göndərilən” sözləri “rəsmi elektron ünvanına göndərilən” sözləri ilə əvəz olunsun:
“Çünki nəzərə alsaq ki, vəzifəli şəxsin bir neçə e-mail ünvanı ola bilər və onun qeyri-rəsmi elektron ünvanına göndərilən müraciət bəzən vətəndaş müraciəti kimi qeydə alınmaya bilər. Bu yanaşma bir sıra ölkələrin praktikasında da tətbiq olunur. Ona görə “rəsmi elektron ünvanına göndərilən” ifadəsinin qeyd olunması daha məqsədəuyğun olar. Qanun layihəsinin 6.3.4-cü maddəsində vətəndaşın müraciətinin cavablandırılması formasının onun müraciət formasına uyğun olması daha məqsədəuyğundur. Yəni əgər vətəndaş elektron formada müraciət edibsə, dövlət qurumu tərəfindən cavabın da elektron formada təqdim olunması daha düzgün olar. Qanun layihəsinin 6.8-ci maddəsində elektron sənəd formasında göndərilən müraciətin təkmil sertifikatlaşdırılmış elektron imza ilə təsdiq olunması nəzərdə tutulur. Mən təklif etmək istərdim ki, elektron imza ilə yanaşı “ASAN İmza” da ayrıca olaraq bu maddədə qeyd olunsun. Çünki hazırda 2015-ci ildən etibarən 512 mindən çox ASAN Imza sertifikatı verilib. Bu baxımdan, “ASAN İmza”nın ayrıca qeyd olunması və onunla təsdiqin hüquqi olaraq təsbit edilməsi məqsədəuyğundur.
Qanun layihəsinin 7.6-cı maddəsində elektron müraciət edən şəxsə cavabın təqdim edilməsi forması dəqiq göstərilməyib və cavabın poçt vasitəsilə göndərilməsi nəzərdə tutulur. Mən təklif etmək istərdim ki, vətəndaşın müraciət formasına uyğun cavablandırma prinsipi tətbiq edilsin. Yəni vətəndaş elektron müraciət edibsə, cavab da elektron formada, poçt vasitəsilə müraciət edibsə, cavab da poçtla təqdim olunsun. Qanunun 10.2-ci maddəsində vətəndaş müraciətlərinə baxılma müddəti 15 iş günü, bəzi hallarda isə 30 iş günü olaraq qeyd edilib. Lakin nəzərə alsaq ki, 2015-ci ildən bu yana rəqəmsallaşma və elektron xidmətlər genişlənib, eləcə də elektron hökumət sistemləri təkmilləşdirilib, bu müddətlərin yenidən qiymətləndirilməsi məqsədəuyğun olar. Elektronlaşma imkanları nəzərə alınaraq baxılma müddətlərinin azaldılması vətəndaşların müraciətlərinə daha operativ cavab verilməsinə şərait yaradar”.
Bashlibel.az