Azərbaycanda pensiya yaşı artırıla bilər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Trend”ə məlumat verilib. Nazirlikdən bildirilib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də həyat şəraitinin yaxşılaşması, səhiyyənin inkişafı və tibb xidmətlərinin beynəlxalq standartlara uyğun təşkili, habelə elm və texnologiyanın inkişafı ilə əlaqədar iş və həyat təhlükəsizliyinin yüksəlməsi nəticəsində gözlənilən orta ömür uzunluğu davamlı olaraq artır. Nazirlik və Dünya Bankının hesablamalarına əsasən, 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcək. Yəni pensiya ödənişi müddəti daha da artacaq. Onu da qeyd edək ki, pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, regionda yerləşən və sosial-iqtisadi inkişaf səviyyəsi təqribən Azərbaycanla oxşar olan ölkələrdə, eləcə də əksər dünya dövlətlərində orta ömür uzunluğunun artımına mütənasib şəkildə artırılır. Həmin ölkələrdə də gələcək perspektivdə yaş həddinin daha da artırılması hədəflənib. Bəs ölkəmizdə pensiya yaşı artırıla bilərmi? Deputat Vüqar Bayramov düşünür ki, ölkəmizdə pensiya yaşı qadınlar və kişilər üzrə fərqləndirilməlidir. Deputat dedi ki, digər əsas məsələ isə çoxuşaqlı analar üçün pensiya yaşının azaldılmasıdır. Vüqar Bayramovun sözlərinə görə, bütövlükdə Azərbaycanda differensial pensiya yaşının tətbiq edilməsi xanımların daha tez pensiyaya çıxmasının təmin edilməsi vacibdir. Bu qadınların sosial təminatının daha da yaxşılaşdırmasına və xüsən də onların nisbətən yaşlı dövrdə daha çox dəstək əldə etməsinə imkan yarada bilər.
Bashlibel.az