![]()
Məcburi köçkünlük — təkcə evlərin, həyətlərin, bağların itməsi deyildi. Bu, bir millətin yaddaşının, adət-ənənəsinin didərgin düşməsi idi. Ocaqlar söndü, həyətlər səssizləşdi, yollar unuduldu. Amma bir şey var idi ki, o dağınıqlığın içində belə itmədi — insanlığımız, kökdən gələn tərbiyəmiz, milli mentalitetimiz.
Köçkün düşdüyümüz illərdə çox şey itirdik. Amma böyüklərə olan hörməti, müəllimə ehtiramı, körpələrə qayğını, qocalara mərhəməti, süni gülüşlərdən uzaq, təmiz, səmimi münasibətləri qoruyub saxladıq. Çünki bizə bu yolu göstərənlər vardı — ağsaqqallarımız, ağbirçəklərimiz, müəllimlərimiz, həkimlərimiz…
İllər keçdi. Qələbə gəldi. Torpaqlarımız işğaldan azad edildi. Bizim kənd hələ bərpa olunmayıb. Hələ doğma həyətlərimizə qayıda bilməmişik. Nə vaxt dönəcəyik, nə vaxt o kənddə əvvəlki yaşayış bərpa olunacaq — bilinmir. Və bu gözləmə, bu qeyri-müəyyənlik içimizi göynədir.
Məcburi köçkün kimi müxtəlif rayonlara səpələndik. Yataqxana küncündə, uçuq-sökük binalarda yaşadıq. Elə binalarda ki, nə yağışdan qoruyurdu, nə də istidən. Heç bir fəsilə uyğun gəlməyən o şəraitsizlikdə uşaqlar dərs oxudu. Pəncərəsiz otaqlarda, daş kimi döşəmələr üstündə, isinməyən siniflərdə. Amma onlar kitabdan, qələm əzmindən əl çəkmədi. Çünki onlar təkcə oxumurdu — mübarizə aparırdı. Və o yataqxana küncündə böyüyən uşaqlardan neçəsi torpaqlarımızı düşməndən azad etmək və bizi öz ata-baba yurdumuza qaytarmaq üçün döyuşə atılaraq ŞƏHİD oldu, neçəsi alim oldu, müəllim, mühəndis, həkim oldu…
O ağır illərdə formalaşan bir nəsil indi kəndə qayıtmağa hazırdır.
Neçə-neçə ağsaqqal, ağbirçək yurd həsrətlə dünyadan köçdü. Bizə insanlıq öyrədən müəllimlər, şəfa verən həkimlər, çörəyini bölən qonşular bir-bir aramızdan getdi. Amma onların öyrətdiyi dəyərlər itmədi. Həmin dəyərlərlə böyüyən gənclər indi o yurda mütəxəssis kimi qayıtmağa hazırdırlar. Onlar kəndin gələcəyini öz bilikləri ilə qurmağa can atırlar.
O kəndin daşları dağınıq ola bilər. Amma ruhu bizdə yaşayır. Biz o ruhla böyüdük, o ruhla yaşadıq. Gözləyirik — səbir, inam və qürurla. Bir gün o kəndə yenidən həyat qayıdacaq. Təndir çörəyi qoxuyacaq, uşaqlar torpaq üstə qaçacaq, ağac kölgəsində ağsaqqal söhbəti olacaq. Biz bilirik: bu xalq unutmaz, vaz keçməz, dönər.
Çünki bu bizim yaddaşımızın, qürurumuzun və gələcəyə daşınan ümidimizin hekayəsidir.
Yalçın Ağayev
Bashlibel.az
Bashlibel.az