Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
Bashlibel.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamladı. Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək dedi: “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açaraq dedi: “Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir”.
Prezident Şavkat Mirziyoyev, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışdı. “Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”, – deyə Özbəkistan Prezidenti vurğuladı.
Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
– Hörmətli Kasım-Jomart Kemeleviç,
Hörmətli dövlət və hökumət başçıları,
Əziz dostlar,
İlk növbədə, qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edir və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıram. Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibətilə qardaş Özbəkistanı təbrik edirəm.
Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son 2 ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.
Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.
Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.
Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.
Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Hörmətli həmkarlar,
Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.
Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.
Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.
Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi.
2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.
Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.
2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.
2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.
Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.
Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.
Əziz dostlar,
Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.
Təşəkkür edirəm.
x x x
Zirvə görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını qeyd edərək dedi: “Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq dedi: “Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.
Türkiyə Prezidenti Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolla bağlı ardıcıl işlərin görüldüyünü də diqqətə çatdıraraq bildirdi: “Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol Məclisimiz tərəfindən Türk Dövlətləri Əməkdaşlıq Günü olan 3 oktyabr tarixində qəbul edildi. Noyabrın 1-də Protokolun təsdiqlənməsi prosesini başa çatdırdıq. Bütün üzv ölkələri Protokolun ən qısa müddətdə həyata keçirilməsi üçün lazımi addımları atmağa dəvət edirəm”.
Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdi: “Nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm Türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Şərq-Qərb – Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk”.
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq dedi: “Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda, bizim Türkmənistan qazını Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə elektrik enerjisi də nəql etmək imkanımız olacaq”.
Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində xüsusi rolunu vurğuladı. Azərbaycanın uğurlarını görüş iştirakçılarının diqqətinə bir daha çatdıran Viktor Orban bildirdi: “Mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm”.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə görülən işlər haqqında ətraflı məlumat verərək qeyd etdi ki, ötən dövrdə müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub. “İstanbulda BMT-nin Məskunlaşma Proqramının Regional nümayəndəliyinin yaradılmasına dair planlar var. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında tərəfdaşlıq mövcuddur. Xüsusi vurğulamaq istəyirəm ki, sentyabrın sonunda Azərbaycanda Milli Şəhərsalma Forumu uğurla keçirildi”, – deyə Kubanıçbek Ömüralıyev bildirdi.
x x x
Sonra Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı.
Daha sonra mükafatlandırma mərasimi oldu.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim etdi.