
Noybarın 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib. Bu barədə Prezidentin verdiyi Sərəncamda bildirilir ki, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin. Sərəncamdan irəli gələ məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Prezident Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında 2023-cü il ərzində aşağıdakı tədbirlərin həyata keçirilməsinin təşkli əksini tapıb:
- “Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq, əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi.
- Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi.
- Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi.
- Azərbaycan Respublikasının şəhər və rayonlarında “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili.
- Azərbaycan Respublikasının diplomatic nümayəndəlikləri tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi.
- Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilməsi.
- Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin təşkili.
- “Heydər Əliyev İli” çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkili.
- “Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi.
- Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri.
- Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi.
- Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi.
- “Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi.
- Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması.
- Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi.
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması.
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması.
- Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi.
Tədbirlər Planının nəzərdə tutulan işlərin təşkili müvafiq dövlət, hökumət orqanlarına tapşırılır, həmçinin bəziləri Milli Məclisə, Mərkəzi banka tövsiyə olunur.
Bashlibel.az