• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Biz qayıdacağıq

Noy 25, 2022

Loading

Kəlbəcər rayonunun Başlıbel kəndi özünün ziyalıları ilə bütün ölkəmizdə tanınmışdır. Uzun illər Başlıbel kənd orta məktəbində işləyən, lakin 30 ilə yaxın bir müddətdə yurd nisgili ilə Bakı şəhərində yaşamağa məcbur olan, məcbiri köçkünlük şəraitində yaşamasına baxmayaraq gənc nəslin təlim-tərbiyəsində öz müəllimlik missiyasını layiqincə yerinə yetirən “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” adına layiq görülmüş, bir sıra digər titullar və mükafatlar qazanmış, hal-hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən Hüseyn Şahbəndəyevin bashlibel.az saytına göndərdiyi məktubu oxucularımıza təqdim edirik:
Azad Kəlbəcərin 2 yaşını sevinc qarışıq, naşükürlük olmasın, bir az sıxıntı ilə uca Allaha şükür edə-edə Bakıda qeyd edirik. Tezliklə ermənilərin, onların bədniyyət, pisməramlı rus-fransız havadarlarının Ağdərədəki yolumuzun üstündən rədd olacağına inam bu sıxıntıdan qurtaracağımıza ümid yaradır. Bu sevinci və bəxtiyarlığı pozmağa çalışan murdarlara qarşı Azərbaycan Ordusunun qəhrəmanlıq ruhuna, Ali Baş Komandanımızın qətiyyətinə, xalqımızın birliyinə güvənirik. Allah yardımçımız olsun!
Həmin sevincli xəbərin coşğusunu yaşadığımız günlərdə Kəlbəcərin azad edilməsi xəbərini bir övlad sevgisi ilə, göz yaşları içərisində qarşıladım. Bu şeir həmin günün yaşantısıdır:

Mən Kəbə istəmədim,
Qibləm Kəlbəcərdədr,
Vəzifə istəmədim,
Rütbəm Kəlbəcərdədir.

Cavanlığım, gəncliyim,
Keçmişim, gələcəyim,
Yorulmağım, dincliyim,
Bəxtim Kəlbəcərdədir.

Ağzımın dadı, tamı
Tutqu, Barıtlı çayı,
Bumbuz suyu, saf balı,
Şəhdim Kəlbəcərdədir.

Tərifi sözə sığmaz
Başlıbelim əlçatmaz.
Dözmüşəm, şükür, qardaş,
Əhdim Kəlbəcərdədir.

Təbiəti heyrətim,
Yenilməyən qeyrətim,
Solmayan məhəbbətim,
Eşqim Kəlbəcərdədir….

Şükürlər olsun! Dostların dəstəyi ilə Başlıbeli ziyarət edə, valideynlərimin, camaatımızın ermənilər tərəfindən darmadağın edilmiş məzarlarına, yandırılmış evlərimizin xarabalıqlarına üz söykəməyə Allah macal verdi.
İnanıram ki, quruculuq, abadlıq işlərinin vüsət aldığı yeni, abad Kəlbəcər öz misilsiz gözəllikləri ilə yenidən dünyanı daha artıq heyrətə salacaq, gələcək nəsillərimiz bu qənirsiz gözəlliklərin sahibi olacaqlar.
Əbədiyyətə qədər sevincini dadmaq nəsibimiz olsun!​​​​​​


Hüseyn Şahbəndəyev

2 thoughts on “Biz qayıdacağıq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »