“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi Başlıbel qətliamının 30 illiyi ərəfəsində Almaniyada tədbir keçirib. İctimai Birlikdən Bashlibel.az-a verilən verilən xəbərdə deyilir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Başlıbel faciəsinin 30-cu ildönümü ilə bağlı Avropada anım tədbirinin keçirilməsi” layihəsi çərçivəsində reallaşıb. Tədbirdə Almaniya ictimaiyyət nümayəndələri, Universitet tələbələri iştirak ediblər.
Almaniyanın Bochum şəhərində keçirilən tədbirdə çıxış edən “UNICEF Bochum”un və “Humanitas Bochum” Mədəniyyət və İdman Mərkəzinin rəhbəri Diter Emmerich Dağlıq Qarabağda törədilən müharibə cinayətləri ilə bağlı ilk dəfədir bu cür müfəssəl məlumat aldığını bildirib.
D.Emmerich mövzu ilə bağlı təklif aldığı zaman müvafiq dəstəyi verməkdən mənmun olduğunu qeyd edib: “Bu gün qapalı bir salonda Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən hadisə ilə bağlı danışırıq. Qarşıdakı illərdə açıq zonalarda Başlıbel faciəsinin qurbanı olan insan taleləri ilə bağlı sərgi təşkil edilə bilər”.
Daha sonra çıxış edən “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Vüqar Həşimov layihə ilə bağlı iştirakçılara məlumat verib.
V.Həşimov layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunduğunu bildirib: “Layihənin məqsədi Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiyi qətliamla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasıdır. Belə ki, 1993-cü ilin 18 aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakininin (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) gülləbaran edilib, sağ qalanlar girov götürülüb. Qətlə yetirilən şəxslərin bir çoxu eyni ailənin üzvləri olublar”.
Daha sonra tədbirdə çıxış edən layihənin eksperti Xalid Kazımov qeyd edib ki, 1993-cü ildə Başlıbeldə insanlıq əlehinə müharibə cinayəti törədilib: “Erməni silahlı birləşmələri öz evlərini tərk etmək istəməyən yaşlı, qadın və uşaqları insanları qətlə yetirib. Başlıbeldə qətlə yetirilənlər arasında 12 yaşlı uşaq da, 102 yaşlı ahıl, I qrup əlilliyi olan şəxs də var. Bu insanların qətlinin yeganə səbəbi isə azərbaycanlı olmalarıdır. Qətlə yetirilənlərdən 4 nəfəri bir ailənin, 2 nəfəri bir ailənin üzvü olub. Başlıbel qətliamı zamanı öldürülən 13 nəfərin məzarı bugünədək tapılmayıb. Kənd ərazisində bütün yaşayış evləri, infrastruktur obyektləri, tarixi və mədəni abidələr dağıdılıb, yandırılıb və məhv edilib. Bu gün artıq Başlıbel kəndi işğaldan azad edilib. Mülki infrastruktura vurulan zərəri bəlkə də bərpa etmək olacaq. Amma qırılan insan talelərini, yaşanan insanlıq faciələrini kompensasiya etmək mümkünsüzdür. Bu müharibə cinayətlərinin qarşısının alınmasına dünya zamanında səssiz qalmasa, əlkə də Başlıbeldən sonra Ukraynada, İsraildə bu gün yaşananlara şahidlik etməzdik”.
Tədbirdə daha sonra iştirakçıları maraqlandıran suallara cavab verilib.
Qeyd edək ki, səfər çərçivəsində tədbir iştirakçılarına Başlıbel qətliamı ilə bağlı alman dilində məlumatın toplandığı buklet və Başlıbeldə törədilən müharibə cinayətləri ilə bağlı ingilis dilində hesabat da paylanılıb. Həmçinin, Almaniyanın Bochum Rur Universitetinin qarşısına gedilərək Başlıbel qətliamı ilə bağlı alman dilində məlumatın toplandığı buklet paylanılıb.
Bashlibel.az
Çox sağ olun. Zəhmət çəkənlərə minnətdaram.Allah Azərbaycan Ordusunu və onun Ali Baş Komandanı İlham Əliyevi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.