Ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər mağaralara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndə pənah gətirmiş hərbi qulluqçular olub. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. 62 nəfərin sığındığı Portda adlanan ərazidəki mağaraları Ermənistan hərbçiləri mühasirəyə alıblar və saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər öldürülüblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən və qaçmağa nail olan 30 nəfər isə yenidən dağlara çəkilib sonrakı tarixlərdə iki qrupa bölünməklə Portda ərazisindən 5 kilometrə yaxın uzaqdakı müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. 29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək bir həftəyə yaxın yol gedərək iyul ayının 22-də Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər. Amma 1 nəfər – II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.
2020-ci ilin 27 sentybarında başlanan Vətən müharibəsi isə Kəlbəcər rayonunun Başlıbel kəndinin də azad edilməsi ilə nəticələndi. 10 noyabrda kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan 25 noyabrda Kəlbəcər rayonunu əsl sahibinə-Azərbaycana təhvil verdi.
Başlıbelin azad edilməsi 1993-ci ilin 18 aprelində törədilən Başlıbel qətliamı ilə bağlı hüquqi, siyasi addımların atılmasına başlanması üçün zəmin yaratmış oldu. Baş Prokurorluqda Başlıbel qətliamına görə cinayət işi açılıb. Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 2021-ci il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilib və 50 santimetr dərinlikdə torpağa basdırılmış, kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkarlanıb. Bundan başqa, istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkarlanmış müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırılaraq rəsmiləşdirilib. Dörd ay davam edən istintaqdan sonra ekshumasiya edilmiş cəsədlərin əvvəlki yerinə qaytarılması və orada dəfn edilməsi barədə qərar qəbul olunub. Qərar sentyabrın 2-də icra olunub.
Qeyd edək ki, Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən ümumilikdə 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı, iki ayağını itirmiş birinci qrup əlil Hüseyn Hüseynovu kəndin mədəniyyət klubunda diri-diri yandırıblar. Kənd sakini, səhhətində problemlər olan Qənaət Ağamirovu kəndin içərisində işgəncə ilə qətlə yetiriblər.
Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi, işğal zamanı 1900-dən yuxarı sakini olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir.
Etibar Ağayev