Otuz bir il bundan qabaq Ermənistan ordusunun silahlı döyüşçüləri tərəfindən vəhşicəsinə qətlə yetirilən Başlıbel kənd sakini 90 yaşlı Mayaxanım Cəlil qızı Qədimovanın nəşi bu günlərdə Başlıbel kənd qəbiristanlığında dəfn edilmişdir. Məlumdur ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı mühasirədə qalan Başlıbel kəndində altmışdan çox dinc sakin işğal olunmuş ərazidə qalmış, olmazın müsibətlər çəkmişlər. Hadisənin iştirakçısı Qədim Qədimov analığı Mayaxanım Qədimovanın son taleyi haqda belə söyləyirdi :
– Aprelin 18-dək hər gün ona yemək və termosda çay aparırdım. Mənə deyirdi ki, bala, gəlmə, ermənilər gəlmişdi, soruşdular ki, sənə çay-çörəyi kim gətirir. Yalandan dedim ki, heç kimim yoxdur, özüm bir təhər sürünə-sürünə hazırlayıram. Ona görə də onun çay-çörəyini gecələr əsgərlərin müşaiyəti ilə aparırdım. Ərzağı ona çatdırmağımı asanlaşdırmaq üçün onu kəndin Portda kahalarına ən yaxın olan sonuncu evə, Hüseyn Əbdüləliyevin evinə köçürmüşdüm. Yeməkləri Portda kahalarında bişirib hər gün ona gətirirdim. Kənardan dayanıb evi xeyli müşahidə edirdik, evdə ermənilərin olmadığına tam əmin olduqdan sonra evə yaxınlaşırdıq. Aprelin 18-də ermənilər Portda kahalarına hücum edib qətliamı törədəndən sonra mən də sağ qalan həmkəndlilərimlə həmin gecə Qaraçanlı kəndinə qaçdıq. Orada da ermənilərlə qarşılaşdığımız üçün Nəbinin Kahasına qaçdıq. Üç gün xəstə qadından xəbərim olmadı. Üç gündən sonra əsgərlərlə onun qaldığı evə gedəndə onu ölmüş gördük. Aprelin 21–də Hümbət kişi, Xasay, Sönməz, Müzahim Gədəbəyli və mən onu Qalaçanın altındakı güneydə dəfn elədik. Müzahim xeyli aralıda əli avtomatlı dayanıb qaravul çəkdi, biz də qəbir qazıb meyiti dəfn elədik. Güney olmasına baxmayaraq qəbir çox asanlıqla qazıldı, bir daş da çıxmadı.
Mayaxanım Qədimovanın dəfnindən üç ay sonra mühasirə şəraitindən sağ-salamat çıxan Qədim Qədimov analığının dəfn olunduğu yerin nişanələri barədə dəfələrlə danışmışdı. 2020-ci ilin noyabrında 44 günlük Vətən Müharibəsi şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdıqdan sonra Mayaxanım Qədimovanın dəfn olunduğu yer barədə sualları Qədim Qədimova daha tez-tez verirdim. Tezliklə doğma Kəlbəcərə gedəcəyimizi səbirsizliklə gözləyirdi. Təəssüflər olsun ki, bu arzusu həyata keçməmiş dünyasını dəyişdi. Dəfndə iştirak edən Xasay Əmralıyev də dünyasını dəyişmişdi. Mayaxanım Qədimovanın nəvəsi Rauf Qədimovun ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş nənəsinin qəbrinin axtarışı iki ilə qədər vaxt apardı. Vaxtı ilə Qədim Qədimovun nişan verdiyi ərazilərdə bir neçə yerdə axtarışlar aparılsa da qəbirdən əsər-əlamət tapılmadı. Rauf Qədimov əvvəlcə Bakı şəhərində müvəqqəti məskunlaşan doxsan yaşlı Hümbət kişi ilə görüşüb söhbət eləsə də onun yaddaşının zəifliyi qəbrin yerini dəqiqləşdirməyə imkan vermədi. R.Qədimov hal-hazırda Şəmkir şəhərində yaşayan Müzahim Gədəbəylini sosial şəbəkələrdə axtararaq onunla əlaqə yarada bildi. Müzahim Sönməz Ələkbərin də dəfndə iştirak etdiyini bildirdi. Rauf Qədimov dəfələrlə Sönməz Ələkbərlə Başlıbelə getmək üçün müvafiq dövlət təşkilatlarından rəsmi icazələr alsa da Sönməz Ələkbərin səhhəti Kəlbəcərə getməyə imkan vermədi. Nəhayət, iyul ayında Sönməz Ələkbər Başlıbel kəndindəki Qalaça ərazisində Mayaxanım Qədimovanın dəfn olunduğu ərazini tam dəqiqliyi ilə olmasa da göstərə bildi. Beş metr sağa, beş metr sola olan bir ərazini göstərərək bildirir ki, buraları qazın, burada olacaqdır. Mayaxanım Qədimovanın nəvələri yorulmadan onun qəbrinin axtarışına çıxırlar. Yeri gəlmişkən, bu inadlı axtarışlarda ailəyə kömək edən Başlıbel kənd sakinləri İsmayıl Cəfərova və Akif Qədimova xüsusi təşəkkürlər düşür. İnadlı axtarışlar öz nəticəsini verir, nəhayət, qəbrin ayaq tərəfindən insan ayaq sümükləri görünür. Rauf Qədimov axtarışı dayandırıb müvafiq dövlət orqanlarına qəbrin tapılması barədə məlumat verdi. Bir neçə gündən sonra müvafiq dövlət orqanları nümayəndələrinin iştirakı ilə qəbrin üstü açılaraq cəsədin qalıqları ekspertizadan keçirilmək üçün Bakı şəhərinə aparıldı.
Nəhayət, otuz bir ildən çox çəkən həsrətə 2024–cü il sentyabrın 21-də son qoyuldu. Mayaxanım Qədimovanın nəşi Portdadakı şəhidlər qəbiristanlığında deyil, öz vəsiyyətinə əsasən, Başlıbel kənd qəbiristanlığında həyat yoldaşı Muxtar Qədimovun qəbrinin yanında torpağa tapşırıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin !
Oqtay SALAHLI