Dəyanət Ağayevə 29.11.2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.11.2024-cü il tarixli qərarına əsasən diplom təqdim edilmişdir.
Bashlibel.az xəbər verir ki, Ağayev Dəyanət Sabir oğlu 1989-cu ildə Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində anadan olmuş, 1993-cü ildə erməni təcavüzü nəticəsində məcburi köçkün düşərək Salyan və Bərdə rayonunda yaşamışdır.
Məcburi köçkünlüklə əlaqədar Dəyanət Ağayevin təhsil həyatı da mürəkkəb olmuşdur. Belə ki, 1995-ci ildə Ataxan Sadıqov adına Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olan Dəyanət Ağayev 3-cü sinfi başa vurduqdan sonra ailəsi ilə birlikdə 1998-ci ildə Bərdə rayonuna köçmüş və 1998-ci ildən Bərdə rayonunda məskunlaşmışdır. 1998-1999 və 2002-2003-cü illərdə Kəlbəcər rayonu 106 saylı tam orta məktəbində, 1999-2002 və 2003-2006-cı illərdə isə Bərdə rayonu Şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəbi müvəffəqiyyətlə başa vuran Dəyanət Ağayev 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetində Tərcümə (ingilis) fakültəsində bakalavr təhsili, 2011-2013-cü illərdə isə həmin univeristetdə eyni fakültə üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsi almışdır. 2014-cü ildə həmin universitetdə German dilləri üzrə fəlsəfə doktorluğu proqramı üzrə əyani doktoranturaya qəbul olmuşdur.
02.03.2022-ci ildə Azərbaycan Dillər Universitetində filologiya üzrə fəlsəfə dokrorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilmiş və 28.02.2024-cü ildə isə açıq müdafiəsi olmuşdur. Nəhayət, ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.11.2024-cü il tarixli qərarı ilə 5708.01- German dilləri ixtisasında filologiya elmləri üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi elmdə qazandığı nailiyyətlərə görə Dəyanət Ağayevi təbrik edir və bundan sonrakı dövrdə elmin daha yeni zirvələrini fəth etməsini arzulayır.
Bashlibel.az