İndiyə qədər azad olunmuş ərazilərə köçən 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.
“Müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. İşğaldan azad olunmuş ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçirilir. Bu günədək Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Füzuli şəhəri, Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərində 2251 ailə, 8612 nəfərin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. Onlardan 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir”, – qeyd olunub.
Bashlibel.az