• Be. Apr 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Deputatlar antiterror tədbirlərini tarixi qələbə kimi dəyərləndirib, Prezidentin təltif olunmasını təklif ediblər

Okt 2, 2023

Loading

Azərbaycan 200 ildən bəri üzərimizə gələn dünya erməniliyini yerlə bir etdi, onların maskası yırtıldı.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, bunu həyata keçirən qətiyyətli Prezidentimizdir: “Prezident bunu Milli Ordumuzla birgə edib. Müzəffər Ali Baş Komandanımız tarix yazmağa davam edib. Bunlar Laçın sərhəd buraxılış məntəqəsinin açılması, antiterror tədbirləri zamanı qazandığımız qələbədir. Təklif edirəm ki, bu tarixi anlar hansısa qərarla əbədiləşdirilsin”.

Deputat Razi Nurullayev qeyd edib ki, 44 günlük İkinci Qarabağ savaşından sonra radikal siyasi və qeyri-siyasi qüvvələrdən ən çox eşitdiyimiz sözlər niyə Laçını azad etmədik idi: “Laçın şəhəri, Zabux və Sus kəndləri nəzərdə tutulduğundan daha tez azad edildi. Prezident İlham Əliyev həqiqətən də qətiyyət və barışmazlıq nümunəsi, o cümlədən diplomatiya bacarığı göstərdi. Bəs niyə Əli Kərimli və digərləri İlham Əliyevi təbrik etmədi, xoş söz söyləmədi, üstəlik zəfərə kölgə salmağa çalışır?! Axı İlham Əliyev Şah İsmayıl Xətai, Nadir şah Əfşardan sonra ilk rəhbərdir ki, torpaq itirmir, torpaq qazanır, dünyaya səs salır və az qala dünya ilə savaşıb qalib gəlir. Bu bizim hamımız üçün fəxr və başucalığı deyilmi? Dünyada bir ölkə göstərin ki, münaqişəni yüz faiz öz xeyrinə həll edə bilsin? Bu nümunəni də Prezident İlham Əliyev yaratdı. Laçın alındı, başladınız “Xankəndi niyə separatçıların əlindədir, niyə antiterror əməliyyatı keçirilmir?” dediniz. Əməliyyat keçirildi, Xankəndi azad edildi, bütün Qarabağda suverenliyimiz bərpa edildi, separatçılar silahlarını təhvil verdilər, qaçıb dağılışdılar və bütün planları yerlə-yeksan oldu. Bunu yaratdığı ordu ilə, inandığı və etibar etdiyi qəhrəman Azərbaycan əsgərinin gücü ilə etdi. Ağılın belə dərk etmədiyi, yuxumuzda belə görmədiyimiz gerçəkliyi yaratdı. Barmağınızı qatlayın görək İsraildən başqa hansı ölkə cinayətkarları, xüsusən də cibində milyardlarla dollar daşıyan və dünyada söz sahibi olan birini tutub başına torba keçirsin? Ruben Vardanyan kimi bir avnatürüstü və terroru dəstəkləyən cinayətkarı tutub damlamaq bilirsiniz nə deməkdir? O, İlon Maskın Mars planetini fəth etmək planından daha üstündür. Bu ağılların kəsmədiyi bir qəhrəmanlıqdır. Nə qədər gec deyil, birlik olun, düşmən dəyirmanına su tökməyin, xalqla, dövlətlə bir olun ki, gələcək nəsillər siyasi tarix kitablarını oxuyanda sizi nifrətlə anmasın! Sonda təklif edirəm ki, Prezident İlham Əliyev üçün bir orden, ad düşünək. O, təvazökar olduğu üçün bir çox səsləndirilən təklifləri qəbul etməyəcək. Bu sahədə təkliflərim çoxdur və onu parlament rəhbərliyi ilə bölüşə bilərəm. Yaxşı olar ki, təkliflər də parlament rəhbərliyi tərəfindən səsləndirilsin və məmnuniyyətlə dəstəkləyəcəm”.

Deputat Tural Gəncəliyev seçicilərinə verdikləri sözləri tuta bildiklərini söyləyib: “Bunlara Ali Baş Komandan İlham Əliyevin və şücaətli ordumuzun sayəsində nail olduq. Amma bununla belə, erməni dairələri müharibəni dayandırmayacaq, informasiya savaşı davam edir. Dünən Kaliforniyada radikal erməni qruplarının üzvləri Azərbaycan və Türkiyə səfirliklərinə hücum ediblər. Eyni hadisələrin biz Avropada yerləşən səfirliklərimizə qarşı da təkrarlanması ehtimalını görürük. Daşnak ideologiyasında olan insanları bu qədər qan axıdılması narahat etmir. Bizim torpaqlarımız suverendir, bu əbədi belə olacaq”.

Deputat Ceyhun Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Vətən övladlarının qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoyulduğunu vurğulayıb: “Bu gün biz artıq rayonlarımızın işğal günlərini deyil, azad olunma günlərini qeyd edirik. Əslində isə Qarabağın Fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza qarşı 300 il boyunca qurulan çirkin, məkrli və hiyləgər planlara son qoydu. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan xalqı başını dik tuta bilir. İllər öncə bizə ermənilər 3 milyondur, sizin sayınız isə 10 milyondur. Niyə torpaqlarınızı azad etmirsiniz? 30 il bundan əvvəl mən və mənim kimi 1 milyon insan barbarcasına öz doğma torpaqlarından didərgin salındı. 90-cı illərin əvvəllərində Azərbaycan çox ağır durumda idi. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən vətəndaş müharibəsi ilə üz-üzə qalmışdıq. İnsanlar ümidsiz və çarəsiz durumda idilər. Ermənilər yolu bağlayaraq insanların xilas olmasına mane olmağa çalışdılar. İnsanlar Araza keçərək xilas oldular”.

Deputat xatırladıb ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan işğalı durduraraq ordu quruculuğu, iqtisadiyyatın gücləndirilməsi istiqamətində mühüm addımlar atdı: “Bu gün cəbhədə müharibə bitsə də, informasiya müharibəsi davam edir. Ermənistan ölkəmizə qarşı çirkin formada başlatdığı qarayaxma kompaniyasını bu gün də davam etdirir. Görünən odur ki, bu siyasət hələ bir müddət davam edəcək. Ermənistanın bu təxribatlarının qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınır. Ancaq qarşıda hələ görəcəyimiz xeyli işlər var”.

Deputat Bəhruz Məhərrəmov bildirib ki, son bir əsrdə Azərbaycanda dövlət idarəçiliyində iki böyük səhv buraxılıb. Birincisi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvanın Ermənistana güzəştə olunması, ikincisi isə Qarabağ və Şərqi Zəngəzurun AXC – Müsavat cütlüyünün xəyanətinə qurban getməsidir: “Hər iki halda da real vəziyyəti anlaya bilən şəxslərə parlamentdə söz haqqı tanınmayıb. 1918-ci ildə ərazilərin Ermənistana verilməsinə qarşı çıxan İrəvandan olan deputatlar Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəylinin etirazlarına qulaq asmayanlar, 1991-ci ildə isə Heydər Əliyevə bu parlamentdə çıxış etməyə imkan verməyənlər, çox rahatlıqla İrəvan, Şərqi Zəngəzur və Qarabağı cılız niyyətlərə qurban verdilər. Bu açıq siyasi deqredasiya idi. Sabah biz Ulu Öndərin xalqın təkidi ilə qayıdaraq prezident seçilməsinin 30-cu ildönümünü qeyd edəcəyik. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi deqradasiya prosesinə “dur!” deyildi. Bu gün Heydər Əliyev yolunun layiqli siyasi və hüquqi varisi cənab İlham Əliyev artıq XX əsrdə tariximizdəki iki ləkədən birinin, AXC-Müsavat xəyanətkar cütlüyünün bu xalqa vurduğu zərbələrin və buraxdığı səhvlərinin nəticələrini aradan qaldırıb. Artıq Qarabağ və Şərqi Zəngəzur azaddır. Az qala bütün dünyaya rəğmən Prezident İlham Əliyev Xankəndində Azərbaycanın Konstitusiya quruluşunu bərpa edib. Azərbaycanı Yevlaxa qədər işğalla hədələyənlər, bu gün Yevlaxda Əliyev mərhəmətinə sığınıb. Bu, ilk növbədə Heydər Əliyevin siyasi kursunun – şəxsən Prezident İlham Əliyevin qələbəsidir. Bu gün dünyada separatizmlə mübarizədə ikinci belə uğurlu və effektiv nümunə yoxdur. Bu gün artıq yeni eraya qədəm qoymuşuq. Artıq qarşımızda Cümhuriyyət dövrünün səhvlərinin aradan qaldırılması vəzifəsi dayanır. Bu gün hamımız Qərbi Azərbaycanlıyıq və 300 mindən artıq qərbi Azərbaycanlı özünün əzəli yurduna qayıdacağı günü gözləyir. Bizim heç kimə ərazi iddiamız yoxdur, eyni zamanda tarixi haqlarımızdan, evimizə dönmək hüququmuzdan vaz keçmək niyyətində də deyilik. Amma qan-qadasız, dinc yolla. Çünki regionun artıq dinc birgəyaşayışıa ehtiyacı var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »