1 sentyabr Milli Məclis seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 10 avqust 2024-cü il tarixində Bərdə şəhəri Mədəniyyət Mərkəzində və Yeni Daşkənd kəndində Folklor evinin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi.
Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, Əziz Kəlbəcərli seçicilər, son 21 il ərzində Möhtərəm Prezident İlham Əliyevin Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Prezidentlik fəaliyyətinin zirvəsi heç şübhəsiz ki, 44 günlük Zəfər müharibəsində doğma Qarabağımızın erməni işğalından azad edilməsi, Şuşamızın, Xankəndinin, Kəlbəcərin və digər yurd yerlərimizin müstəqil Azərbaycana qovuşmasıdır. Ali Baş Komandanın qətiyyəti və uzaqgörənliyi, Azərbaycanın igid oğullarının qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyuldu. Bu gün Kəlbəcərdə olan bərpa-quruculuq işləri ilə bu torpaqlar yenidən dirçəlir. 30 illik işğal dövrü bitdikdən sonra Kəlbəcərin sürətlə dirçəlməsi heyranedicidir. Bərpa və yenidənqurma işlərini daim nəzarətdə saxlayan dövlət başçısı tez-tez işğaldan azad edilmiş ərazilərdə rəsmi səfərdə olur. Təkcə 2023-cü ildə 5 dəfə Kəlbəcərdə rəsmi səfərdə olan dövlət başçısının bu diqqəti və qayğısı rayonun gələcək işıqlı günlərinin carçısıdır. Əziz seçicilərim, mənə etimad göstərib səs verərsinizsə, sizi Mili Məclisdə uğurla təmsil etmək, haqq səsinizi daima uca tutmaq, problemlərinizin həlli üçün məsuliyyətlə çalışacağıma söz verirəm. Doğma Kəlbəcərimizi işıqlı, firavan günlərə çatdırmaq üçün əl-ələ verib birgə çalışacayıq!
Namizədin vəkili şəhid atası şair Ələkbər Ələsgərov, ziyalılardan Natiq Salahov və digərləri çıxış edərək qeyd etdilər ki, Əziz seçicilər, doğma kəlbəcərlilər, bu gün qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Hər birinizi 1 sentyabrda Milli Məclisə seçkilərdə namizədimiz Mircəlil Qasımlıya səs verməyə çağırıram.
Bashlibel.az