![]()
Gəncə Regional Vəkil Bürosunun vəkili, peşəkar hüquqşünas Hünbət Rza oğlu Salahov növbəti uğura imza atmışdır. O, səmərəli vəkillik fəaliyyəti və 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif olunmuşdur.
Hünbət Salahov 1966-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Orta təhsilini doğma Başlıbel kənd orta məktəbində başa vurduqdan sonra, ali təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışdır. 1993-cü ildə doğma torpağından məcburi köçkün düşərək ailəsi ilə birlikdə Gəncə şəhərinə pənah gətirən Hünbət müəllim, hazırda dörd övlad atası olaraq orada yaşayır və hüquqşünaslıq fəaliyyətini davam etdirir.
Peşəkar fəaliyyəti boyu o, hər zaman insanların pozulmuş hüquqlarının keşiyində dayanaraq, ədalətin bərpası naminə fədakarlıqla xidmət etmişdir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov tərəfindən təqdim olunan bu təşəkkürnamə, Hünbət Salahovun uzun illər ərzində hüquq sahəsində göstərdiyi səmərəli xidmətlərin və peşəkarlığının rəsmi göstəricisidir.
Bashlibel.az kollektivi olaraq, dəyərli həmyerlimiz Hünbət müəllimi bu münasibətlə səmimi qəlbdən təbrik edir, ona şərəfli hüquqşünaslıq fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Yalçın Ağayev
Bashlibel.az