![]()
Dövlətə və xalqa vicdanla xidmət etmək hər bir dövlət qulluqçusunun ən ali missiyasıdır. Bu missiyanı uzun illər ərzində yüksək məsuliyyət, peşəkarlıq və vətənpərvərlik nümunəsi ilə yerinə yetirən şəxslərdən biri də Sadıqov Qurban Rza oğludur.
Qurban Sadıqov 15 iyul 1962-ci ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşdur. O, M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək geniş dünyagörüşə və möhkəm peşə hazırlığına yiyələnmişdir.
Əmək fəaliyyətinə Kəlbəcər rayonunun Sarıdaş kənd tam orta məktəbində müəllim kimi başlayan Qurban Sadıqov sonrakı illərdə Kəlbəcər Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində və Kəlbəcər Rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 2 aprel 1993-cü ildə doğma yurdundan didərgin düşərək ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşamışdır.
1993-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə şöbədə müxtəlif vəzifələrdə fəaliyyət göstərmiş, 2001–2018-ci illərdə həmin şöbəyə rəhbərlik etmişdir. Bu dövrdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi, yaşayış şəraitinin yaxşılaşdırılması və dövlət proqramlarının həyata keçirilməsi istiqamətində mühüm xidmətlər göstərmişdir.
2018-ci ildə aparılan struktur islahatlarından sonra Humanitar məsələlər şöbəsi müdirinin müavini, 2019-cu ildən isə Nazirlər Kabineti Aparatında sektor müdiri vəzifəsində çalışaraq dövlət idarəçiliyində öz zəngin təcrübəsini uğurla davam etdirmişdir.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü və 2-ci dərəcəli dövlət müşaviri ixtisas dərəcələrinə layiq görülmüş, həmçinin uzunmüddətli və nümunəvi xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Dövlət qulluqçularının peşə bayramı günündə Sadıqov Qurban Rza oğlunun keçdiyi şərəfli həyat və fəaliyyət yolu dövlətə sədaqətin, xalqa xidmətin və peşəkarlığın parlaq nümunəsi kimi xüsusi ehtiramla xatırlanır. Onun çoxillik fəaliyyəti dövlət qulluğunun yüksək dəyərlərinə sadiqliyin, vətəndaş məsuliyyətinin və dövlətçilik ənənələrinə bağlılığın bariz ifadəsidir.
Evlidir, iki övladı var. Qurban Sadıqovun həyat yolu dövlətə və xalqa xidmət etməyi özünə amal seçmiş dövlət qulluqçuları üçün örnəkdir. Dövlət qulluqçularının peşə bayramı münasibətilə ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.


Yalçın Ağayev
Bashlibel.az