![]()
Bu gün elimizin-obamızın, doğma kəndimizin başıuca ağbirçəyi, hamımızı sevimlisi Məhbubə nənəmizin 100 yaşı tamam olur. Bir əsrlik zaman kəsiyini geridə qoyan bu müqəddəs ömür yolu təkcə bir insanın taleyi deyil, həm də tarixin canlı salnaməsidir.
Məhbubə nənə ömrünün ən gözəl, ən bərəkətli dövrünü Azərbaycanın ən dilbər guşələrindən biri olan, uca dağlar qoynunda məskən salmış Kəlbəcər rayonunun Başlıbel kəndində yaşayıb. O, əslən elə həmin rayonun füsunkar Taxtabaşı kəndindəndir. Gənclik illərində Taxtabaşı kəndindən Başlıbelə gəlin gələn Məhbubə nənə burada tanınmış ziyalı, ömrünü xalqın maariflənməsinə həsr etmiş Şahbəndəyev Məhəmməd müəllimlə nümunəvi bir ailə həyatı qurmuşdur.
Onun ömür-gün yoldaşı Məhəmməd müəllim uzun illər Başlıbel kənd orta məktəbində müəllim, məktəb direktoru və kənd sovetinin sədri vəzifələrində şərəflə çalışmış, kəndin ictimai və mədəni həyatında silinməz izlər qoymuşdur. Təəssüf ki, doğma yurd həsrəti ilə yaşayan Məhəmməd müəllim 2009-cu ildə məcburi köçkünlük ömrü sürdüyü Bərdə rayonunun Qarayusifli kəndində dünyasını dəyişmişdir. Onların Başlıbeldə qurduqları ocağın istisi, bərabər keçdikləri şərəfli yol bu gün də ailəsinin və doğmalarının yaddaşında uca tutulur.
“Müxtəlif çətinliklərə, ağrılı-acılı günlərə baxmayaraq, o, qəlbindəki ümid işığını heç vaxt söndürmədi…”
Taleyin amansız sınaqları və məcburi köçkünlük həyatının çətinlikləri Məhbubə nənədən də yan keçmədi. Doğma yurdundan didərgin düşmək, illərlə qurub-yaratdığı ocaqdan, ömür-gün yoldaşı ilə birgə ucaltdığı ev-eşikdən uzaq qalmaq ağır bir dərd idi. Lakin Məhbubə nənə xarakterindəki mətanəti, dağlara xas olan o sarsılmaz iradəni heç vaxt itirmədi. Ən çətin anlarda belə, ətrafındakılara təsəlli verdi, böyüklük etdi.
Onun ən böyük gücü — sonsuz inamı idi. Məhbubə nənə hər zaman inanırdı ki, haqq-ədalət yerini tapacaq, torpaqlarımız işğaldan azad olunacaq və kəndimizin camaatı yenidən öz doğma yurduna, Başlıbelinə dönəcək. Bu gün onun bu müqəddəs arzusu artıq reallıqdır. Kəlbəcərimiz, Başlıbelimiz azaddır və doğma sakinlərini qarşılamağa hazırlaşır!
Bir əsrlik xeyir-dua
Bu gün 100 yaşlı ağbirçəyimiz Məhbubə nənə, öz müdrik məsləhətləri və nurani çöhrəsi ilə ailəsinin, nəvə-nəticələrinin və bütün kənd camaatının baş tacıdır. Onun keçdiyi şərəfli ömür yolu, hər birimiz üçün bir dözümlülük, sədaqət və vətən sevgisi məktəbidir.
Başlıbel kəndinin fədakar sakini, əziz Məhbubə nənəni 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və hüzur dolu günlər arzulayırıq! Tanrı sənə cansağlığı versin, elimizin duakar çinarı! 100 yaşın mübarək!
Yalçın Ağayev
Bashlibel.az