Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.
Bashlibel.az xəbər verir ki, layihə hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur.
Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişlikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Bundan başqa, dövlət vəsaiti hesabına Azərbaycanda və xarici ölkələrdə ali təhsil almış və Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir.
Qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.
Deputat qeyd edib ki, qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.
Qanun layihəsində yuxarıda qeyd olunan dəyişikliklərlə yanaşı dövlət tərəfindən yetişdirilməsinə zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.
Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı həmin dövrə görə qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif edilib. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bundan başqa, layihədə 20 təqvim ili hərbi xidmət müddətinin tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcəkdir. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Bashlibel.az