Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bashlibel.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında Azərbaycan Respublikası Baş prokurorunun müavini, Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib. Hərbi prokuror qeyd edib ki, o cümlədən müvafiq qurumlarla birlikdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsində, eləcə də ötən ilin istər avqust ayında, istərsə də sentyabr ayında Ermənistanın növbəti təxribatlarının qarşısı alınarkən həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunaraq, aidiyyatı üzrə təhvil verilməsi, sözügedən məsələlərlə əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilib.
Bashlibel.az