Yanvarın 10-da Bakıda Azərbaycan Milli QHT Forumunun ümumrespublika forumu keçirilib. APA xəbər verir ki, forumda ölkədə fəaliyyətdə olan 300-ə yaxın Qeyri-Hökumət Təşkilatının rəhbər və nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni buna qədər baş tutan regional forumlarının əhəmiyyətindən bəhs edib: “Bu forumlarda 250-dək QHT iştirak edib. Bu regional forumlar göstərdi ki, QHT-lər çox böyük potensiala malikdir. Hesab edirik ki, bu forumları davamlı olaraq təşkil edəcəyik”.
Rauf Zeyni çıxışı zamanı Azərbaycan xalqını 7 fevral növbədənkənar prezident seçkilərində fəal olmağa çağırıb.
Daha sonra bir sıra QHT rəhbərləri çıxışlar edib.
Çıxışlarda ölkəmiz üçün əhəmiyyətli nüanslar, tarixi Zəfərimiz, eləcə də növbədənkənar prezident seçkiləri barədə fikirlər səsləndirilib.
Həmçinin QHT-lərin Azərbaycanın haqlı mübarizəsində daim fəal olması diqqətə çatdırılıb.
Qeyd edək ki, Forumda Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədri Vüqar Həşimov, sədr müavini Nurəddin Həşimov və Təftiş Komissiyasının üzvü Səbuhi Ağayev də iştirak edib.
Yekunda Milli QHT Forumunun ümumrespublika forumu bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Azərbaycan Milli QHT Forumu 25 ildir ki, ölkədə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Hazırda Forum öz sıralarında müxtəlif profilli 100-lərlə QHT-ni birləşdirir.
Son 1 ayda Azərbaycan Milli QHT Forumu respublikanın 5 regionunda – Lənkəranda, Qubada, Şəkidə, Gəncədə və Naxçıvanda regional forumlar keçirib, bu forumlarda 250-dən çox yerli QHT iştirak edib. Bu gün regional forumlara ümumrespublika forumu ilə yekun vurulur.
Ölkə üzrə vətəndaş cəmiyyəti təsisatları ilə aparılan bütün müzakirələrdə vahid mövqe və yekdil fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tarixində heç vaxt olmamış miqyasda böyük inkişaf yolu keçib.
Ötən dövrdə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz, etibar, hörmət qazanıb. Dünyada Azərbaycan liderinin hər bir sözü imzası kimi qəbul olunur.
Məhz Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı ilə 30 ilə yaxın işğal altında qalmış bütün torpaqlarımız azad olunub. Şuşada, Xankəndində, Xocalıda Azərbaycan Bayrağı qaldırılıb. Bu, Azərbaycan xalqının tarixində qızıl dövrün açılmasıdır.
200 ilə yaxındır ki, “erməni məsələsi” Cənubi Qafqazda bütün problemlərin kökündə dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bu məsələ birdəfəlik həll edildi. Ermənistan və onun havadarlarının Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaq niyyətləri puç oldu.
Azərbaycanın vətəndaş cəmiyyəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr edir.
Bu gün Azərbaycan dünyada təhlükəsizlik adası, əmin-amanlıq diyarı kimi tanınır. O qədər də uzaq olmayan bölgələri, coğrafiyanı qanlı hadisələr, aramsız böhranlar, təlatümlər bürüyüb. Azərbaycan isə gündən-günə güclənir, inkişaf etmiş dövlətə çevrilmək yolunda sürətlə irəliləyir.
Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti Azərbaycanın bütün uğurlarının təməlində dayanır.
Ölkədə gedən ümumi inkişaf vətəndaş cəmiyyəti üçün də yeni imkanlar açır. Yaradılmış sərbəst və azad mühit QHT-lərin fəaliyyətini, onların təşəbbüslərini önə çıxarır. Hər il yüzlərlə QHT-yə müxtəlif dövlət qurumları qrantlar ayırır. Bu sahədə sistemli dövlət dəstəyi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyi təsis olunub.
Prezident İlham Əliyevin QHT-lərin fəaliyyəti ilə bağlı çağırışları, fikirləri Azərbaycan QHT-lərinə ictimai etimadı gücləndirir, vətəndaş cəmiyyəti qərarların qəbulu proseslərində fəal iştirak edir. İctimai iştirakçılıq ötən 20 ildə xeyli genişlənib. Hazırda 4000-ə yaxın QHT ölkənin ictimai həyatında yer alır.
Azərbaycan QHT-ləri bu gün bir çox sahələrdə cəmiyyət həyatına layiqli töhfələri ilə seçilir, beynəlxalq miqyasda uğurlar qazanırlar.
Azərbaycan Milli QHT Forumu olaraq bəyan edirik ki, ölkəyə böyük tarixi qələbələr qazandıran Prezident İlham Əliyevin siyasətini tam müdafiə edirik, bu siyasətin davam etməsi hər birimizin ümumi arzusu, istəyi, mövqeyidir. Biz Sizinləyik, cənab Prezident!
2003-cü ildən bu yana Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. İlham Əliyev qalib xalqın qalib lideri kimi dünya miqyasında böyük şöhrət qazanıb.
7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri indiyədək olan bütün seçkilərdən fərqlənir. Bu seçkilər ilk dəfə respublikanın bütün suveren ərazisində təşkil olunacaq. Bu, böyük tarixi hadisədir. Azərbaycan Milli QHT Forumu Azərbaycan vətəndaşlarını bu tarixi prosesin bir hissəsinə çevrilməyə, səsvermə günü seçkilərdə fəal iştiraka çağırır”.
Bashlibel.az